Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/26/2026

Paylaşın

GÜNDƏM

Mehriban Əliyeva – Zərif və incə diplomatiyası, düşünülmüş siyasəti ilə dünyanı heyrətləndirən dövlət xadimi

Heydər Əliyev Fondunun və Heydər Əliyev Mərkəzinin binaları təkcə memari incilər deyil,  “Böyük Ürəy”in, “Böyük Sevgi”nin ünvanıdır

Milli-mənəvi dəyərlər və milli dövlətçilik tariximizə Birinci xanım İnstitutunun  və Vitse-prezidentlik İnstitutunun qurucusu olaraq yazılan xanım Mehriban Əliyevanın çoxsaylı orden – medalları, fəxri adları və mükafatları olsa da, ikisinin bənzəri və əvəzi yoxdur. Onun biri “Qızıl Ürək”  Beynəlxalq mükafatı, digəri isə Heydər Əliyev ordenidir.  Azərbaycan Mədəniyyət Fondunun, Heydər Əliyev Fondunun prezidenti, Rəqəmsal Şuranın sədri, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti kimi tarix yaradan xanım Mehriban Əliyevanın Ulu Öndər Heydər Əliyevin ünvanına səsləndirdiyi iki tarixi kəlamı var: “Həyatda hər kəsin yerini və rolunu tarix müəyyən edir!”, “Heydər Əliyevin varlığı Azərbaycan xalqı üçün Tanrının tale payıdır!”. Artıq aforizmə çevrilən hər iki kəlamı tərəddüd etmədən  iris və mirası ilə Seyid İmaddədin Nəsiminin “Bu camal, kamal ilə görüb səni,  Qorxdular haqq deməyə döndülər insan dedilər!” nidasının ən gözəl örnəyi olan xanım Mehriban Əliyevanın özünün ünvanına səsləndirmək olar.

Mehriban Əliyeva: “Azərbaycan xalqı çox qədim, zəngin tarixə və mədəniyyətə malik xalqdır”

Soykökü, şəcərə dəftəri ilə ata tərəfdən Əfşarlar və Qacarlar İmperiyasına, ana tərəfdən Zəngəzur bəylərinə və Şirvan şahlarına bağlı olan xanım Mehriban Əliyeva milli mənlik və milli kimlik tariximizə qüdrəti, əzəməti ilə yazılan, tərcümeyi-halı ilə  tarix yaradan qüdrətli Liderlərdəndir. Zərif və incə diplomatiyası, siyasi adam olmasa da, siyasətdə olan,  incə siyasəti ilə dünyanın mizanını, düzənini dəyişən Siyasi xadimlərin siyahısında yer alan xanım Mehriban Əliyeva dəyərlərin əyarı olan Şah əsərləri ilə tarixə yön verənlərin sırasındadır, həm də.  Sivilizasyaları, mədəniyətləri dialoqa, dinləri tolerantlığa səsləyən, zamanı gələndə silahları kitabların əvəz edəcəyinə inanan Azərbaycan Respublikasının Birinci vitse-prezdenti humanist prinsipləri, mərhəmət və məhəbbət dolu duyğuları ilə qloballaşan, müharibələrin və kataklizmlərin burulğanında əriyən dünyanın nicatını birlikdə,  bütövlükdə gördüyündəndir ki, “Görəsən, insanları bir-birini dinləməyə və anlamağa nə mane olur?”  sualı,  “Azərbaycan xalqı çox qədim, zəngin tarixə və mədəniyyətə malik xalqdır”  düşüncəsi ilə Beynəlxalq humanitar forumlara, konfranslara təkcə sərmayə ayırmır,  onların təşkilat komitəsinin sədri,  ideya müəllifi kimi ağır yükün altına çiynini verir. Azərbaycan Respublikasının Birinci vitse-prezdentinin ölkəmizdə və onun hüdudlarında gerçəkləşdirdiyi layihələr təkcə ölkəmizin Beynəlxalq nüfuzunun artırılması, dəyərlərimizin dünyanın maddi-mədəni irsi siyahısına  yazılması ilə müşayiət olunmur, ümumbəşəri prinsiplərə töhfələr olmaqla yanaşı,  həm də dəyərlərin əyarı olan xeyirxahlıq, yaxşılıq kimi duyğuların təbliğinə təkan verir.

Məhəbbətin, mərhəmətin, sadəliyin əzəməti,  ülviyyətin gözəlliyi ilə  yeni dünya düzəni  yaradır

Mədəniyyət hər bir xalqın yaddaşına çəkilən illüstrasiya, rənglər, duyğular, sevgilər  harmoniyasıdır. Genetik kodların diktəsi ilə formalaşan humanist prinsiplər, mənəvi dəyərlər, insanları tolerantlığa, sivilizasiyaları və mədəniyyətləri dialoqa səsləyən duyğular bütövlükdə  dünyanın bağına, daha doğrusu Yaradanla yaradılışın, Tanrı ilə insanın ilgisinə çevrilir.

“Mədəniyyət və incəsənət hər bir xalqın dünyaya özünü təqdim etmək üçün vizit kartıdır!”,  “Dürüstlük, mərhəmət və  yaxşı əməllər  xoşbəxtliyə və harmoniyaya aparan yoldur!” düşüncəsi ilə tarix yaradan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti yaddaş saxlancı,  genetik kodları ilə bu düşüncənin yaranmasına, inkişafına töhfələr verən,  boy və soy müqəddəsliyinə bağlıdır. Elmi-irfan bulağından içən, sarayını sənətin, mədəniyyətin gülzarına çevirən qüdrətli Sərkərdə-xaqanların, ədiblərin, fikir və düşüncə sahiblərinin irsinə bağlı olan  xanım Mehriban Əliyeva  bu səbəbdəndir ki, bütün həyatını bir amal üzərində qurub: Məhəbbət, Mərhəmət, Sadəlik və Səmimiyyət! Sadəliyin əzəmətini, Səmimiyyətin  ülviyyətini yaşayan  xanım Mehriban Əliyeva qüdrətli ictimai-siyasi xadim,  təbib-filosof kimi hansı layihəyə imza atmasından asılı olmayaraq məhz bu qeyd olunan faktlardan çıxış edir. Məhəbbətin, mərhəmətin, sadəliyin əzəməti,  ülviyyətin gözəlliyi ilə  yeni dünya düzəni  yaradır.

Hacı Zeynalabdin Tağıyev:  “Mənim xalqım vəhşi deyildir. Onun qüdrətli tarixi, zəngin mədəniyyəti vardır!” 

Deyirlər, bütün həyatını, sərvətini millətinin maariflənməsi, cəhalətdən qurtuluşu kimi müqəddəs amala həsr edən   Hacı Zeynalabdin Tağıyev çar Nikolayın  tacgüzarlıq mərasiminə dəvət olunur. Tağıyevi Qafqazlı geyimində, qiyafəsində  görən protokol nümayəndəsi düşünür ki,  bu qiyafəli bir qafqazlı yəqin ki, rus dilini bilməz.  Bu səbəbdən də Tağıyevi təqdim edərkən deyir: “Tağıyev, vəhşi xalqın nümayəndəsi!” Tağıyev Çarın hüzurunda sərt bir baxışla dönür, protokol nümayəndəsinə baxır və deyir: “Mənim xalqım vəhşi deyildir. Onun qüdrətli tarixi, zəngin mədəniyyəti vardır!”  Tağıyevin bu sərt baxışı, kəskin cavabı Çara xoş təsir bağışlayır. Həmin anda göstəriş verib protokol nümayəndəsini saraydan sürgün edir…

Bakıya qayıtdıqdan sonra Tağıyev Azərbaycanda ilk teatr binasını tikdirir, Aleksandra qız məktəbinin təməlini qoyur, “Kaspi” mətbəəsini satın alıb milli mətbuatı milli məfkurənin, milli məfkurəni milli dövlətçiliyin təməl prinsipinə çevirənlərin Ruhunun Atasına dönür.  Nəticə etibarı ilə 1918-ci ilin mayında  Şərqin ilk Demokratik Cümhuriyyəti qurulur.

Cəsarət və ləyaqətlə Ulu Öndər irsinə, onun azərbaycançılıq məfkurəsinə sədaqətini nümayiş etdirir

Cümhuriyyət Bolşeviklərin güdazına getdikdən sonra Şura Hökuməti illərində Sovet Azərbaycanını müasir, Müstəqil Azərbaycanın təməl daşına  çevirən Ulu Öndər Heydər Əliyev azərbaycançılıq məfkurəsini dövlət idarəçilik təliminin əsasına çevirməklə  tarixlə müasirlik arasında  körpü olur. 1991-ci ildə Müstəqillik Aktına imza atan Azərbaycan Ulu Öndərin  Siyasi hakimiyyətə qayıdışından sonra  yeni dünya düzəninə inteqrasiya yolunu tutur.  Ulu Öndərin siyasi kürsülərdəki mücadiləsini “İqtisadi potensialımızı intellekt kapitalına çevirməliyik!” nidası ilə siyasi və mənəvi varisi cənab İlham Əliyev,  Zərif diplomatiyasını, incə siyasətini isə “Mədəniyyət və incəsənət hər bir xalqın dünyada özünü təqdim etmək üçün vizit kartıdır” hikməti ilə xanım Mehriban Əliyeva onunla birlikdə inkişaf etdirir. 1994-cü ildə  təməli qoyulan Azərbaycan Mədəniyyət Fondu mədəniyyətimizin kompleks şəklində təbliğinə, ümumbəşəri dəyərlər xəzinəsinə inteqrasiyasına stimul olur.

Dünyanın nəhəng dövlətlərində, mədəniyyət paytaxtlarında keçirilən “Azərbaycan Günləri” Xaqani Şirvani, Nizami Gəncəvi, Seyid İmaddədin Nəsimi,  Mövlana Məhəmməd Füzuli,  Şah İsmayıl Xətai, Cahanşah Həqiqi, Qazi Bürhanəddin, Molla Pənah Vaqif, Xurşudbanu Natəvan, Üzeyir bəy Hacıbəyli, Qara Qarayev, Səttar Bəhlulzadə   kimi qüdrətli simalar yetirən  Azərbaycanın əzəmətini dünyaya yeni biçimdə təqdim edir. Ölkəmizlə bağlı təqdimatlarda bilavasitə iştirak və çıxış edən Azərbaycanın Birinci xanımı cəsarət və ləyaqətlə Ulu Öndər irsinə, onun azərbaycançılıq məfkurəsinə sədaqətini nümayiş etdirir.

Heydər Əliyev iradənin gücü, xarekterin əyilməzliyi ilə tarix yaratdı, o tarixin yaddaşına qüdrəti, əzəməti ilə yazıldı

Müasir Azərbaycanın memarı Ulu Öndər Heydər Əliyev bütün həyatını məsub olduğu millətin, məmləkətin tərəqqisinə, Əbədi İstiqlalının təmin olunmasına həsr etdi. Siyasi hakimiyyətinin hər iki mərhələsində irsi və mirası ilə milli kimlik tariximizdə mühüm rol oynayan qüdrətli simaların adının, xatirəsinin əbədiləşdirilməsi, abidələrinin ucaldılması haqqında qərarlar alıb, sərəncamlar imzaladı. Şah İsmayıl Səfəvidən, Səfəvilər İmperiyasından 500 il sonra ana dilinin konstitusyada  təsbit, hilallı, ulduzlu, üçrəngli bayrağımızın dövlət rəmzi olaraq təsdiq edilməsi,  “Kitabi Dədə-Qorqud dastanı”nın 1300 illik yubileyinin keçirilməsi,  tarixi simalarla bağlı filmlərin çəkilməsi,  Nəriman Nərimanovun, Nəsiminin,  Üzeyir bəyin, Səməd Vurğununun abidələrinin ucaldılması ilə yanaşı  nüfuzlu qələm sahiblərinin ev muzeylərinin qurulması hadisə olmaqla yanaşı, tarixi və tarixi şəxsiyyətlərə münasibətin göstəricisi idi.

Ulu Öndər Heydər Əliyev iradənin gücü,  xarekterin əyilməzliyi ilə tarix yaratdı, o tarixin yaddaşına qüdrəti, əzəməti ilə yazıldı. Ən çətin məqamda, ağır zamanda belə onu sınıb, əyilən görən olmadı. Cəmi üç dəfə bütün dünya onu qəhər , kədər və gözyaşı içində gördü.  Onun biri və birincisi Moskvada Zərifə xanım Əliyeva ilə vida mərasimi, ikincisi  Bakıda onun məzarı üzərində ucaldılan abidəsinin açılışı  zamanı yaşanmışdı. Ulu Öndər Heydər Əliyev üçün Zərifə xanım təkcə sevginin ünvanı deyildi.  Övladlarının anası, nəvələrinin nənəsi,  həm də Əziz Məmmədkərim oğlu Əliyev kimi qüdrətli dövlət xadiminin yadigar idi… 

Ulu Öndər Heydər Əliyev Səməd Vurğunun  “Azərbaycan” şeirini  başqa hərarət və təravətlə deyərdi. Ağrıya-ağrıya,  göynəyə-göynəyə, kövrələ-kövrələ.  O ağrıda Savalanın nisgili, İrəvanın gileyi,  Borçalının kədəri, Dərbəndin həsrəti vardı. Heydər Əliyevi biz üçüncü dəfə birdə ancaq “Azərbaycan” şeirini deyərkən kövrəlib qəhərlənən görmüşdük!

Mehriban Əliyeva gerçəkləşdirdiyi layihələrlə təkcə Ulu Öndər irsinə ehtiramını nümayiş etdirmir, onun adını, imzasını tarixə həkk edir

Azərbaycan Respublikasının Birinci vitse-prezdenti, Heydər Əliyev Fondunun prezidenti  xanım Mehriban Əliyevanın iradəsi ilə ölkəmizdə və yer üzündə qurulan, təməli qoyulan, təmir-bərpa edilən çox, lap çox  abidələr  var.  İkisindən isə yoxdur. Dünya memarlığının Şah əsəri hesab olunan Heydər Əliyev Fondunun və Heydər Əliyev Mərkəzinin binaları təkcə memari incilər deyil,  “ Böyük Ürəy”in, “Böyük Sevgi”nin ünvanıdır. “Həyatda hər kəsin yerini və rolunu tarix müəyyən edir!”, “Heydər Əliyevin varlığı Azərbaycan xalqı üçün Tanrıdan tale payıdır!” nidası ilə Heydər Əliyev irsinə və şəxsiyyətinə sevginin əlaməti olaraq  əzəmətli abidələr ucaldan xanım Mehriban Əliyeva bu rəsmi qurumların xətti ilə ölkəmizdə və dünyada gerçəkləşdirdiyi genişmiqyaslı layihələrlə təkcə Ulu Öndər irsinə sədaqətini, ehtiramını nümayiş etdirmir, hər gerçəkləşən layihə ilə  onun adını, imzasını  daşa, yaddaşa, xatirə lövhələrinə və kitablarına həkk edir. Altından isə Ulu Öndərin ruhunu şad edəcək bir imza qoyur – Mehriban Əliyeva!

Heydər Əliyevin irsi və şəxsiyyəti ilə bağlı bütün yazıları adətən qürur hissi ilə bir fikrlə bitirərəm: “Ulu Öndər Heydər Əliyev sıradan bir dövlət xadimi deyildi. Təhlükəsizlik orqanlarında ən kiçik  rütbədən və vəzifədən ən alisinə qədər yüksəlmişdi. Bu ölkədə kimin, xüsusi ilə hansı fikir, düşüncə və qələm sahibinin nə ilə nəfəs aldığını hamıdan yaxşı, deyərdim ki, daha yaxşı bilirdi.  Sarayına sultanı, varislərinə ananı, nəvə- nəticələrinə nənəni seçəndə övlad məhəbbəti ilə yanaşı, Mir Cəlal təmizliyini, Nəsir İmanquliyev əzəmətini,  Aida İmanquliyeva ülviyyətini, Arif Paşayev özəlliyini də şübhəsiz ki, nəzərə almışdı.

Mir Cəlal: “Kölgədə bitən ağacın, kölgəsi olmaz!”

Ölkənin Birinci vitse-prezdentinin ata babası Mir Cəlalın iki qüdrətli kəlamı var: “Ən böyük nailiyyətim ailəm, ən qiymətli əsərim  övladlarımdır!”, “Kölgədə bitən ağacın, kölgəsi olmaz!”. Ədəbiyyatı ədəbiyyatşünaslardan gözəl bilən Ulu Öndər bir Lider kimi kölgədə bitən ağac olmadığını, SSRİ boyda nəhəng dövlətdə ən Böyük Ağac – “Kölgəlicə Qaba” ağac olduğunu sübut etməklə yanaşı, ən böyük nailiyyətinin ailəsi, ən qiymətli əsərinin də övladları olduğunu dünyaya nümayiş etdirdi. Zərifə xanımla vida zamanı tökülən gözyaşı, Klivlend xəstəxanasından xalqına ünvanlanan “Mən İlham Əliyevə özüm qədər inanıram!” “Azərbaycan xalqının taleyi etibarlı əllərdədir!” nidası dediklərimizə əyani sübutdur.

2003-cü ildən üzü bu yana Azərbaycanın taleyi Ulu Öndərin qeyd etdiyi kimi Etibarlı  Əllərdədir! O əllərin sahibləri 44 günlük Vətən Müharibəsindən sonra  Tarixi Zəfərə imza atan, yaddaşlara Nadir şah Əfşardan 300 il sonra Qələbə memarı kimi yazılan Qurucu İlham və Mehriban kimi yazılan, qanadlarını Qartal Azərbaycanın üstünə elə Qartal kimi sərən Liderlərdir. Ulu Öndərin irsindən,  azərbaycançılıq məfkurəsindən güc alan Liderlər ürək ürəyə, kürək kürəyə söykənib “Azərbaycanın müstəqilliyi daimidir, əbədidir, dönməzdir!” nidası ilə tarix yaradırlar.

Təməlini qoyduğu Heydər Əliyev Fondu ilə Azərbaycanın vizit kartına çevrilən Böyük adam

Bu gün onun günüdür!  İçərişəhər və Şirvanşahlar saray kompleksini, Qobustanın qayaüstü abidələrini, Atəşgah məbədini, Azərbaycan muğamlarını, tarı, sazı, qavalı, Azərbaycan xalısını,  Basqal kəlağayısını,  Çələbi xalısını,  Çövkən oyunlarını dünyanın maddi – mədəni irsi siyahısına yazdıran, “Vaqif poeziya günləri”nə, “Xarıbülbül musiqi festivalı”na yeni nəfəs verən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın!

Onu Ulu Öndər günü, Mir Cəlal günü, Bakı şəhərinin “Bakı” və “Baku” adında aynasını yaradan Nəsir İmanquliyev günü, Şamaxıdakı malikanəsində 150 il öncə Muğam Mərkəzi qurub, sənəti, mədəniyyəti himayə edən Mahmud ağa günü, “Siz deyirsiniz ki, mənim xalqım satqındır, mən onu qəbul edə bilmərəm! İstefa edərəm! Xalqıma şər-böhtan atanlarla bir kürsüdə əyləşmərəm!” nidası ilə Bakı Şəhər Dumasını tərk edən Həbib bəy Mahmudbəyovun, “Azərbaycan sərhədlərinin təhlükəsizliynə məsul olan bir şəxs varsa, o da mənəm! Kimsə bizim torpaqlarda bizə meydan oxuya bilməz!”  cəsarəti ilə general Tomsonun üstünə yeriyən  Cümhuriyyətin ilk Hərbi naziri Xosrov bəy Sultanovun, Andranik Ozanyana Qanlı dərədə dərs verən Laçınlı Sultan bəyin, Milli Firqənin qurucusu kimi Güney Azərbaycanın Türk-Azərbaycan torpağı olduğunu dünyaya nümayiş etdirən Seyid Cəfər Pişəvərinin günü kimi də qəbul etmək olar. Bu gün həm də “Azərbaycan və Heydər Əliyev bir-birinə bağlı qırılmaz tellərdir!”, “Hakimiyyətə qarşı müxalifətdə olmaq olar, lakin öz ölkəsinə qarşı müxalifətdə olmaq lazım deyil. Bu ən dəhşətli haldır!”, “ Dəyər və ləyaqət hər şeydən üstündür” düşüncəsi ilə  insanlara doğru, düz olan yolu göstərən, bütün ruhu, duyğuları,  sevgiləri ilə Azərbaycan olan, təməlini qoyduğu Heydər Əliyev Fondu ilə özünün dili ilə desək Azərbaycanın vizit kartına çevrilən Böyük adamı – xanım Mehriban Əliyevanı duyanların, anlayanların, onun açdığı cığırla addımlayanların, gördüyü hər bir işə məsuliyyət və ləyaqətlə yanaşanların günüdür!

Şərəf Cəlilli

Bənzər Xəbərlər

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bəzən bir şəhərin yaddaşı hansısa qoxuda, bir musiqidə, hətta sadə bir dilim tortda gizlənir.

Ən son

TARİXİMİZ

Bu gün – 26 avqust Azərbaycanda Laçın Şəhəri Günü kimi qeyd olunur.

TARİXİMİZ

Bu gün – 26 avqust Azərbaycanda Laçın Şəhəri Günü kimi qeyd olunur.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin