Bu gün üçün bu, tamamilə təbii görünür – cibimizdən smartfonu çıxarıb ekrana toxunmaqla bir anı dərhal əbədiləşdirmək mümkündür. Amma heç düşünmüsünüzmü, insanlıq tarixində ilk dəfə işıq nə vaxt səbirli şəkildə səthin üzərində iz buraxdı? Bu sualın cavabı bizi XIX əsrin əvvəllərinə aparır – o zaman ki, fransız ixtiraçı Jozef Nisefor Nyesp (Joseph Nicéphore Niépce) elə bir iş gördü ki, dövrünün insanları üçün bu, alkimiyaya bənzəyirdi: ilk davamlı fotoqrafik görüntünü yaratdı.
Baki-baku.az xəbər verir ki, 1826-cı ildə Nyesp Yahudi bitumu (bitumen of Judea) adlı günəş işığına həssas bir maddədən istifadə etdi. O, bu maddəni qalay lövhənin üzərinə çəkdi, onu sadə bir kamera-obsuraya yerləşdirdi və obyektivi Le Qrasdakı malikanəsinin pəncərəsindən görünən mənzərəyə yönəltdi. Ekspozisiya azı səkkiz saat davam etdi.
Məhz bu təcrübə “heliografiya” adı ilə tarixə düşdü – dünyada işığın ilk dəfə uğurla qeydə alınması.
Dünya bir görüntü gördü ki, bu gün də ABŞ-ın Ostin Universitetində saxlanılır. Foto bir qədər bulanıq idi, binaların siluetləri xəyalvari görünürdü, amma bu bir isbat idi: işığı “tutmaq” və onu yaddaşın xidmətinə vermək mümkündür. Maraqlısı odur ki, Nyesp özü bu dünya şöhrətini görmədən dünyadan köçdü. Onun ideyası gələcəkdə Lui Dagerin (Louis Daguerre) kəşflərinə əsas oldu. Dager on il sonra dagerotipiya adlanan daha praktik və sürətli foto prosesini ictimaiyyətə təqdim etdi. Amma Nyespin eksperimentləri olmasaydı, fotoqrafiya tarixinin başlanğıcı onilliklər gecikə bilərdi.
Bəs Nyesp nə etdi? “İşıqla rəsm çəkmək” ideyasını texniki reallığa çevirdi. Onun helioqrafiyası sadəcə bir eksperiment deyil, zamana yanaşmada fundamental bir dəyişiklik idi. İnsanlıq ilk dəfə olaraq bir anı “dondurmağa” qadir alət əldə etdi. Təsəvvür edin, bu inqilab kimya, optika və ixtiraçının möhtəşəm səbrinin birləşməsi nəticəsində baş verdi. Bugünkü rəqəmsal fotoaparatlar, Instagram fotoları, və hətta süni intellektlə generasiya olunmuş təsvirlər – hamısı o qaranlıq çardaqda, qatı bitumla örtülmüş kiçik bir lövhəyə qədər uzanan bir ipdən asılır.
Bu gün Nyespin şəkli sadəcə bir tarixi eksponat kimi deyil, insan inadkarlığının və marağının simvolu kimi qiymətləndirilir. O, bizə xatırladır ki, böyük kəşflər həmişə uğurdan doğmur – bəzən heç kimin cəsarət etmədiyi təcrübəni etmək cəsarətindən başlayır.
Hacı Cavadov