Bakı küçələrinin adlarını daşıyanlardan biri də Mirəli Qaşqaydır.
Bəs biz, Mirəli Seyidəli oğlu Qaşqayın kim olduğunu bilirikmi?
Baki-baku.az həmin şəxsiyyətin kimliyini təqdim edir.
Mirəli Qaşqay 1907-ci il yanvarın 7-də Gəncə şəhərində anadan olub. 1930-cu ildə Azərbaycan Politexnik İnstitutunun (indiki AzTU) dağ-mədən fakültəsini bitirərək dağ-mədən mühəndisi-geoloq ixtisasını alıb. 1930-cu ildə SSRİ Elmlər Akademiyasının Petroqrafiya İnstitutunun aspiranturasına daxil olub. 1934-cü ildə “İstisu mineral bulaqlarının geoloji-petroqrafik və geokimyəvi səciyyəsinə dair” namizədlik dissertasiyasını müdafiə edib. Kiçik Qafqazın mərkəzi hissəsinin və Talışın hiperbazitləri və bazitlərinin tədqiqinin nəticələri “Azərbaycanın əsas və ultraəsas süxurları” adlı monoqrafiyasında yekunlaşdırılıb. Bu əsərə görə ona 1942-ci ildə geologiya-mineralogiya elmləri doktoru alimlik dərəcəsi verilib.
Akademik M. S. Qaşqay Daşkəsən dəmir-kobalt və alunit filiz yataqlarını öyrənib, Kiçik Qafqazda skarnların alümosilikat süxurların hesabına əmələ gəlməsi, Qafqaz mis və kükürd kolçedanı yataqlarının mənşəyinin intruzivlə deyil, vulkan püskürmələri ilə əlaqədar olması barədə nəzəriyyələr irəli sürüb. Azərbaycanda bir sıra faydalı qazıntı yataqlarının, o cümlədən iri perlit və obsidian yataqlarını ilk kəşf edənlərdəndir. Geokimyəvi tədqiqatlarının nəticələri ona “Azərbaycanın geokimyəvi xəritəsi”ni tərtib etməyə əsas verib.
Onun elmi fəaliyyəti çoxcəhətli olub, mineralogiya və geologiya, tektonika və maqmatizm, petrologiya və metallogeniya, mineral suları və termal sular, stratiqrafiya və litologiya, tikinti materialları və s. elm sahələrini əhatə edib. O, Daşkəsən filiz rayonunun faydalı qazıntılarının və Zəylik alunit yatağının tədqiqatçısıdır. Kiçik Qafqazda və Sibirdə bir sıra metal və qeyri-metal faydalı qazıntı yataqlarını, Kəlbəcərdə obsidian və perlit yataqları kəşf etmiş (A. Məmmədovla birgə) və filizəmələgəlmə proseslərinin bir sıra fundamental problemlərini həll etmişdir. O, respublikada 220-yə mineral və termal mənbələrin olduğu müəyyən edib.
1938-ci ildə Geologiya İnstitutunun (indiki Geologiya və Geofizika İnstitutu), 1945-ci ildə isə Azərbaycan SSR Elmlər Akademiyasının təsisçilərindən biri və Akademiyanın ilk akademik katibi olub. Bir neçə illər ərzində Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutunda filiz yataqlarının mineralogiyası, petroqrafiyası və geokimyası şöbəsinə rəhbərlik edib. Onun təşəbbüsü və köməyi ilə Bakı Dövlət Universitetində geoloji-coğrafiya fakültəsi, petroqrafiya, mineralogiya və kristalloqrafiya kafedrası, geologiya və faydalı qazıntılar muzeyi yaradılıb.
Uzun illər ərzində Geologiya İnstitutunda filiz yataqlarının geokimyası və minerologiya şöbəsinə rəhbərlik etmiş və böyük bir məktəb yaradıb. Rəhbərliyi ilə 35 namizədlik, 10 doktorluq dissertasiyası müdafiə edilib. 600-dən artıq elmi əsərin və 35 monoqrafiyanın müəllifidir. “Azərbaycanın əsas və ultraəsas süxurları”, “Azərbaycan mineral suları”, “Perlitlər və obsidianlar və onların fiziki-kimyəvi xüsusiyyətləri”, “Daşkəsənin petrologiyası və metallogeniyası”, “Alunitlər, onların genezisi və istifadəsi”, “Listvenitlər, onların genezisi və təsnifatı” kimi fundamental əsərlərin müəllifidir. 10 elmlər doktoru və 50 elmlər namizədi hazırlayıb.
M. S. Qaşqay 1977-ci il aprelin 23-də Bakıda vəfat edib və I Fəxri Xiyabanda dəfn olunub.
