Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 02/02/2026

Paylaşın

TARİXİMİZ

Millətin gələcəyi – bu günün gəncləri

İlham Əliyev: “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir! Siz bütün işlərdə mənə arxalana bilərsiniz! Mən də sizə arxalanıram!”    

Milli dövlətçilik, milli-mənəvi dəyərlər tariximizdə gənclər siyasətinin mühüm rolu və yeri olub. Qüdrətli orduların sırasında yer alan, dövlət və hökumət qurumlarının aparıcı hissəsi olan gənclər ölkənin müdafiəsində də mühüm xidmətlər göstəriblər.

Ötən əsrin əvvəlində Şərqin ilk Demokratik Cümhuriyyətini quran “Bir kərə yüksələn bayraq bir daha enməz” nidası ilə yoxdan bir dövlət qurub, bayraq yapan liderlərimiz də onu Azərbaycan gəncliyinə etibar etdi. Həmin gənclik müharibələrdən, repressiyalardan, İkinci dünya müharibəsinin qanlı savaşlarında, milli azadlıq hərəkatının, 20 Yanvar dəhşətlərində, Birinci Qarabağ müharibəsindən keçdi.

Ulu Öndər Heydər Əliyev siyasi hakimiyyətinin hər iki mərhələsində gəncləri önə çəkdi, onları vəzifə pillələrində yüksəltdi, onları dünyanın nüfuzlu ali təhsil mərkəzlərinə təhsil almağa göndərdi. 1997-ci ildə imzaladığı sərəncamla isə gənclər gününü təsis etdi. Bu ölkənin ciddi kadr potensialı olan gənclərə göstərilən etimad, verilən dəyər idi. Ulu Öndərin bu siyasəti ondan sonra Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin fəaliyyətində də uğurla davam etdirildi. Gənclərin sosial rifahının yaxşılaşdırılması üçün mühüm dövlət proqramları hazırlandı, gənclər fondu yaradıldı, könüllülük hərəkatı fəaliyyətə başladı. Bu mükəmməl siyasətin həyata keçirilməsi üçün bütün dövlət qurumları mühüm layihələr gerçəkləşdirdi.

Tarixlə müasirlik arasında körpü

2 Fevral Gənclər Günüdür. Bu əlamətdar tarixi gün siyasi fəaliyyətinin hər iki mərhələsində gənclərə böyük diqqət və qayğı ilə yanaşan, onları millətin, məmləkətin, dövlətin gələcəyi hesab edən Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Hələ ötən əsrin 60-cı illərində siyasi hakimiyyətə gələn Ulu Öndər sağlam düşüncəli yeni bir nəslin yetişdirilməsi sahəsində cəsarətli addımlar atıb mühüm qərarlar aldı. Onların vətənpərvər ruhda yetişməsi, ölkənin intellektual potensialının formalaşması üçün çoxsaylı elm və təhsil mərkəzlərinin təməlini qoydu. Gənclərin böyük bir qismini SSRİ-nin nüfuzlu universitetlərinə təhsil almağa göndərməklə təkcə Azərbaycan Xalq Cümhuriyyətinin elm, təhsil siyasətini uğurla davam etdirmədi, milli dövlətçilik tariximizdə yeni bir mərhələnin əsasını qoydu. Elə həmin əsrin 70-ci illərində Azərbaycanda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin açılması ilə qüdrətli sərkərdələr yetirən Vətən tarixində yeni bir səhifə yazıldı. Bu liseyin açılması gənc nəsildə vətənpərvərlik hisslərinin oyanmasına, hərbi peşəyə marağının artmasına zəmin yaratdı. Üstündən 70 il keçəndən sonra, Cəmşid Naxçıvanski adına Hərbi Liseyinin məzunlarını – 44 günlük Vətən Müharibəsində tarix yaradan igidləri, zabit və generalları, əsgər şərəfini hər şeydən yüksəkdə tutan qəhrəmanları gördükcə Ulu Öndərin bu istiqamətdə aldığı qərarın əzəmətini dərk etdik, anladıq.

Ulu Öndərin aldığı ən mühüm qərarlardan biri

Siyasi hakimiyyətinin ikinci mərhələsində dövlətçilik təlimində yenə də gənclər siyasətinə mühüm əhəmiyyət verən Ulu Öndər gənc nəslin yenidən mütəşəkkil formada yetişdirilməsi üçün tarixi bir qərar aldı: 1994-cü il iyulun 26-da Gənclər və İdman Nazirliyinin təməlini qoydu. Bundan sonra dövlət gənclər siyasəti sahəsində mühüm nailiyyətlərə imza atıldı. 1996-cı il yanvarın 26-da Ulu Öndər Heydər Əliyevin imzaladığı sərəncama əsasən 1996-cı il fevralın 2-də respublikamızda gənclərin ilk forumunun keçirilməsi qərara alındı. 1997-ci il fevralın 1-də Gənclərin I Forumunun ildönümündə Ulu Öndərin fevralın 2-nin Gənclər Günü elan edilməsi ilə bağlı sərəncamı imzalandı. Bu Ulu Öndərin Vətən tarixi üçün aldığı ən mühüm qərarlardan, imzaladığı rəsmi dövlət sənədlərindən biri idi. Ulu Öndər gəncləri tarixlə müasirlik arasında körpüyə çevirməklə yanaşı onları millətin gələcəyi hesab etdiyini dünyaya bəyan etmişdi.

Azərbaycanda gənclər siyasəti yeni mərhələyə qədəm qoydu

  Azərbaycan gəncliyinə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi əhəmiyyət verən, bu siyasəti müasir müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti ölkə gəncliyinin inkişafında dərin izlər qoyub. Ulu Öndər gənclər sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsi məqsədilə bu sahənin zəruri qanunvericilik bazasının formalaşdırılmasının təminatçısına çevrilib.

     Bu səbəbdən də tərəddüd etmədən qeyd edə bilərik ki, Azərbaycanda gənclər siyasəti yeni mərhələyə qədəm qoyub. Ölkə Başçısı Ulu Öndərin gənclər siyasətini uğurla davam etdirir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir. 2003-cü ildən sonrakı dövrdə gənclər siyasətinin inkişaf istiqaməti mövcud ənənələr əsasında daha da təkmilləşdirildi. Gənclərlə bağlı Dövlət proqramları qəbul edildi, 2007-ci il “Gənclər ili” elan olundu, 2011-ci ildə Gənclər Fondu yaradıldı, 2013-cü ildə ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı” təsis olundu, “Azərbaycan Gənclərinin İnkişaf Strategiyası” təsdiqləndi. Gənclər siyasətində milli və dövlətçilik maraqlarının prioritet olması 2020-ci ilin 44 günlük Vətən müharibəsində həlledici rol oynadı. 

Gənclər dünyanın nüfuzlu təhsil ocaqlarında oxuyur, peşəkar kadr kimi yetişirlər

Prezident İlham Əliyevin 2007-ci il 16 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı” və “2022-2026-cı illərdə gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramı” bütün təbəqədən olan gənclərin xaricdə təhsilinə geniş imkanlar yaradıb. Proqram çərçivəsində minlərlə gənc dünyanın ən nüfuzlu təhsil ocaqlarında oxuyur, peşəkar kadr kimi yetişirlər. Azərbaycanda gənclərin məşğulluğunun təmin olunması da diqqət mərkəzindədir. Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın, Fondun vitse-prezidenti xanım Leyla Əliyevanın təşəbbüsü ilə xaricdə və ölkəmizdə reallaşan layihələr Azərbaycanın uğurlarının təbliğində, gənclərlimizin fəallığının artırılmasında və onların fəaliyyətlərinin əlaqələndirilməsində mühüm rol oynayır.

Azərbaycan dünyanın idman ölkələrindən birinə çevrilib

“Sağlam bədəndə sağlam ruh olar!” nidasına söykənən Respublikamızda idmanın inkişafı və onun kütləviliyinin artırılmasına da xüsusi diqqət yetirilir. Bunun sayəsində Azərbaycan dünyanın idman ölkələrindən birinə çevrilib. Hazırda respublikamızda 50-dən çox Olimpiya İdman Kompleksinin fəaliyyət göstərməsi, ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına, Birinci Avropa Oyunlarına, İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi, idmançılarımızın Olimpiya və dünya çempionatlarında uğurlu çıxışları buna əyani sübutdur. Beynəlxalq yarışlarda qələbə qazanan gənc idmançıların layiqincə qiymətləndirilməsi də onların yeni uğurlarında mühüm rol oynayır.

 Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyul tarixli Sərəncam ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı, 2011-ci il 19 dekabr tarixli Fərmanı Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun yaradılması, təməli Ulu Öndər tərəfindən qoyulmuş gənclər siyasətinin uğurla davam etdirilməsinin göstəricisidir. Gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədilə ölkə başçısı tərəfindən 2015-ci il yanvarın 26-da  “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyasının təsdiq edilməsi haqqında Sərəncam imzalanıb. Gənclərlə bağlı bütün məsələlərin geniş əhatə olunduğu bu mühüm sənədin məqsədi Azərbaycanda gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmək, ölkədə könüllülük hərəkatını inkişaf etdirməkdir.

 Azərbaycan gənclərinin potensialının, fəallığının, məsələlərə yeni baxışlarının cəmiyyət üçün lazımlı olduğu nəzərə alınaraq, 2019-cu il dekabr 30-da Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında Sərəncam imzalanıb. Bu tədbirlərin davamı kimi, 2022-ci ilin dekabrında Bakıda Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə Azərbaycan Könüllülərinin V həmrəylik forumu keçirilib.

“Şuşa İli” çərçivəsində Azərbaycan və dünya gənclərinin vahid platforma ətrafında bir araya gəlməsi mühüm nailiyyətlərdən idi

2022-ci ildə Şuşada Diaspor Gənclərinin III Yay, Şuşa və Bakı Gənclər İncəsənət Düşərgələrinin keçirilməsi, orada müxtəlif ölkələrdən çoxsaylı gənclərin iştirakı onların təşkilatlanmasında və diaspor fəaliyyətinin gücləndirilməsində xüsusi rol oynadı. Xaricdə yaşayan gənclərimizin və Azərbaycana dost ölkələrin nümayəndələrinin “Şuşa İli”ndə qədim şəhərdə vahid platforma ətrafında bir araya gəlməsi və ölkəmizlə daha yaxından tanış edilməsi mühüm nailiyyətlərdəndir. Azərbaycan gənclərinin hərtərəfli inkişafına ən yüksək səviyyədə diqqət və qayğının göstəricisi kimi 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə “Yüksəliş” müsabiqəsinin təsis edilməsini göstərmək olar. Müsabiqənin əsas məqsədi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyənləşdirilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılmasıdır. “Azərbaycan Respublikasının Gənclər Fondunun fəaliyyətinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 1 oktyabr tarixli Sərəncama əsasən, Azərbaycanın şəhər və rayonlarında yaşayan gənc vətəndaşların dövlət gənclər siyasətinin tələblərinə uyğun şəkildə hərtərəfli inkişafının təmin olunması, habelə Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini gənc nəslin daha dərindən mənimsəməsi işinə töhfə verilməsi məqsədilə bölgələrdəki Heydər Əliyev mərkəzlərində Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliklərinin yaradılması işi uğurla davam etdirilir.

Qarabağın üzünü görməyən gənclər tarix yazdılar

Tarixin bütün dönəmlərində qüdrətli sərkərdə-xaqanlar yetirən Odlar Yurdu Azərbaycanda “Ordum var, yurdum var!” kəlamı həmişə bir nidaya çevrilib. Qüdrətli ordusu, peşəkar zabitləri, vətənpərvər əsgərləri ilə 44 günlük Vətən Müharibəsində, haqq davasında tarix yaradan Azərbaycan dövləti və xalqı məhz gənclərə söykəndi. Qarabağın üzünü görməyən gənclər Azərbaycan bayrağını Xudafərin körpüsündən, Şuşa qalasından asdı, Şuşanın sərt, sıldırım qayalarını aşıb, ruh bədənə girən kimi Cıdır düzünə vardı. Qəhrəman gənclər ordunun aparıcı qüvvələri kimi tarix yazdılar. Nadir şah Əfşardan üç yüz il sonra dövlətçilik tariximizdə bir ilkə imza atıldı. Odlar Yurdu Azərbaycan Zəfərin, Qələbənin memarına çevrildi.

Şərəf Cəlilli

Bənzər Xəbərlər

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da İndoneziya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Berlian

Ən son

GÜNDƏM

Bu barədə Baki-baku.az-a "Azərişıq" ASC-dən məlumat verilib

GÜNDƏM

Bu barədə Baki-baku.az-a "Azərişıq" ASC-dən məlumat verilib
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin