Son günlər Bakı və ətraf ərazilərdə yağan intensiv yağışlar bir çox qəsəbələrdə ciddi subasma hallarına səbəb olub. Hazırda da Abşeron rayonu Məmmədli kəndi, Suraxanı rayonu Dədə Qorqud qəsəbəsi, o cümlədən Sabunçu rayonu Ramana ərazisində suların tam təmizlənmədiyi müşahidə edilir.
Yağış sularının drenaj sistemlərindən vaxtında və effektiv şəkildə təmizlənməməsi nəticəsində evlər, həyətlər, küçələr və yollar su altında qalıb. Sakinlər günlərlə narahatlıq yaşayıb, əmlak zərərləri ilə üzləşiblər. Bu vəziyyət yağış sularının idarə olunması sisteminin zəifliklərini yenidən gündəmə gətirib.
Baki-baku.az xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) və onun tabeliyində olan İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti paytaxtda yağış sularının idarə olunmasına, kollektorların təmizlənməsinə və axıntıların yönləndirilməsinə cavabdehdir. Qurum intensiv yağıntılar zamanı “gücləndirilmiş iş rejimi” elan edir, texnika cəlb edir, xətlərin açılması və suların çəkilməsi işləri apardığını bildirir. Lakin Ramana qəsəbəsinin sakinləri bu fəaliyyətin real nəticələrini kifayət qədər görmədiklərini vurğulayırlar. Onlar Agentliyin problemlərə yetərli diqqət yetirmədiyini və bərpa işlərinin zəif aparıldığını açıq şəkildə qeyd edirlər.
Məsələnin ən narahatedici tərəfi ADSEA-nın vətəndaşlarla ünsiyyətdən yayınmasıdır. Sakinlər problemlərin həlli üçün birbaşa əlaqə qurmaq istədikdə cavab almaqda çətinlik çəkirlər. Rəsmi çağırış mərkəzləri və onlayn müraciət formaları olsa da, bu mexanizmlər yerindəki vəziyyəti operativ şəkildə əks etdirmir. Agentlik əksər hallarda ümumi bəyanatlar verməklə kifayətlənir, lakin zərər çəkmiş ərazilərdə sakinlərlə birbaşa görüşlər təşkil etmir, onların konkret şikayətlərini dinləmir. Bu yanaşma vətəndaşlarda “problemlərə məsuliyyətsiz münasibət” hissi yaradır.

Problemin kökləri isə daha dərindir. Bakı və Abşeron yarımadasının su-kanalizasiya sistemləri əsasən 1980-ci illərin sonlarında layihələndirilib. O vaxtdan bəri ərazi 2,6 dəfə, əhali isə 2,1 dəfə artıb. Bir çox yağış suyu kollektoru vaxtilə məişət kanalizasiyasına qoşulub, bu da sistemə əlavə yük yaradır. İntensiv yağışlar (məsələn, son günlərdə aylıq normadan 4 dəfədən çox yağıntı qeydə alınıb) zamanı bu köhnə infrastruktur tab gətirmir. Nəticədə yağış suları ilə çirkab suları qarışır, küçələr və həyətlər su basır. ADSEA-nın üzərinə düşən vəzifə isə profilaktik tədbirləri vaxtında gücləndirmək, drenaj xətlərini sistemli şəkildə təmizləmək və vətəndaşların rəylərini nəzərə almaqdır.
Əlbəttə, iqlim dəyişiklikləri fonunda belə yağışlar getdikcə daha tez-tez təkrarlanır və heç bir qurum təkbaşına bütün problemləri həll edə bilməz. Dövlət səviyyəsində 2026–2035-ci illər üçün Bakı və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramı qəbul olunub. Bu proqramda yağış drenaj boru xətlərinin məişət kanalizasiyasından ayrılması, yeni kollektorların tikintisi kimi məsələlər nəzərdə tutulur. Lakin proqramın kağız üzərində qalmaması üçün ADSEA-nın gündəlik fəaliyyətində daha məsuliyyətli və vətəndaşyönlü yanaşma vacibdir.
Ramana sakinlərinin səsi bu mənada vacib siqnaldır. Onların narazılığı göstərir ki, yalnız texniki işlərlə kifayətlənmək yetərli deyil. Problemlərə yerində baxış, vətəndaşlarla açıq dialoq və profilaktik tədbirlərin gücləndirilməsi olmadan subasma riski minimuma endirilə bilməz. Vətəndaşlarla birbaşa dialoq, onlara mövcud vəziyyətin səbəblərinin izahı, görüləcək işlər barədə birbaşa məlumatların verilməsi, həm sakinlərin narazılıqlarını azaldar, həm də vətəndaş-məmur münasibətlərinə gözəl örnəklərdən olar. Ancaq vətəndaşdan gizlənmək məsuliyyətdən yayınmağa bərabər haldır. Ümid edək ki, Agentlik bu rəyləri nəzərə alaraq işini təkmilləşdirəcək, yağış sularının idarə olunmasında daha proaktiv və şəffaf mövqe tutacaq, rəhbər şəxslər sakinlərin qarşısına çıxmaqdan çəkinməyərək. Axı vətəndaşların rahatlığı və təhlükəsizliyi hər bir dövlət qurumunun əsas prioriteti olmalıdır.