Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/07/2026

Paylaşın

TARİX

Marşal Jukov – İkinci Dünya Müharibəsinin taleyini həll edən Sərkərdə

Stalin Jukova inanırdı, bilirdi ki, Jukov olan yerdə qələbə var. Digər yüksək rütbəli hərbçilər, dövlət adamları bir yana idi, Jukov bir yana

Mümkün olmayanları mümkünə çevirən, “Orduya və Xalqa müraciət edərəm!” nidası ilə yeri yerindən oynadan marşal Jukov Stalin, Molotov, Rokosovski, Əziz Əliyev kimi faşizm üzərində qələbənin memarkarından birinə çevrildi. 1945-ci il iyulun 24-də Moskvada, Qırmızı Meydanda SSRİ-nin faşizm üzərindəki qələbəsinə həsr olunan ilk hərbi parad baş tutur. 30 mindən çox hərbçinin iştirak etdiyi təntənəli mərasimin komandanı marşal Konstantin Rokosovski idi.

Paradı at üzərində qəbul edən Marşal isə İkinci Dünya Müharibəsində müdafiə naziri kimi tarix yaradan, İosif Stalindən sonra ikinci yer tutan marşal Georgi Jukov idi. Qüdrəti, əzəməti, şöhrəti ilə zirvələrdə cövlan edən marşal Jukov bir müddət sonra generalissimus İosif Stalin və çevrəsi tərəfindən təqiblərə məruz qalaraq tutduğu vəzifədən uzaqlaşdırılır.

Onun bir hərbçi kimi qüdrəti İkinci Dünya Müharibəsində üzə çıxdı

Marşal Jukov 1896-cı ildə Kaluqa vilayətində, Strelkovka kəndində anadan olmuşdu. Uşaq yaşlarından öncə doğulduğu kənddə, sonra isə Moskvada müxtəlif işlərdə çalışmışdı. Birinci Dünya Müharibəsi başlayandan sonra Orduya çağrılan Jukovun karyerasında mühüm mərhələ başlamışdı. 1917-ci ildə baş tutan Oktyabr İnqilabından sonra Kommunist Partiyasının sıralarına daxil olan Jukov Qırmızı Orduya qoşulur. 1918-1921-ci illərdə Rusiya Vətəndaş Müharibəsi dövründə xüsusi fəallıq göstərir. Onun bir hərbçi kimi qüdrəti İkinci Dünya Müharibəsində üzə çıxır. Bu dəhşətli müharibənin gedişini dəyişən qüdrətli sərkərdə kimi tarixə yazılır.

1941-ci ilin iyunun 22-də Almaniya SSRİ-yə hücum edir. İldırım sürətli müharibə taktikasına əsaslanan Alman qoşunları qəfil zərbə ilə Sovet Ordusunu ciddi məğlubiyyətə uğradır. Qısa zaman kəsiyində, cəmi bir neçə həftəyə Almanlar Kiyev və Leninqrad şəhərini mühasirəyə alırlar. İyunun 29-da Kremldə keçirilən müşavirədə Ali Baş Komandan İosif Stalinin əmri ilə Georgi Jukov SSRİ Ordusunun Baş Qərərgah rəisi təyin edilir. Elə həmin müşavirədə Jukov ordunun Kiyev şəhərindən geri çəkilməsi haqqında qərarını ifadə edir. Müharibənin müqəddəratını həll edən qərarını məntiqi şəkildə əsaslandıran Jukovun az qala göstəriş və əmr formasında səsləndirdiyi fikir Stalini özündən çıxarır: “Yoldaş Jukov, siz bu axmaq fikrinizlə Kiyevi təslim etməyə özünüzdə necə cəsarət tapırsınız?” Stalinin kəskin ifadəsinə Jukov peşəkar hərbçi qüdrəti, əzəməti ilə cavab verir: “Yoldaş Stalin, əgər mən bir Baş Qərərgah rəisi kimi axmaq fikirlər deyirəmsə deməli öz yerimdə deyiləm! Xahiş edirəm, vəzifədən azad edilməyim üçün göstəriş verəsiniz!” Jukovun müşavirədəki bu ötkəm çıxışı Stalinə istədiyi qərarı aldırır. Jukov Qərargah rəisi vəzifəsindən azad edilərək Leninqrad cəbhəsinə göndərilir. Sonradan isə bəlli olur ki, qərarlarında həmişə qətiyyətli olan və qarşısındakının kimliyindən asılı olmayaraq sözü üzə deyən Jukov həmin müşavirədə səhvə yol verib yanılmayıb.

Jukov: “Yoldaş Stalin, mən buna şübhə etmirəm! Biz Moskvanı təslim etməyəcəyik!”

1941-ci ilin sentyabrında cəmi 2 ay yarım sonra faşist ordusu Kiyevi işğal edir. Bununla da, 600 mindən çox sovet əsgəri və zabiti əsir götürülür. Payızda artıq almanlar Moskvanı üzük qaşı kimi mühasirəyə aldıqda çıxış yolu tapmaqda çətinlik çəkən Ali Baş Komandan İosif Stalin Georgi Jukovu Leninqrad cəbhəsindən Moskvaya dəvət edir və ondan kömək istəyir. Paytaxtın müdafiəsini ona həvalə edir. Oktyabrın 16-da paytaxtın köçürülməsi haqqında qərara imza atdıqdan sonra Stalin Jukovdan soruşur: “Yoldaş Jukov, sizcə qoşunlarımız Moskvanı saxlaya biləcəkmi?” Jukov yenə özünə əmin şəkildə cavab verir: “Yoldaş Stalin, mən buna şübhə etmirəm! Biz Moskvanı təslim etməyəcəyik!” Jukovun bu qətiyyətli cavabı Ali Baş Komandanı təsirləndirir. Ona inanaraq Moskvanı tərk etmir. Jukovun tarixi qərarı ilə müharibənin ən dəhşətli günlərində üstünə od-atəş yağan Moskvadan ayrılmır. Stalin müharibənin ağır vaxtlarında Moskvanı tərk etmədiyi kimi az qala şüara çevriləcək tarixi bir kəlam işlədir: “Mən Jukova inanıram!” Stalin Jukova inanırdı. Bilirdi ki, Jukov olan yerdə qələbə var. Digər yüksək rütbəli hərbçilər, dövlət adamları bir yana idi, Jukov bir yana.

O, yeganə rəsmi sima idi ki, təxirəsalınmaz qərarların verilməsində Stalinin adından danışmaq səlahiyyətinə malik idi

Stalin Ali Baş Komandan kimi Jukovu özünə müavin təyin etmişdi. O, yeganə rəsmi sima idi ki, təxirəsalınmaz qərarların verilməsində Stalinin adından danışmaq səlahiyyətinə malik idi. Müharibə illərində istər ön, istərsə də arxa cəbhədə həlledici sözü Jukov deyirdi.Heç bir müzakirəyə yer qoymamaq üçün istənilən qərarını diqtə edərkən xüsusi olaraq vurğulayırdı: “Birinci ilə razılaşdırılıb!”

Moskva ətrafındakı döyüş, Stalinqrad əməliyyatı, Mozdokdan Reyxstaqa qədər əldə olunmuş qələbələr, Berlinin alınması kimi tarixi zəfərlər məhz marşal Jukovun adı ilə bağlıdır. Müharibə ərzində Jukov hansı cəbhəyə varırdısa almanlar artıq əmin olurdular ki, tezliklə sovet qoşunları hücuma keçəcək. Tarixi mənbələr, İkinci Dünya Müharibəsi ilə bağlı xronikalar sübut edir ki, bu zəfərlər elə-belə, asan başa gəlməyib. marşal Jukovun rəhbərlik etdiyi hərbi əməliyyatlar zamanı 100 minlərlə sovet əsgəri faşist gülləsinə tuş gəlib. “Jukovun qazandığı qələbələri gözü götürməyənlər onun zəfərlərinin əksəriyyətini “Pir Qələbəsi” deyə şərh edirdilər. “Məsələn, elə olub ki, bir adsız təpənin alınması üçün Jukov heç bir ehtiyac olmadan bir diviziyanın əsgərini ölümün ağuşuna atıb, qırğına verib. Həmin əməliyyatlar da iştirak edib sağ qalan bəzi veteranlar bu addımlarına görə onu ittiham ediblər. Jukovun nüfuzuna xələl gətirən digər fakt isə onun Berlinin və digər alman şəhərlərinin qarət olması barədə şifahi əmr verməsi ilə bağlıdır. Almaniya işğal olunduqdan sonra sovet əsgərləri şəhərləri qarət edib. Yerli vətəndaşları incidib (daha doğrusu faşistlərin sovet kəndlərində törətdikləri vəhşiliklərin qisasını qiyamətə qoymayıb. Ş. C.). Bundan başqa marşal Jukov Almaniyadan 19 vaqon qənimətlə dönüb. Bu qənimətlərin arasında qızıl-zinət əşyaları, xəz kürklər, almanların evlərindən götürülən pianolar, müxtəlif geyimlər, hətta alman markalı avtomobil belə olub.” 

“Böyük Üçlüyün”, bir badənin, bir sağlığın qurbanı

Müharibə başa çatdıqdan sonra Jukov Almaniyada Sovet İttifaqı zonasının Ali Hərbi Komandanı, 1946-cı ildə isə Sovet İttifaqı Quru Qoşunları Komandanı təyin edilir. O, marşal şöhrətinin zirvəsində idi və kimsə onun qısa zaman kəsiyində mövqeyini itirəcəyini ağlına belə gətirmir. Jukovun bu şöhrəti bütün məsələlərə şübhə ilə yanaşan Stalinin bir zamanlar inandığı, bir sözünü iki etmədiyi, “Hamı bir yana, Jukov bir yana!”, “Mən Jukova inanıram!” dediyi, təkcə vətənini, iqtidarını deyil, taleyini belə etibar etdiyi Marşalı hədəfə gətirir, ona qarşı ehtiyatla davranmağa vadar edir. 

Tarixi mənbələr sübut edir ki, əslində hər iki mövqe müharibə bitən kimi başlamışdı. Berlin Əməliyyatının Komandanı Jukov Qərb mətbuatında Stalinin varisi olaraq təqdim edilirdi. Bundan başqa, 1945-ci ilin yayında Potstanda “Böyük Üçlüyün” görüşü zamanı maraqlı hadisə baş vermişdi. İngiltərə səfirliyində Uilyam Çörçilin qəbulunda ABŞ prezidenti Truman Stalinin şərəfinə badə qaldırır. Çörçil isə badəni qaldıraraq onu Stalinin deyil, Jukovun şərəfinə içməyi təklif edir. Stalin gülümsəyərək badəni başına çəkib axıra qədər içsə də, bu hadisəni yaddaşına əbədi olaraq həkk edir. Tutduğu mövqedən asılı olmayaraq o, Qafqazlı idi. “Bakı cibgiri”, mümkün olmayanları mümkünə çevirən lider, faşistlərin qorxulu röyası olsa belə…

Şərəf Cəlilli

Bənzər Xəbərlər

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakıda keçirilən "IRONMAN 70.3" triatlon yarışında ilk finişə çatan idmançı müəyyənləşib.

Ən son

Mədəniyyət

“Türk Mədəniyyəti və İrsi Səfiri” fəxri adı türk dünyasının mənəvi birliyinin və ortaq dəyərlərinin möhkəmləndirilməsinə

Mədəniyyət

“Türk Mədəniyyəti və İrsi Səfiri” fəxri adı türk dünyasının mənəvi birliyinin və ortaq dəyərlərinin möhkəmləndirilməsinə
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin