El arasında “Molokan” adı ilə tanınan “Xaqani” bağının ərazisi kiçik olsa da (0,8 hektar), Bakının ən qədim parklarından biridir. Park cənubdan Üzeyir Hacıbəyli küçəsi, şimaldan Xaqani küçəsi, şərqdən Qoqol küçəsi, qərbdən Rəsul Rza küçəsi ilə məhdudlaşır.
Bu bağın olduqca maraqlı tarixçəsi var. Mənbələrə görə, bağ XIX əsrdə müxtəlif qəzalardan mal gətirən molokanların yerləşdiyi karvansaralarla əhatə olunub. Hazırda gördüyünüz bütün küçə və döngələr, eləcə də həyətlər o vaxtlar çəllək emalatxanaları ilə örtülü olub. Ətrafı üfunətli sular, dizə qədər qalxan palçıq bürüyüb. Bunun qarşısını almaq üçün rəhbərlik XIX əsrin 70-ci illərində bu yerlərə bağ salmaq qərarına gəlib. Adını da “Molokan meydanı” qoyub. Bağın yaradılması və layihələndirilməsi zamanı bir sıra çətinliklər ortaya çıxıb. Bunlardan bir çoxunun səbəbi su təchizatındakı problemlər olub. Bundan başqa, idarə və duma üzvləri tərəfindən bu bağa diqqət ayrılmayıb.
Müxtəlif səbəblərə görə bağın adı bir neçə dəfə dəyişdirilib. Bağın ilk rəsmi adı çar II Aleksandrın arvadı Marianın adını daşıyıb – “Marinski” bağı. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra bağ 1905-ci il qanlı bazar ertəsinin şərəfinə “9 Yanvar” adlandırılıb. Daha sonra bağa Haşım Əliyevin adı verilib. Müstəqilliyin elan edilməsindən sonra bağ görkəmli şairimiz Xaqani Şirvaninin şərəfinə adlandırılıb. Bağ əsaslı təmir işlərindən sonra 14 sentyabr 2024-cü il tarixində sakinlərin və şəhərimizin qonaqlarının istifadəsinə verilib.