Mavriki adasının cənub-qərb sahillərində dünyanın ən qeyri-adi yerlərindən biri yerləşir. Le-Morn yarımadasının yaxınlığında su sanki qırılır və böyük bir axınla okeanın qaranlıq dərinliklərinə tökülür. Yüksəklikdən baxanda elə görünür ki, dənizin altında nəhəng bir şəlalə var. Əslində isə burada həqiqi şəlalə yoxdur. Bu, qum, okean axınları, şəffaf su və dənizin dibindəki xüsusi relyefinin yaratdığı nadir optik illüziyadır.
Bu mənzərənin yaranmasında əsas rolu açıq rəngli qum oynayır. Okean axınları qumu dayaz sahil laqunundan (red. – okean və ya dənizdən ensiz qum xətti ilə ayrılmış dayaz su hövzəsi) tədricən açıq okeana doğru aparır. Qum dəniz dibindəki təbii kanallar və çökəkliklər boyunca hərəkət edərək uzun, açıq rəngli zolaqlar yaradır. Bu zolaqlar aşağıya tökülən su axınlarını xatırladır. Dərinliklər arasındakı fərq isə effekti daha da gücləndirir. Qumlu dibin üzərində su parlaq firuzəyi rəngdə görünür, dərin yerlərdə isə tünd göy rəng alır. İnsan gözü bu rəng keçidini nəhəng sualtı uçurum kimi qəbul edir.

Buna görə də bu hadisəni şəlalə deyil, sualtı “qum şəlaləsi” adlandırmaq daha doğru olardı. Burada su şaquli şəkildə aşağı tökülmür. Qum və xırda hissəciklər maili dəniz dibi boyunca yavaş-yavaş hərəkət edir. Bu illüziyanı ən yaxşı yüksəklikdən — helikopterdən, hidrotəyyarədən və ya drondan görmək mümkündür. Çimərlikdən və ya qayıqdan bütün mənzərəni tam şəkildə görmək olmur. “Şəlalə” xüsusilə açıq və günəşli havada daha aydın görünür. Günəş şüaları şəffaf sudan keçərək okeanın müxtəlif rəng çalarlarını daha parlaq göstərir. Mavriki vulkanik mənşəli adadır və milyonlarla il əvvəl formalaşıb. Ada Maskaren sualtı platosunun yaxınlığında yerləşir. Dayaz ərazidən kənarda okeanın dərinliyi tədricən artır və bəzi yerlərdə dörd min metrdən çox olur. Lakin Le-Morn yaxınlığında suyun birbaşa belə böyük dərinliyə töküldüyü barədə yayılan fikir şişirdilmiş məlumatdır.

Qeyri-adi optik illüziyanın yaxınlığında hündürlüyü təxminən 556 metr olan Le-Morn-Braban dağı ucalır. Həmin dağ XVIII və XIX əsrlərdə əsarətdən qaçan qullar üçün sığınacaq rolunu oynayıb. Bu gün Le-Morn azadlıq və müqavimət rəmzi hesab edilir. Onun mədəni landşaftı UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. “Sualtı şəlalə”nin özü UNESCO siyahısına daxil deyil. Buna baxmayaraq, dağ, mərcan laqunu və firuzəyi okeanla birlikdə Mavrikinin ən tanınmış və gözəl mənzərələrindən birini yaradır. Bu məkan bir daha sübut edir ki, təbiət həqiqi şəlalə və uçurum olmadan da insanı heyrətləndirən mənzərələr yarada bilər. Bunun üçün sadəcə qum, işıq, dərinlik və okeanın hərəkəti kifayətdir ki, insanın gözləri qarşısında əsl təbiət möcüzəsi canlansın.
Hacı Cavadov