Artıq neçə illərdir ki, “Monopoliya” stolüstü oyununun əsas simvolu – silindr papaqlı, gülümsəyən zəngin dayı — cənab Pennibeqs hesab olunur. Amma çox az adam bilir ki, bu oyunun yaranma tarixçəsi sirrlərlə doludur və rəsmi versiya yalnız həqiqətin bir hissəsidir.
Baki-baku.az sizə “Monopoliya” oyununun maraqlı və unudulmuş tarixçəsini xatırladır.
Dünyanın inandığı əfsanə
Yayılan məşhur versiyaya görə, “Monopoliya” oyununu ABŞ-də Böyük Depressiya dövründə işsiz qalan Çarlz Derou adlı bir şəxs ixtira edib. Guya o, bu oyunu düşünüb, sonra “Parker Brothers” şirkətinə satıb və nəticədə milyonçu olub. Bu romantik hekayə onilliklər boyunca “Monopoliya” qutularında və broşürlərdə yer alıb.
Amma tarixçilər bu əfsanəni ifşa etdilər: oyunun əsl müəllifi — Deroudan 25 il əvvəl yaşamış bir qadın, Elizabet (Lizzi) Megi idi.

Əsl yaradıcısı
Elizabet Megi XIX əsrin sonunda nəşriyyatçı ailəsində anadan olub və gənc yaşlarından siyasətə və iqtisadiyyata maraq göstərib. O, mütərəqqi baxışlara malik bir qadın idi: təkbaşına yaşayırdı, stenoqraf işləyirdi və ailə qurmağa tələsmirdi. XX əsrin əvvəllərində Lizzi belə bir oyun yaratmaq qərarına gəlir ki, bu oyun iqtisadi sistemlərin necə işlədiyini aydın şəkildə göstərsin.
Beləliklə, 1903-cü ildə “The Landlord’s Game” adlı stolüstü oyun meydana çıxır. Oyun iki fərqli qayda ilə oynana bilərdi:
Antimonopolist qaydalarla — burada iştirakçılar birlikdə sərvət yaradaraq hamı qalib sayılırdı;
Monopolist qaydalarla — burada yalnız digərlərini müflis edən qalib olurdu.
Məgi bu oyunla sübut etmək istəyirdi ki, birinci model daha ədalətli və insani modeldir. O, bir məktubunda belə yazırdı:
“Bu oyun — torpaqların ələ keçirilməsi sisteminin gerçək bir güzgüsüdür və bunun nəticələrini göstərir. O, bəzi insanların tamahı ucbatından başqalarının əziyyət çəkdiyini nümayiş etdirir”.

İdeyadan oğurluğa
1904-cü ildə Elizabet bu oyuna patent almaq üçün müraciət edir — o dövr üçün bu, qadınlar arasında çox nadir bir addım idi (qadın ixtiraçılar 1%-dən az idi). Bir il sonra oyun Nyu-Yorkda satışa çıxarılır. Tədricən oyun tələbələr, iqtisadçılar və aktivistlər arasında populyarlaşır. Daha sonra Atlantik-Siti şəhərinin kvaker icması onu yerli küçələrin adları ilə uyğunlaşdıraraq dəyişdirir. Məhz bu versiya Çarlz Dərounun əlinə keçir.
Necə olur ki, özgə fikir əfsanəyə çevrilir?
1930-cu illərin əvvəlində işsiz olan Çarlz Dərou dostları vasitəsilə bu oyunla tanış olur. Oyundan ilhamlanaraq onlardan qaydaların bir nüsxəsini istəyir, dizaynda bir az dəyişiklik edir və ideyanı öz ixtirası kimi təqdim edir. Oyun artıq “Monopoly” adı ilə Parker Brothers şirkətinə satılır.
Dərou qısa zamanda varlanır, Parker Brothers isə oyunu kütləvi şəkildə istehsal edərək bütün dünyaya yayır. Elizabet Məgi isə öz ixtirası üçün cəmi 500 dollar alır — və bundan başqa heç bir qonorar əldə etmir.

Unudulan ixtiraçı
Zaman keçdikcə Məginin hekayəsi rəsmi mənbələrdən silinir və “Filadelfiyadan olan dahi” haqqında əfsanə rəsmi versiyaya çevrilir. “Monopoliya” qutularında olan hər broşürdə yalnız Çarlz Dəroun adı “yaradıcı” kimi göstərilirdi.
Yalnız onilliklər sonra həqiqət üzə çıxır. 1970-ci illərdə iqtisad professoru Ralf Anspax, “Antimonopoliya” adlı alternativ oyun yaratdıqdan sonra Parker Brothers ilə məhkəmə mübahisəsinə başlayır. O, bu müddət ərzində Məginin unudulmuş patentlərini aşkarlayır və sübut edir ki, oyunun əsl müəllifi məhz Elizabet Məgidir. Məhkəmə təxminən on il çəkir və nəticədə Məginin adı rəsmi şəkildə tarixə qaytarılır.
Bəs bu gün kim müəllif sayılır?
Buna baxmayaraq, brendin indiki sahibi olan Hasbro şirkəti hələ də oyunun yaranmasını Çarlz Derou ilə əlaqələndirir və tarixi 1935-ci ildən başladığını bildirir. Elizabet Megi isə 1948-ci ildə vəfat edir — vəfatına qədər onun adının bir gün yenidən tanınacağı xəbərini almır.
Bu gün “Monopoliya”nın tarixçəsi təkcə məşhur bir oyunun hekayəsi deyil. Bu, həm də qadınların nailiyyətlərinin necə asanlıqla unudula bildiyini və həqiqətin nə qədər gec üzə çıxdığını göstərən bir xatırlatmadır.
Murad Muxtarov