Müstəqillik hər bir xalqın milli sərvətidir. Onun ən ali göstəricilərindən biri, daha doğrusu, birincisi Konstitusiyadır. Məhz bu qanunlar toplusu dövlətin ərazi bütövlüyünü, atributlarını, onun mənbəyi və daşıyıcısı olan xalqın hüquq və bərabərliyini özündə ehtiva edir. 12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günüdür. Bu gün Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 29 il keçir.
Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan Azərbaycan Respublikasının ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilən ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib, noyabrın 27-də qüvvəyə minib.
Həmin Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə ölkəmizin tarixində dördüncü Qanunlar toplusudur.
Respublikamızın Konstitusiya quruluşunun tarixi SSRİ dövrünə təsadüf edir. Azərbaycanın ilk Konstitusiyası 1921-ci ilin mayın 19-da, SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası isə 1925-ci il martın 14-də qəbul olunub. 1978-ci ilin aprelin 21-də qəbul edilən son Konstitusiya da əvvəlki konstitusiyalar kimi, SSRİ Konstitusiyasına uyğunlaşdırılıb.
Milli müstəqilliyinin ilk illərində Ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə həyata keçirdiyi əsaslı islahatlar respublikamızda qanunların aliliyini təmin edən, hüquqi, dünyəvi dövlət quruculuğuna yol açan yeni milli Konstitusiyanın hazırlanmasına və qəbuluna imkan verdi.
Məhz bunun nəticəsində keçmiş sovet konstitusiyalarından fərqli olaraq, müstəqil Azərbaycanın Konstitusiyası insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunmasını dövlətin ali məqsədi kimi bəyan etdi. Hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirdi. İnsan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üzərinə ümdə vəzifə olaraq qoydu. 5 bölmə, 12 fəsil, 158 maddədən ibarət Konstitusiyada insan hüquq və azadlıqlarına geniş yer verilməsi ölkəmizin demokratik dəyərlərə, humanist prinsiplərə münasibətinin, sədaqət hissinin nümunəsidir.
Prezident İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilən referendumla Konstitusiyaya üçüncü dəfə əlavələr və dəyişikliklər edildi. Azərbaycan Respublikasının Konstitusiyasına edilən əlavə və dəyişikliklər nəticəsində Əsas Qanunumuz daha da təkmilləşdirilərək yeni dövrün tələblərinə uyğunlaşdırıldı.
“Qarabağ Azərbaycandır!” nidası ilə tarix yaradan, ərazi bütövlüyünü bərpa edən, dünyanın maddi və mənəvi irsinin siyahısını milli kimliyinin, mənəvi zənginliyinin nümunəsi olan incilər, yetirdiyi qüdrətli simaların dünyası ilə zənginləşdirən Odlar Yurdu Azərbaycan Konstitusiyanın 29-cu ilini qürur və vüqar hissi ilə qeyd edir. Onun birliyinin, bütövlüyünün, ləyaqətinin, cəsarətinin bəlgəsi olan hilallı, ulduzlu üçrəngli bayraq Xudafərin körpüsündə, Şuşa qalasında dalğalanır.
Noyabrın 12-si ölkəmizdə Konstitusiya günüdür! Bu, adi bir tarix, bir gün deyil. Özündə milli mənliyimizi, kimliyimizi, dövlətçilik tariximizi, sonsuz Vətən sevgimizlə yanaşı, həm də vətən, dövlət qarşısında məsuliyyət hissimizi ehtiva edir!
Şərəf Cəlilli