Şah Təhmasib və Sultan Süleyman: İki hökmdar, bir tarixi sınaq
Çaldıran döyüşündən Yavuz Sultan Səlimlə Şah İsmayıl Səfəvinin tarixi səhvindən sonra Osmanlının Azərbaycanla bağlı ikinci sərt qərarı alındı. Dünya Fatehi Sultan Süleyman atasının iziylə gedib Şah Təhmasibin üzərinə yeridi. Malkoçoğlunun faciəsinin dalıyca İbrahim Paşanın kədəri yaşandı.
1524–1534-cü illərdə baş verən tayfalararası mübarizələr ölkənin siyasi nüfuzuna və iqtisadi potensialına mənfi təsir edirdi. Bundan istifadə edən qonşu dövlətlər də tez-tez sərhədyanı ərazilərə yürüşlər edirdilər. Şərqdə Übeyd xan 1510-cu ildə itirilmiş Xorasanı geri qaytarmaq üçün bütün gücünü səfərbər etmişdi. Qərbdə isə Sultan Süleyman, atası Yavuz Sultan Səlimin siyasi düşüncəsinə uyğun olaraq, Səfəvilərin tarixi torpaqları uğrunda ayağa qalxmışdı. Əldə olunan məlumatlardan bəlli olur ki, Şah I Təhmasib və Sultan Süleymanın hakimiyyəti illərində iki dövlət arasında ilk gərginlik İraqda yaşandı.
Səfəvilərin ən böhranlı illərində taxta cəmi 14 yaşlı Şah Təhmasib çıxmışdı. Səfəvi əmirləri şahın azyaşlı olmasından istifadə edərək ölkə daxilində gərginlik yaradır, bəzən də xəyanət edib qarşı tərəfə keçirdilər. 1528-ci ildə Luristan hakimi Zülfüqar xan Bağdada hücum edərək dayısı İbrahim xanı öldürdü və şəhəri ələ keçirdi. Daha sonra qalanın açarlarını Sultan Süleymana göndərib, şəhərlə birlikdə bütün İraqı Osmanlı dövlətinə birləşdirdi. Zülfüqar xan hesab edirdi ki, bu hərəkətlə sultanın dəstəyini alacaq, Şah I Təhmasib də yeni Osmanlı torpağı olan İraqa gəlməyə cəsarət etməyəcək. Ancaq onun unutduğu bir həqiqət var idi: 14 yaşlı şah, 13 yaşında Səfəvilər İmperiyasını quran Şah İsmayılın varisi idi və onunla mübarizə aparmaq heç də asan olmayacaqdı.

Təhmasib iki ölkə arasında vəziyyətin gərginləşməsini istəmirdi
Bu hadisədən bir il sonra, 1529-cu ildə şah çətinliklərə baxmayaraq, qüdrətli ordu təşkil edib Bağdada hücum etdi. Şahın gəlişi xəbərini eşidən qala müdafiəçiləri Zülfüqar xanı öldürüb şəhər qapılarını Səfəvi ordusuna açdılar. Bununla da Bağdad yenidən Səfəvi İmperiyasının tərkibinə keçmiş oldu.
Osmanlı tərəfi bunu qəbul edə bilmirdi. Bu səbəblə də 1531-ci ildə Ulama bəy Fil Yaqubun 50 minlik dəstəsi ilə birlikdə Bitlisə hücum edib Şərəf xanı məğlub etdi. Şərəf xan Səfəvi sarayına məktubla müraciət edib yardım istədi. Şah I Təhmasib iki ölkə arasında vəziyyətin gərginləşməsini istəmirdi. Bu səbəblə də Sultan Süleymana məktub yazıb, sərhəddə baş verən hadisələrdən dolayı Ulama bəyin hərəkətlərini qınayaraq, onun ən qısa zamanda ələ keçirdiyi əraziləri tərk etməsini istədi. Lakin Sultan bu təklifi qəbul etmədi.
Şah I Təhmasib ikinci dəfə baş vəzirlə birlikdə İstanbula elçi göndərib Ulama bəyin geri çəkilməsini tələb etdi. Sultan nəinki bu təklifi qəbul etmədi, üstəlik Şərəf xanın təslim edilməsini vacib bildi. Danışıqların nəticəsiz qaldığını görən şah, Şərəf xanın başçılığı altında Bitlisə ordu göndərdi. Baş verən döyüşdə Ulama bəyin ordusu darmadağın edildi və Bitlis yenidən Səfəvilər İmperiyasına birləşdirildi.

Özbəklərin hücumunun qarşısını bir dəfəlik almaq üçün Buxara bütövlükdə fəth edilməli idi
Səfəvilərin qərbdə yaşadığı problemlərdən xəbər tutan Übeyd xan 1533-cü ildə Xorasana hücum etdi. Şah I Təhmasib özbəklərin qarşısını almaq üçün Herata səfər təşkil etdi. Übeyd xan şahın gəlişi xəbərini eşidib geri çekildi. Şah I Təhmasib başa düşürdü ki, özbəklərin hücumunun qarşısını bir dəfəlik almaq üçün Buxara bütövlükdə fəth edilməlidir. Bu səbəblə də ordusunu Buxara istiqamətində hərəkətə keçirdi.
Buxara sarayının İstanbulla siyasi əlaqələri Sultan II Bəyazidin dövründən mövcud idi. Böyük ehtimalla bu dövrdə də Səfəvilərə qarşı gizli danışıqlar gedirdi. Bu səbəbdən də çoxdan fürsət axtaran Ulama bəy şahın Buxara səfərindən istifadə edərək yenidən Bitlisə hücum edib bölgəni ələ keçirdi. O, buradan Sultan Süleymana məktub göndərib bildirdi: “Dinin pənahı! Şah I Təhmasib Mavərənnəhrə yürüş etmək məqsədilə Heratdan çıxmışdır və Azərbaycandan uzaqlaşmışdır. Əgər Padşah Sultan Süleyman bu səmtə gələrsə, onun bu diyarı rahatlıqla ələ keçirməsi mümkündür.”

İbrahim paşanın sərkərdərliyi altında 90 minlik ordu Təbrizə yeridildi
Xəbəri alan Sultan Süleyman dərhal müharibə hazırlığına başladı. İbrahim paşanın sərkərdərliyi altında 90 minlik ordu Təbrizə yeridildi. Bu hadisəni eşidən Şirvanşah Xəlilullah şaha xəyanət edərək İbrahim paşanın düşərgəsinə hədiyyələr və ordu üçün lazım olan zəruri ərzaq məhsulları göndərdi. Osmanlı paşaları Güney və Quzey Azərbaycanda şəhərləri bir-bir ələ keçirdilər.
Şah I Təhmasib düşmən basqınını eşidən kimi Buxara səfərini təxirə salıb Reyə gəldi. Şahın gəlişi xəbərini eşidən kimi, başda İbrahim paşa olmaqla Osmanlı ordusu təşvişə düşdü. Yeniçərilər Şah I Təhmasiblə döyüşməkdən imtina edib etiraz etdilər. Hər nə qədər “Möhtəşəm Yüzıl” serialında İbrahim paşanın ordu qarşısında təsirli nitqindən sonra problemin aradan qalxdığı göstərilsə də, bu belə deyildi. Çünki İbrahim paşa özü Sultan Süleymana məktub göndərib deyirdi: “Musa Sultan bəndənizin yürüşünü eşidən kimi Təbrizi tərk edib Bağdada yollandı. Amma dinin pənahı olan şah yetərincə güclüdür, bizim o həzrətə müqavimət göstərmək taqətimiz yoxdur”.
Bu məktubdan sonra Sultan böyük ordu ilə Təbrizə gəldi. Şah I Təhmasib İbrahim paşanın dəstələrinə hücum etmək məqsədilə Qəzvin ətrafına gəldi. Ancaq Süleyman artıq Təbrizdə idi. Osmanlı qoşunları Təbrizdə olduqları zaman işğalçıların zülmü və zorakılığı nəticəsində şəhərdə iğtişaşlar baş verdi. Türk əsgərləri şəhərliləri qarət edir və öldürürdülər. Sünni üləmaları isə bu cinayətləri şiələrə qarşı yol verilən hərəkətlər kimi qanuniləşdirirdilər.

Bu hadisədən 20 il əvvəl, yəni 1514-cü ildə Azərbaycanda eyni hadisələr baş vermişdi
Səfəvilər Qəzvinə qədər uzun və məşəqqətli yol qət etmişdilər. Atlar və dəvələr tələf olmuş, sağ qalanlar isə arıqlayıb əldən düşmüşdülər. Ordunun sayı azalmışdı. Sultanın ordusu isə Həsən bəy Rumlunun obrazlı ifadəsinə görə, səhranın qum zərrələrindən və payız yarpaqlarından daha çox idi. Şah I Təhmasib burada əmirlərin müşavirəsini çağırdı. Onlardan hər biri öz fikrini söylədi. Hüseyn xan Şamlı dedi: “Bizim atlarımız əldən düşmüşdür, biz Rum ordusunun qarşısına çıxa bilmərik.” Şah Təhmasib ona belə cavab verdi: “Məgər mən dedim ki, biz rumlularla üz-üzə vuruşmaq istəyirik? Mən atamın qaydası ilə gedə bilmərəm, bu düşmən çox güclüdür.” Bu zaman Sultan Süleyman Şah I Təhmasibə məktub göndərdi. Sultan məktubunda Şahı aşağılayaraq ona qorxaq olduğunu bildirib, məktubla bərabər qadın paltarları da göndərdi. Şah təmkinini bozmadan cavab məktubunu göndərdi. Sultan Süleyman atası Yavuz Sultan Səlim kimi aşağılayıcı məktublarla qarşı tərəfi zəif halda döyüş meydanına çəkməyə çalışırdı. Bu hadisədən 20 il əvvəl, yəni 1514-cü ildə Azərbaycanda eyni hadisələr baş vermişdi. O zaman da Səfəvilər iki cəbhədə döyüşməyə məcbur olmuşdılar. Ancaq Şah I Təhmasib atasından fərqli olaraq, sultanı döyüşə girmədən geri çəkilməyə məcbur etməyi qarşısına məqsəd qoymuşdu

Belə bir təhlükəli anda Səfəvilər əmirləri arasında ixtilaflar başladı
Döyüşün qızğın çağında Osmanlı ordusuna müqavimət göstərə bilməyən qızılbaşlar Şahın düşərgəsinə doğru geri çəkilirlər. Bu zaman Fars hakimi Əlvənd xan Əfşar öz qüvvələri ilə Şaha yardıma gəldi. Az sonra Sultan Süleymanın Sultaniyyəyə gəlməsi xəbəri alındı. Belə bir təhlükəli anda Səfəvilər əmirləri arasında ixtilaflar başladı. Məhəmməd xan Zülqədar oğlu, Hüseyn xan Təkəli və digərləri Sultan Süleymanın tərəfinə keçdilər. Şah Hüseyn xan Şamlı, Qazi xan Təkəli və Məlik bəy Xoyluya da inanmırdı. Bütün bunlar Şahı I Təhmasibi Sultan Süleymanla döyüşə girməkdən çəkinməyə məcbur edirdi.
Həmin il Osmanlı ordusunun say çoxluğu ərzaq qıtlığı və itkilərlə nəticələndi. Səfəvilər Osmanlı toplarını ələ keçirməsin deyə 100-ə qədər top yandırılaraq məhv edildi. Sultan Süleyman Ulama bəyi Təbrizdə qoyub, Bağdad istiqamətinə hərəkət etdi. Səfəvi kəşfiyyatı Osmanlı əsirlərindən bu xəbəri öyrəndikdə Şah I Təhmasib Təbrizə hərəkət etdi. Ancaq Qazi xan şaha xəyanət edib ondan əvvəl Təbrizə gələrək şahın hərəkətə keçdiyini xəbər verdi. Onlar Ulama bəylə birlikdə Van qalasına çəkildilər.
Bu vaxt Sultan Süleyman da Bağdada yaxınlaşdı. Qala müdafiəçilərinin bəziləri sultanın tərəfinə keçdilər. Qala hakimi Məhəmməd xan müqavimətin mənasız olduğunu görüb döyüşə-döyüşə Fərat çayının sağ sahilinə keçdi. Beləliklə, Ərəb İraqı və Şərqi Anadolunun bir hissəsi osmanlılar tərəfindən ələ keçirildi.
Şah Təhmasib buna qarşılıq olaraq Van qalasını mühasirəyə aldı. Qalanın fəth edilməsinə az qalmış, şah qardaşı Sam Mirzənin xəyanət etdiyini eşidib Təbrizə geri dönməyə məcbur oldu.

Portuqallar üzərilərinə düşən öhdəlikləri yerinə yetirmir, Osmanlı-Səfəvi müharibəsinin uzanmasını istəyirdilər
Ərəb İraqının Osmanlı tərəfindən ələ keçirilməsi Səfəvilər üçün böyük itki idi. Ancaq Şah I Təhmasib siyasi maraqlarına uyğun olaraq bundan məharətlə istifadə etdi. Belə ki, Osmanlı ordusu geri çəkilərkən şah Azərbaycanı azad etdi, ancaq Bağdada ciddi əks-hücum təşkil edilmədi.
İraqın osmanlıların əlinə keçməsi onların Bəsrə limanı vasitəsilə İran körfəzinə çıxışını təmin etdi. Bu dövrdə cənubda portuqallar İran körfəzi, Hörmüz boğazı və Hind okeanında möhkəmlənərək mühüm ticarət yollarına nəzarət edirdilər. Portuqallar Səfəvilərlə bağlanmış sazişə əsasən üzərilərinə düşən öhdəlikləri yerinə yetirmir, Osmanlı-Səfəvi müharibəsinin uzanmasını istəyirdilər. Ancaq Osmanlının İran körfəzinə çıxış əldə etməsi Hörmüz boğazı və Hind okeanında Osmanlı-Portuqaliya dəniz döyüşlərinin baş verməsi ilə nəticələndi. Bu döyüşlərdə Osmanlı tərəfi böyük itkilər versə də, qazanan tərəf olmadı.
Şərəf Cəlilli