Milli-mənəvi dəyərlər tariximizdə mühüm məqama sahib olan su saflığın, paklığın ünvanı olmaqla yanaşı, həm də minillər boyu özündə dünyanın başlanğıcını ehtiva edib. Oğuz xaqanın xatunun suların bağrından bitən Qaba ağacın yaxasından qopması, Ay xanın, Gün xanın, Dəniz xanın, Üç oxların, Boz oxların törəyişi, Dədə Qorqudun son məqamda xirqəsini suyun üzərinə salıb qeyb olması, “Koroğlu” və “Goroğlu” dastanlarında Koroğlunun Qoşabulaqda köpüklü suya çəkilib durulanması, ərşə bülənd olan müqəddəs səslə müjdələnməsi, türksoylu xalqların Novruz bayramında Su çərşənbəsini təntənə ilə qeyd etməsi Tanrı üzü görən suya məhəbbətin göstərici olmaqla yanaşı, həm də bu müqəddəslikdən payı olan məmləkət kimi səadətimizdir. Vətənin hər guşəsində bol sulu çayların, gur şəlalələrin, ala gözlü bulaqların rastımıza çıxması Ulu Tanrının törəmizə lütfüdür.

Laçın qəhrəmanlar diyarıdır!
Güləbörd kurqanlarının ətəyində binə tutan bu diyarda Sarı Aşığın türküləri yaranıb. “Əzizim, tərsinə qoy! Tər təni tərsinə qoy! Yaxşının qibləsinə, Aşığı tərsinə qoy!” nidası ilə qara sevdasına qul olan Sarı Aşığın oylağı həm də laçınlı Sultan bəyin, Andranik Ozanyanın qəniminin, Cümhuriyyətin ilk hərbi naziri Xosrov bəy Sultanovun diyarıdır. Zəngin təbiəti, sərt, sıldırım qayaları, yaşıl yaylaqları, sıx ormanları, gur bulaqları ilə cənnətin köşəsi olan Laçın, həm də şəlalələr panteonudur. Qarabağ yaylasında yerləşən minillər boyu formalaşan “təbii geoloji möcüzə hesab olunan Minkənd dağ şəlaləsi isə onun zinətidir. Yerli əhali ona həm də Ağbulaq şəlaləsi deyir. Bəs bu müqəddəs yerlərin tarixi haradan qaynaqlanır? Tarixi mənbələr sübut edir ki, Minkənd tərtəmiz türk etnooykonimdir. O adını qədim türksoylu Minq tayfasından alıb. VII əsrdə Doqquz Oğuz Konfederasiyasına, sonralar Qızıl Ordaya daxil olan bu tayfa tarixi savaşlar nəticəsində Odlar Yurdunda – Laçında məskunlaşaraq kəndin əsasını qoyub. Əski adı Şahsuvarlı olan kənddə əvvəllər Qaradam adlı yeraltı qazmalar olsa da, zaman ötdükcə yerli çay daşlarından monolit evlər tikilib.
Minkənd şəlaləni bəsləyən Ağbulaq adı isə daxili qatında, toponimik quruluşunda, iki mütləq mənanı daşıyır: Birincisi, suyun tam saflığını, təmizliyini və mineral zənginliyini, ikincisi isə suyun qayalardan yüksək sürətlə yaratdığı bəyaz köpükləri.

Qalaça – Cəngi-cidaların şahidi
Laçınlar oylağı Laçının göz oxşayıb, könül açan şəlalələrindən biri də Qalaça şəlaləsidir. Deyilənə görə, bu möhtəşəm təbiət möcüzəsi adını vaxtilə ərazidə mövcud olan qədim müdafiə istehkamlarının kiçik qalıqlarından alıb. Çoxəsrlik cəngi-cidalara şahidlik edən Qalaça şəlaləsinin digər adı olan Bozlu bu torpaqların əski sakinlərinin, Oğuz xaqanın yadigarı Boz oxların Bozlu elindən alıb.
Ölkəmiz müstəqilliyini bərpa etdiyi ərəfədə, 1991-ci il fevralın 7-də rəsmi şəkildə yaradılan Bozlu ərazi dairəsinə daxil edilib. 1992-ci ilin mayında erməni daşnaqları tərəfindən Laçının işğalı bu gözəl məkanı 28 il ərzində düşmən tapdağı altında ekoloji fəlakətlə baş-başa qoydu. 2020-ci ilin sentyabrında başlayıb noyabrında başa çatan 44 günlük Vətən Müharibəsindəki tarixi zəfərdən sonra, dekabrın 1-də işğaldan azad olunan Laçının digər müqəddəs məkanlarından biri kimi həm də Şərqi Zəngəzurun incisi sayılan Qalaça – Bozlu şəlaləsi də hüzura qovuşdu.
Şərəf Cəlilli