Yağışdan sonra göy üzündə yaranan rəngli qövs insana sanki təbiətin bir gülümsəməsi kimi görünür. Lakin bəzən bu rəngli möcüzənin yanında ikinci, daha solğun bir göyqurşağı da peyda olur.
Baki-baku.az xəbər verir ki, bu hadisə “ikiqat göyqurşağı” adlanır və təbiətin ən nadir, eyni zamanda ən cazibədar optik hadisələrindən biridir.
İlk baxışda sanki bu ikinci qövs sadəcə bir kölgə, yaxud optik illüziya təsiri yaradır. Əslində isə o, tam realdır və əsas göyqurşağından fərqli olaraq bir az daha zəif parlayır, həm də rəng ardıcıllığı tərsinə çevrilmiş olur. Yəni, birincidə qırmızı rəng üst tərəfdədirsə, ikinci göyqurşağında qırmızı rəng alt hissədə olur.
Bu möhtəşəm təbiət hadisəsi günəş işığının su damcılarında ikiqat sınması və əks olunması nəticəsində yaranır. Günəş şüaları yağış damlasına daxil olduqda bir dəfə sınır, içəridə əks olunaraq geri qayıdır və bu zaman ilk göyqurşağı görünür. Lakin bəzi hallarda işıq damla içərisində iki dəfə əks olunur. Məhz bu ikinci əksolunma nəticəsində səmanın bir az yuxarı hissəsində ikinci, daha zəif bir qövs əmələ gəlir.
İkinci göyqurşağının zəif görünməsinin səbəbi də məhz bu ikiqat əksolunmadır. Çünki işıq hər dəfə əks olunanda enerjisinin bir hissəsini itirir. Nəticədə, ikinci göyqurşağı sanki bir xəyal kimi daha solğun, bəzən isə çətin seçilən şəkildə müşahidə olunur.
Bu hadisəni görmək üçün müəyyən şərait lazımdır. Belə ki, günəş üfüqdən çox yuxarıda olmamalıdır, yağış damlaları havada asılı vəziyyətdə qalmalı, günəş şüaları isə onların üzərinə uyğun bucaq altında düşməlidir. Çox vaxt bu möcüzə axşamüstü və ya səhər saatlarında, günəş aşağıdaykən müşahidə olunur.
İkiqat göyqurşağı insanlar üçün təkcə elmi maraq doğurmur, həm də əsrlər boyu mifik və simvolik mənalarla əlaqələndirilmişdir. Bir çox mədəniyyətlərdə bu hadisə uğur, ümid və yenilənmə rəmzi sayılır. İki göyqurşağı eyni anda görmək təbiətin insanla paylaşdığı nadir bir hədiyyə kimidir.