Məlumdur ki, ötən ilin sonunda olduğu kimi aprelin 15-16-da yenidən bütün ölkə ərazisində sürəti saatda 90 km-ə çatan güclü küləklə müşayət olunan şiddətli leysan baş verib. Dünyada baş verən iqlim dəyişiklikləri, təbii fəlakətlərin sayının artması fonunda paytaxtda illik normadan dəfələrlə çox yağan yağış nəticəsində bir sıra yerləri, o cümlədən bir neçə körpü, küçə və əraziləri su basıb, bir neçə fərdi yaşayış evinin dam örtüyü uçub, külək 400-ə yaxın ağaca ziyan vurub.
Baki-baku.az xəbər verir ki, ötən il baş verən hadisələrlə bağlı Bakı Şəhər İcra Hakimiyyəti rəhbərliyinin iştiraki ilə aidiyyəti qurumlarla keçirilən müşavirədə sözügedən problemlər təhlil edilib. Müəyyən edilib ki, Bakı şəhərinin kanalizasiya və yağış sularının ötürülməsi sistemi intensiv yağan yağışın ötürülməsinin öhdəsindən tam şəkildə gələ bilmir. Son illərdə paytaxtda çoxsaylı yeni yaşayış binaların tikilməsi, şəhərin inkişafı, əhali sayının artımı yeni sistemin qurulmasına ciddi zərurət yaradıb. Bununla əlaqədar Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən parallel kanalizasiya və yağış sularını ötürən yeni xətlərin layihəsi hazırlanır.
O da nəzərə alınmalıdır ki, bu layihənin hazırlanması və icrası üçün bir neçə il vaxt tələb olunur. Buna görə də belə halların təkrarlanmasına hazırlıqlı olmaq lazımdır. Bu zaman BŞİH tərəfindən yolların istiqamətinin dəyişdirilməsi və digər zəruri tədbirlər həyata keçiriləcək.