Nə yaxşı ki, tələbəlik illəri unudulmur, xatirələrdə həmişə oyaq qalır, həyatımızın müxtəlif anlarında tez-tez yada düşür. O əziz, mehriban tələbəlik illərində yoldaşlıq, dostluq, ilk sevginin işartıları, çətinliklərin öhdəsindən gəlmək bacarığı, necə deyərlər, son tikəmizi bölüşdüyümüz anlar heç vədə yaddan çıxmır. Azərbaycanın ən prestijli universitetinə qəbul olunduğumuz üçün sevincimiz yerə-göyə sığmırdı. Böyük elm məbədinin divarları belə çox əzəmətli idi. Bakıya ilk dəfə gəldiyimiz üçün bəzən döyükə-döyükə qalırdıq, bəzən avtobusları, tramvay və trolleybusları səhv salırdıq, nimdaş geyimimizlə o dəqiqə seçilirdik. Yəqin ki, kənardan baxanlar düşünürdülər: kənddən gəliblər, tələbədirlər. Auditoriyalarda əyləşib müəllimlərimizi gözləyirdik, buna qədər isə yuxarı kurs tələbələrindən görkəmli pedaqoqlar haqqında eşitdiyimiz fikirlər bizə bələdçilik edirdi. Bakı Dövlət Universitetində jurnalistika fakültəsinin Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının professoru Nəsir İmanquliyev haqqında çox yaxşı insandır, yetim-yesirin atasıdır, tələbələrini öz övladları kimi sevir, işıq, nur onun fitrətindədir sözləri bizə xeyli inam verirdi.
Gün gəldi, auditoriyaya ucaboylu, ilk baxışda zəhmli görünən, haqqında xoş sözlər eşitdiyimiz müəllimimiz daxil oldu, mehribanlıqla tələbələri süzdü və tanışlıq başlandı. İlk baxışda zəhmli görünən Nəsir müəllim ipək kimi ürəyi, ziyalılığı, doğmalığı ilə tələbələrin ümid yerinə çevrildi və onun mühazirələrini həvəslə dinləməyə başladıq. Aramla, asta və yumşaq səsi ilə mövzunu əhatəli və elmi şəkildə tələbələrə izah edir, bəzən isə şərait yaradırdı ki, diskussiya olsun, hər kəs öz fikrini deyə bilsin. Çox maraqlı şəxsiyyət idi, kimsəni incitməzdi, tələbələrinə isti və səmimi münasibəti onu çox sevdirirdi. Semestr imtahanlarında qiymət kitabçalarımızı yığdırar və hər kəsə qiymət yazardı. İlk vaxtlar çox təəccüblənsək də, sonradan başa düşdük ki, əziz müəllimimiz seminarlarda, diskussiyalarda hər tələbənin savadına bələd olurmuş. Nəsir müəllim haqqında danışanda istər-istəməz milli mətbuat tariximizə mütləq nəzər yetirməliyik. Çünki bu tarixin yaradılmasında və inkişaf etdirilməsində mətbuat fədaisi Nəsir İmanquliyevin əvəzsiz xidmətləri olub.
150 ildir müdrik kəlmələrin sehrində, sözlərin məna qatında, “sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım” fəlsəfəsində, qəhrəmanlığın tərənnümündə, Zəfər dastanın işığında, dövlətçilik uğrunda, fikir, düşüncə qanadlarında yol gələn milli mətbuat usanmadan, yorulmadan, qorxmadan haqqın, ədalətin, söz mülkünün keşiyində dayanır. Millətə, haqqa tapınan milli mətbuat tarixin bütün dönəmlərində, hətta basqı altında olduğu illərdə, senzuranın kəsakəs vaxtlarında əxlaqı, ədaləti, rasionallığı, milliliyi, obyektivliyi və sağlam düşüncəni təbliğ edib, xalqı maarifləndirib, bəzən qələm süngüyə çevrilib, bəzən də sözlər, ifadələr qıfıl altına salınıb. Qılıncdan, oxdan, güllədən qorxmayanlar sözdən çəkiniblər, ehtiyat ediblər. Bir əsr yarım yaşı olan Azərbaycan mətbuatı çətin, keşməkeşli, mübariz və şərəfli yol keçib. Mətbuat tarixinin xronologiyasına nəzər salanda aydın olur ki, milli mətbuat çar Rusiyası, sovetlər birliyi dövründə ana dilini, milliliyi və bəşəriliyi qoruyub saxlaya bilib. Azərbaycan öz dövlət müstəqiliyini qazandıqdan sonra (1918-1920 və 1991-ci il) milli mətbuatın qarşısında dayanan bütün maneələr dəf edilib, inkişaf dövrü başlayıb. Sovet hakimiyyəti dövründə Azərbaycan mətbuatı sosialist realizmi prinsipləri əsasında fəaliyyət göstərsə də, ideoloji buxovlara baxmayaraq, mətbuat orqanlarının milli özünüdərkin formalaşmasında böyük rolu olub. Respublikanın “Kommunist” (ilk nömrəsi 1919-cı ildə çıxmışdır), “Bakinskiy raboçiy” (1906-ci ildən çıxır), “Vışka” (1928-ci il), “Azərbaycan gəncləri”, “Molodyoj Azerbaydjana” (ilk nömrələri 1919-cu ildə çıxmışdır), “Bakı”, “Baku” (1958-ci ildən çıxır, ilk baş redaktoru Nəsir İmanquliyev olub), “Ədəbiyyat və incəsənət” (1934-cü il) adlı mətbuat orqanlarında kommunist ideologiyası təbliğ olunurdu. Lakin həqiqət naminə qeyd etməliyik ki, adıçəkilən qəzetlərdə dərc olunan xalqımızın dil, ədəbiyyat və mədəniyyətinə həsr olunan, azərbaycançılıq ideyasına xidmət edən yazılar totalitar rejim şəraitində belə Azərbaycan jurnalistikasının mövqeyini nümayiş etdirirdi.
Azərbaycan jurnalistikasının təşəkkülündə xüsusi yeri olan Nəsir İmanquliyev bir jurnalistlik məktəbi yaradıb. Professor cəmiyyətin ən müxtəlif sahələrini əks etdirən sanballı yazıları ilə mətbuat tariximizə layiqli töhfələr verib. Onun zəngin pedaqoji fəaliyyəti Azərbaycan jurnalistlərinin böyük bir nəslinin formalaşmasında mühüm rol oynayıb. Müasirləri və tələbələri deyirdilər ki, Nəsir müəllimin adının mənası ilə (“Nəsir” ərəbcədən tərcümədə “kömək edən” deməkdir) əməlləri arasında qəribə bir uyğunluq var. Olduqca təvazökar, sadə, səmimi, insanlara qayğı və məhəbbətlə yanaşan, böyüklə böyük, kiçiklə kiçik olmağı bacaran, insanlar arasında fərq qoymayan, tələbələrin belə, istək və arzularını canla-başla həyata keçirən, cavanların qeydinə qalan bir şəxsiyyət, sözün əsl mənasında, böyük insan idi.
Adətən hər hansı bir şəxs haqqında yazı hazırlanarkən onun tərcümeyi-halı barədə məlumat verilir. Mən də bu klassik metoddan istifadə edərək Nəsir müəllimin keçdiyi şərəfli həyat yolunu oxuculara, qısa da olsa, tanış etmək istəyirəm. Nəsir İmanquliyev 22 dekabr 1911-ci ildə Bakıda anadan olub. 1925-1926-cı illərdə Bakı şəhərində peşə məktəbini bitirib, 1934-cü ildə Bakı şəhərində Lassal adına Neft Texnikumuna daxil olub. Dövri mətbuatda ilk yazıları tələbəlik illərində çap olunmağa başlayıb. Tələbəlik illərindən “Kommunist”, “Yeni yol”, “Gənc işçi”, “Vətənin səsi” qəzetlərində ədəbi işçi, ədəbi şöbənin müdir müavini, şöbə müdiri, məsul katib, redaktor vəzifələrində çalışıb. İkinci Dünya müharibəsi zamanı 1942-ci ildə siyasi işçi kimi Krım cəbhəsinə göndərilib, orada “Vuruşan Krım” qəzetinin məsul katibi kimi çalışıb, həmçinin hərbi hissədə tərcüməçi kimi xidmət edib. Bir il sonra “Kommunist” qəzetinə məsul katib təyin olunub, bu qəzetdə vətənpərvərlik mövzusuna həsr edilmiş bir çox məqalələri işıq üzü görüb. 1947-ci ildən Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətə başlayıb. 1948-1950-ci illərdə BDU-nun Filologiya fakültəsində təhsilini iki ilə müvəffəqiyyətlə başa vurub. 1947-1998-ci illərdə Bakı Dövlət Universitetində Jurnalistika fakültəsinin Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasında müəllim, dosent, professor olub. O, respublika üçün gənc jurnalist kadrlarının hazırlanması işində fəal iştirak edib, bu işə öz əvəzsiz töhfəsini verib. 1958-ci ildə Azərbaycanda yeni tipli “Bakı” və “Baku” axşam qəzetlərinin baş redaktoru təyin edilib. Peşəkar redaktor, publisist və pedaqoq Nəsir İmanquliyev ömrünü Azərbaycan mətbuatı və mədəniyyətinin inkişafına, peşəkar jurnalist kadrların hazırlanmasına həsr edib.
Nəsir müəllim gözəl ailə başçısı olub, cəmiyyətin sayılıb-seçilən ailəsi onun həyatına həmişə işıq salıb, ona ruh verib. Nəsir İmanquliyev Yusif bəy Sultanovun qızı Gövhər xanım Sultanzadə ilə ailə həyatı qurub və bu evlilikdən onların övladı, görkəmli şərqşünas-alim Aida İmanquliyeva dünyaya gəlib. Aida xanım Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın anasıdır. Nəsir İmanquliyevin yaşayıb-yaratdığı XX əsrin ab-havası imkan verdi ki, o, ətrafındakı böyük ziyalılar, mütəfəkkir yazıçılarla birlikdə çiyin-çiyinə dayanaraq işıqlı amallar uğrunda mübarizə aparsın. Bu isə zamanın tələbi idi. Professor Aida İmanquliyeva həmin dövrü belə xarakterizə edirdi: “Hər bir millətin inkişaf tarixində onun nailiyyətlərinin dünya sivilizasiyasının mühüm tərkib hissəsinə çevrildiyi çiçəklənmə dövrü olur. XX əsr Azərbaycan üçün belə bir dövr idi”.
Nəsir İmanquliyevin şəxsi məsuliyyət hissinin qeyri-adiliyini təsəvvür etmək üçün Birinci vitse-prezident Mehriban xanım Əliyevanın mülahizələri diqqət çəkir: “Həyatda hər bir kəsin yerini və taleyini tarix müəyyən edir. Odur ki, nə böyük, nə də kiçik rollar olur. Öz həyat kitabını yazmağa ancaq sənin şəxsi, dərk edilmiş məsuliyyətin imkan verir”. Xalq yazıçısı İsmayıl Şıxlının onun haqqında maraq doğuran qeydlərinə nəzər yetirək: “Söz adamlarının, ədəbiyyatı anlayan insanların hər gün gözlədiyi bir qəzet var idi, bütün bakılıların sevə-sevə oxuduğu, saat 5-dən sonra köşklərin qabağında növbəyə dayandığı “Bakı” qəzeti idi. Ədəbi taleyimdə unudulmaz izləri qalan bu qəzeti təkcə öz yazılarıma görə oxumurdum. Onun səhifələrində çap olunan silsilə şeirlər, “ardı var” işarəsi ilə işıq üzü görən povest və romanlar isti-isti oxuculara çatdırılırdı. Bununla da nəşriyyat, “senzura qayçısı” görməyən qəzet-kitablar insana zövq verirdi. Bu böyük amalın, nəcib işin arxasında hamımızın sevimlisi, söz sərrafı Nəsir İmanquliyev dayanırdı”. Sapı özümüzdən olan baltalar ona daş atsalar da, bu əzəmətli kişi mövqeyindən tərpənməzdi. Müasirləri onun haqqında deyiblər ki, professor Nəsir İmanquliyev böyük jurnalistlər ordusunun müəllimi idi və onun yaratdığı, bizə irs olaraq qoyub getdiyi ədəbi-publisist məktəb yaşayır, Nəsir müəllim jurnalistikasının gözəl ənənələri müstəqillik əldə etmiş suveren Azərbaycanımızın mədəni quruculuq işlərində yenə də yaxından iştirak edir. Nəsir İmanquliyev öz fədakarlığına, əməksevərliyinə, təşəbbüskarlığına və təəssübkeşliyinə görə Mətbuat Abidəsidir. Xalq şairi Rəsul Rza Nəsir İmanquliyev haqqında deyib: “Şəxsiyyətlər az-az doğulur. Zamanın sınağına çəkilir. Ən çətin anlarda simasını, şəxsiyyətini qoruyur, sinəsini sərt küləklərə sipər edir. Bizim üçün “Bakı” kimi əzəmətli bir qəzetin təməlini qoyan Nəsir müəllimi – Nəsir İmanquliyevi ən gərgin zamanlarda belə sözübütöv, şəxsiyyət, kişi gördüm. Müharibənin ağır illərində də, elə indi də. Heç kəs bu müdrik ziyalını, xarakter sahibini dəyişə bilməz”.
Nəsir müəllim “beyinlərə mənəvi qida verən, fikirlərə və düşüncələrə işıq bəxş edən kəsərli vasitə” hesab olunan milli mətbuatımızın fədailərindən biri olmuşdur. Ümummilli lider Heydər Əliyevin jurnalistika sənəti haqqında örnək fikirləri bu sənətin dəyər ölçüsünü müəyyənləşdirmək baxımından xüsusilə maraq doğurur: “Jurnalistika böyük zəhmət, xüsusi səy, professional yanaşma, hadisələri operativ qiymətləndirmək və prosesləri düzgün analiz bacarığı tələb edən sənətdir”. Nəsir İmanquliyev 1965-ci ildə “Böyük Vətən müharibəsi illərində (1941-1945) Azərbaycanda sənaye və nəqliyyat işçilərinin əmək fəallığının sürətləndirilməsi uğrunda mübarizədə “Kommunist” qəzetinin rolu” mövzusunda tarix elmləri namizədi alimlik dərəcəsi alıb. Azərbaycan Mədəniyyət Nazirliyinin Radiolaşdırma Baş İdarəsinin rəisi və Azərbaycan SSR Nazirlər Soveti yanında Radio və Televiziya Verilişləri Komitəsi sədrinin birinci müavini vəzifələrində işləyib. 1976-cı ildə “Azərbaycan SSR Əməkdar mədəniyyət işçisi”, 1990-cı ildə “Əməkdar jurnalist” fəxri adlarına layiq görülüb. Yüzlərlə elmi, bədii, publisistik yazıların, “jurnalistika məsələləri” dərsliyinin müəllifi olan Nəsir İmanquliyevin yaradıcılığında Vətən və millət sevgisi xüsusi yer tutub.
Professor Nəsir İmanquliyev 1998-ci il martın 7-də Bakı şəhərində vəfat edib. 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “N.Ə.İmanquliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında” Sərəncam imzalayıb. Həmin il yaşadığı binaya xatirə lövhəsi vurulub. 2007-ci ildə Bakı Dövlət Universitetində xatirə lövhəsi asılıb. 2011-ci ilin dekabrında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Azərbaycanda Nəsir İmanquliyevin 100 illiyinə həsr olunmuş silsilə yubiley tədbirləri keçirilib.
Doğrudan da son illər böyük tarixi hadisələrin şahidi oluruq, qürur hissi ilə deyirik ki, bu gün Azərbaycan dünyada ən sürətlə və dinamik inkişaf edən dövlətlərdən biridir, ölkəmizin iqtisadi qüdrətinin artması, müstəqil siyasət, işğaldan azad edilən torpaqlarda aparılan genişmiqyaslı tikinti-quruculuq, sözün əsl mənasında, hər birimizdə iftixar hissi yaradır. Bu tarixi proses Azərbaycan mətbuatında geniş şəkildə işıqlandırılır, Böyük Qayıdışdan reportajlar yayımlanır, məqalələr, zarisovkalar çap edilir. Bu qlobal təbliğatın sıralarında Nəsir müəllimin yetişdirdiyi, Nəsir İmanquliyev məktəbi keçən jurnalistlər də yaxından iştirak edirlər. Görkəmli jurnalistin ənənələri yaşayırsa, demək, Nəsir müəllim əbədi və unudulmaz bir ömür qazanıb.
Salman ALIOĞLU
“Respublika” qəzeti