Dünyann məşhur şəhərləri sırasında yer alan, fətih dastanı ilə Şərqlə Qərbin deyil, həm də Şərq-Qərb dəyərlərinin kəsişmə nöqtəsinə çevrilən İstanbulun hər köşəsi tarixin canlı salnaməsidir. Müqəddəslik ünvanı olan, pirlərin, övliyaların, şahların, sultanların, sərkərdələrin və saray əyanlarının uyuduğu məkanlar isə bu gün də dünya insanının diqqətini cəlb etməkdədir.
İstanbulun incisi, mənəvi mirası hesab olunan qalalar, tarixi tikililər, saraylar qədər əzəmətli sayılan türbələrin ziyarətinə gələnlər isə onların möcüzəsini Mədinənin, Məkkənin ülviyyətinə bərabər tuturlar.

Zühurat Baba türbəsi
İstanbulun fəthi dönəmində bizanslılar şəhərin bütün quyularını zəhərlədikdə Osmanlı ordusu susuzluq qayğısı ilə üzləşir. Bu ağır zamanda ağsaçlı, nur üzlü bir müqəddəs ortaya çıxır. Əsgərlər onu qarşılarında gördükləri üçün Zühurat Baba deyə səslənirlər. O, tək bir su tuluğu ilə orduya su paylayır. Savaş başa çatdıqdan sonra isə Zühurat Babanın şəhid olduğunu, ağ, qar kimi bəyaz saqqalının qana batdığını, şəhidlərin arasında yerə sərildiyini görənlər heyrətə gəlirlər. Amma əsl möcüzə onun su tuluğu idi. Zühurat Babanın şəhid düşməsinə baxmayaraq, hələ də onun tuluğundan dumduru, bəmbəyaz, bulaq kimi su süzülürdü. O an hər kəs onun Tanrı tərəfindən müsəlmanlara – Osmalı ordusuna yardım üçün göndərildiyini anlayır və onun müqəddəslərə layiq şəkildə, şəhid düşdüyü yerdə dəfn edirlər. Üstündən illər, əsrlər ötməsinə baxmayaraq, Bakırköydəki bu məzar bu gün də ziyarət edilməkdədir.

Dolmabaxçanın nur bəlgəsi – Əhməd Turani türbəsi
İstanbulun gözəl və özəl guşələrindən olan Beşiktaş yörəsi həm də 6 mənəvi mirası, incisi ilə dünyada məşhurdur: Əhməd Turani həzrətlərinin, Barbaros Xeyrəddin Paşanın, Gözəlcə Əli Paşanın, Yəhya Əfəndinin, Şeyx Zahir Əfəndinin, Tuzcu Babanın türbələrini dünyanın o başından bu başına ziyarətə gələnlər onların məkanları, məqamları önündə təkcə dua edib hüzur bulmurlar, İlahi eşqlə insan sevgisi arasında öz yerlərini və rollarını müəyyən edirlər.
Əldə olunan məlumatlardan bəlli olur ki, Əhməd Turani həzrətləri X yüzillikdə Bizans ordusunun Hammer rəis adlı igid bir sərkərdəsi olub. 1084-cü ildə Malatyada Battal Qazi ilə üz-üzə gəlib. İki sərkərdənin savaşı Battal Qazinin üstünlüyü ilə başa çatıb. Yendiyi igidin başını kəsməyib onu Tanrıya bağışlayan Battal Qazi : “Get, səni and verdiyin Haqqa bağışladım” deyib. Ayağa duran Hammer Rəis Battal Qazinin bu addımını Tanrının mükafatı bilib, İslam dinini qəbul edib, adının Əhməd deyə anılmasını xahiş edib. Bundan sonra o, Battal Qazi ilə kürək-kürəyə mücadilə edərə İstanbulun fəthində tarix yaradıb. Onun türk və islam sevgisini dəyərləndirən Battal Qazinin əmri ilə Hammer Rəis – Əhməd Paşa şəhid düşdüyü yerdə dəfn edilib. Əldə olunan məlumatlardan bəlli olur ki, Sultan Əbdülməcid onu yuxusunda görüb: “Sultanım, qurtar məni” nidası ilə Əhməd Paşa ondan kömək istəyib. Yuxusunun yozumunu dəqiqləşdirən Sultan Paşanın su basmış qəbrinin Dolmabağça sarayının yanına köçürülməsi haqda fərman verib. Bundan sonra Beşiktaşda, Dilmabağça sarayının yanında yer alan türbə Əhməd Turani adlı ziyarətgaha çevrilir.

Barbaros Xeyrəddin Paşa türbəsi – Üç əzəmətin nişanəsi
Beşiktaşın 6 incisindən biri sayılan, müqəddəsliyi Xızır əleyhissəlamla müqayisə edilən Barbaros Xeyrəddin Paşanın türbəsinin də maraqlı tarixçəsi var. Qanuni Sultan Süleymanın zamanında onun fətih dastanlarının əldə olunmasında mühüm rolu olan Xeyrəddin Paşa Osmanlının təkcə dəniz fatehi və sərkərdəsi deyil, dəniz quldurlarına qarşı cihad edən şəhidlərindəndir. XVI əsrin məşhur dənizçisi, dəniz sərkərdəsi kimi ad çıxaran Xeyrəddin Paşa İspaniyanın fəthi zamanı tarix yaratsa da, şərlənərək Sultanın fərmanı ilə edam edilir. Qəzəbi soyuduqdan, günahını anladıqdan sonra Sultan Süleyman Memar Sinana Xeyrəddin Paşa türbəsinin yapılmasını əmr edir. Paşanın cənazəsinin gətirilib türbədə dəfn olunması üçün xüsusi fərman imzalayır. Memar Sinanın şah əsərlərindən sayılan türbənin bu gün də ziyarət olunması üç qüdrət sahibinin – Barbaros Xeyrəddin Paşanın, daşı yaddaşa çevirən Memar Sinanın, qılıncı, qüdrəti, həm də qəzəbi ilə tarix yaradan Qanuni Süleymanın – əzəmətinə ehtiramın nümunəsinə çevrilir.

Gözəlcə Əli Paşa türbəsi – Sədaqətin, etibarın çeşməsi
Osmanlıda, ikinci Osmanlı dönəmində sədr-azamlıq məqamına yüksələn, zahiri və batini gözəlliyi ilə tanınan, mühüm dövlət adamı sayılan Gözəlcə Əli Paşa Tunis bəylərbəyi Əhməd Paşanın oğlu olub. Yüksək təhsil alan, öncə sancaqbəyi, sonra isə Yəmən, Tunis, Mora və Kıprıs kimi mühüm yörələrdə yüksək vəzifəyə sahib olan, dəniz sərkərdəsi kimi şöhrət tapan Gözəlcə Əli Paşa dövlət məqamına gətirilmişdi. Bunun əsas səbəblərindən biri də, Paşanın dürüstlüyü, dərya quldurlarından əldə etdiyi sərvəti xəzinəyə təhvil verməsi olmuşdur. 1619-cu ildə sədr-azam məqamına gətirilən Gözəlcə Əli Paşa il yarım bu vəzifədə çalışdıqdan sonra müəmmalı ölümü ilə saray və dünya ilə vidalaşmışdı. Bəzi tarixçilər onun xəstəlikdən, bəziləri isə gənc Osmanın göstərişi ilə aradan götürüldüyünü iddia edir. Onun Beşiktaşın Kanlıca guşəsində bu gün də ziyarətə çevrilən türbəsi birinci deyilənlərin həqiqətə daha yaxın olduğunu sübut edir. Bəyoğlundakı çeşməsi, qaynar bulağı da onun xatirəsinin əziz tutulduğunu təsdiqləyir. Onu da qeyd edək ki, cəmi il yarımlıq sədr-azam məqamı ilə Osmanlı tarixinə töhfədə bulunan Gözəlcə Əli Paşa bütün mənbələrdə ehtiramla xatırlanır.

Tuz Babanın havanından İstanbulun fəthinə
Gerçək adı Xəlil əfəndi olan Tuz baba İstanbulun fəthi zamanı Fatih Sultan Mehmetin ordusunu duzla təmin edən tuzcubaşı olmuşdur. Deyilənə görə, bir daş havan və torpaq yardımı ilə möcüzəli şəkildə ordunu duzla təmin edər, bu möcüzə Fatih Sultan Mehmetin diqqətini çəkər və onun tuzcubaşı tituluna layiq görülməsi üçün qərar alar. İstanbulun fəthindən sonra Beşiktaşda bu gün türbəsinin bulunduğu ərazi Tuzcubaşına – Xəlil əfəndiyə Sultanın fərmanı ilə bağışlanır. 1490-cı ildə öz adına bir məscid yapdıran Xəlil əfəndi burada dəfn olunmasını vəsiyyət edir. Türbəsinin önündəki duz aldığı mərmər örtüklü havanı hər gün ziyarətə gələr, duz dolu havanı bu gün də ziyarətə gələnlər barmağını Tuz Babanın müqəddəs, möcüzəli duzuna batırıb niyyət edərlər. Tuz Babanın kəraməyi ziyarətinə gələnləri çox gözlətməz, niyyətləri hasil olar.

Çırağanın çırağı – Yəhya Əfəndi türbəsi
İstanbulun Beşiktaş yörəsində İlahiyə bağlı bir ünvan da var – Yəhya Əfəndi türbəsi. Çırağan sarayının qarşısında yer alan Yəhya Əfəndi dərgahından boy verən Yəhya Əfəndi türbəsi 1571-ci ildə Memar Sinan tərəfindən yapılmışdır. Yəhya Əfəndi 1494-cü ildə anadan olmuş, dərin təsəvvüf bilgisi, yüksək əxlaqı, batini gözəlliyi ilə şöhrət tapmışdır. 1569-cu ildə dünyaya vida nəğməsi oxuyan Yəhya Əfəndi adı ilə bağlı türbədə dəfn edilmiş, müridlərinin də əhatəsində dəfn edilməsni vəsiyyət etmişdir.
Fəlsəfəyə, tibbə dair traktatları ilə məşhur olan Yəhya Əfəndinin türbəsi bu gün də insanların ən çox ziyarətində bulunduğu irfan çeşmələrindən biridir. “Çırağanın çırağı”, nur bəlgəsi kimi bilinən Yəhya Əfəndi türbəsinə daha çox elmi-irfan bulağından içmək duyğusu ilə alışıb-yananlar gəlir. Əldə olunan məlumatlardan bu da bəlli olur ki, memari quruluşu ilə Memar Sinanın ruhunun aynası və şah əsərlərindən sayılan Yəhya Əfəndi türbəsində insanı sanki qəribə, ilıq, mübhəm, hüzur dolu duyğular bürüyür.

Şeyx Zafir Külliyəsi – “Qaynar çeşmə” mənasını özündə ehtiva edən müqəddəslik
Beşiktaşın müqəddəs ünvanlarından, məkanlarından, Tanrıya yaxın yerlərindən biri sayılan Şeyx Zafir Külliyəsi Ərtoğrul Qazi təkkəsinin yanında yer alır. Şaziyyə təriqətinin rəhbəri olan Şeyx Məhəmməd Zafir Əfəndinin şərəfinə Sultan II Əbdülhəmid tərəfindən 1887-1888-ci illərdə yapdırılan külliyə 1903-1904-cü illərdə tamamlanmışdır. Əldə olunan məlumatlardan bəlli olur ki, dövrünün memari xüsusiyyətlərini özündə cəmləşdirən Şeyx Zafir Külliyəsi türbə, kitabxana və camidən ibarətdir.
Dairəvi təsvirə malik olan, qübbəsinin gözəlliyi ilə fərqlənən külliyə onun gözəlliyini tamamlayan iki gözlü çeşmə, eyni zamanda Həmdiyyə suyu ilə təmin edilmişdir. İstanbulun meydan sulaırndan barınan külliyə həm də “Qaynar bulaq”, “Qaynar çeşmə” mənasını özündə ehtiva edir ki, bu adları da ona Sultan II Əbdülhəmid tərəfindən verilmişdir.
Şərəf Cəlilli