Bakıda fəaliyyətə başlayan V Uşaq Kitab Festivalı çərçivəsində Hans Xristian Andersen Mükafatının Münsiflər Heyətinin prezidenti, naşir və nəşriyyat işi üzrə fəlsəfə doktoru Şirin Kreydeh festivalın fəxri qonağı qismində Azərbaycanda səfərdə olub.
Baki-baku.az xəbər verir ki, səfər çərçivəsində qonaq F.Köçərli adına Respublika Uşaq Kitabxanasını ziyarət edib. Görüş zamanı kitabxananın fəaliyyəti, həyata keçirilən layihələr, eləcə də Azərbaycan uşaq ədəbiyyatının inkişafı istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib.
Qonaq kitabxana ilə tanışlıq zamanı Azərbaycan uşaq ədəbiyyatının inkişaf perspektivləri və bu sahədə həyata keçirilən layihələrlə bağlı maraqlı suallar ünvanlayıb. Təqdim olunan məlumatlardan məmnun qalan Şirin Kreydeh kitabxananın fəaliyyəti və xüsusilə inklüziv layihələrin həyata keçirilməsini yüksək qiymətləndirib. O, uşaqların layihələrə fəal şəkildə cəlb olunmasını da müsbət hal kimi qeyd edib.
Bununla yanaşı, Uşaq Kitabları üzrə Beynəlxalq Şura Azərbaycan Milli Bölməsinin fəaliyyəti ilə maraqlanan qonağa qurumun beynəlxalq əməkdaşlıq istiqamətində gördüyü işlər barədə məlumat təqdim olunub.
Görüşün sonunda Şirin Kreydeh F.Köçərli adına Respublika Uşaq Kitabxanasının və Uşaq Kitabları üzrə Beynəlxalq Şuranın Azərbaycan Milli Bölməsinin gələcək fəaliyyətinə uğurlar arzulayıb.

