Bəzən ideya qəfil gəlir: məqalə yazmaq, layihə başlatmaq, biznes açmaq istəyi. Həmin anda sanki içində projektor yanır — hər şey parlaq, gur, həyəcanverici olur. Öz-özünə deyirsən: “Bu dahiyanədir. Mən bacararam.” Başda sürət, bədəndə alov. Bu hormonların adı nədir bilmirəm, amma normadan çox çıxdıqları dəqiqdir.
Sonra ikinci pərdə başlayır.
Sən plan qurmağa başlayırsan. Ciddi. Yetkin. Dedlaynlarla, risklərlə, reallıqla. Və birdən aydın olur ki: vaxt yoxdur, resurs yoxdur, dəstək yoxdur, sən valideynsən, təhsilin var və bir çoxunu sən sadəcə öz təsəvvüründə yaratmısan.
İdeya sönür. Pis olduğu üçün yox. Sadəcə onu yanlış mühitə saldığın üçün.
Mən bu ssenari ilə çox rastlaşmışam. Ta ki ideyanı başlanğıcda öldürməyə yox, onu səliqə ilə “rəflərə düzməyə” kömək edən bir metod tapana qədər. Sadədir, amma eyni zamanda dahiyanədir.
Bu, Disney metodudur.
Disney metodunun mahiyyəti nədir
Uolt Disney çox vacib bir şeyi müşahidə etmişdi: biz eyni anda həm xəyal qurub, həm tənqid edib, həm də planlamağa çalışanda — qaçılmaz olaraq özümüzü bloklayırıq. Buna görə də o, düşünmə prosesini üç fərqli rola ayırdı. Mərhələlərə yox, məhz rollara.
Və əsas qayda: onları heç vaxt qarışdırmamaqdır.
Cəmi üç rol var:
1. Xəyalpərəst
2. Realist
3. Tənqidçi
Bu metodu mən işdə və həyatda necə istifadə edirəmsə, elə də izah edim.

Disney metodunun üç mərhələsi
1. Xəyalpərəst — burada hər şey mümkündür. İdeyanı heç bir məhdudiyyət, şübhə və “amma” olmadan formalaşdırırsan. Yalnız istək və maraq var.
2. Realist — burada forma yaranır. İdeya konkret addımlara çevrilir: nə etmək lazımdır, necə etmək olar və bu sənin üçün hansı sürətdə realdır.
3. Tənqidçi — yalnız sonda. O, ideyanı dağıtmaq üçün yox, qorumaq üçün riskləri və zəif nöqtələri axtarır.
Xaos əvəzinə üç qapı
Təsəvvür et ki, ideya əlində tutduğun bir əşyadır. Fikir yox, abstraksiya yox, toxuna bildiyin bir şey. Qarşında isə üç qapı var.
Birinci qapı — xəyalpərəstlər
Bu qapıdan daxil olursan və burada heç bir məhdudiyyət yoxdur. Limitlər, dedlaynlar, büdcə, “bazar”, “yaş”, “düzgün / yanlış” anlayışları yoxdur.
Xəyalın palitrası yoxdur çünki onun sərhədləri yoxdur.
Bu otaqda ideyaya böyük, qəribə, sadəlövh, həddindən artıq cəsarətli olmağa icazə verilir. Burada onu kiçiltmirlər, dəqiqləşdirmirlər. Burada ideya yaşanır.
İkinci qapı — realistlər
Vacibdir: bunlar tənqidçilər deyil.
Realistlər ideyanı ehtiyatla, istehza etmədən götürür və tam başqa suallar verirlər:
Nə etmək lazımdır? Bunu konkret necə həyata keçirmək olar? Addımlar hansılardır? Nə qədər vaxt lazımdır? Hazır məhsul almaq üçün hansı maddi resurslar gərəkdir?
Realistlər arzunu öldürmür , ona skelet verirlər.
Üçüncü qapı — tənqidçilər
Burada mənfi tərəflərə baxılır.
Qorxmaq üçün yox, öncədən görmək üçün: harada yüklənmə ola bilər, harada dar boğaz var, harada yanma riski var, harada resurs çatışmazlığı yarana bilər.
Bu otaqda ideya dəyərsizləşdirilmir. Burada faktlar toplanır.
Qayıdış — əsas məqamdır
Üçüncü otaqdan sonra orada qalmırsan.
Sən yenidən ikinci qapıya — realistlərin yanına qayıdırsan.
İndi, bütün problemləri və neqativləri görüb oxuduqdan sonra, onlar əsas sualı verirlər:
Bunu necə həll etmək olar? Nəyi sadələşdirmək olar? Nəyi azaltmaq olar? Nəyi sonraya saxlamaq olar? Nəyi deleqasiya etmək olar?
İdeya ölmür. O, uyğunlaşır.
Bəzən ideyaya lazım olan tək şey — qapıların düzgün ardıcıllığıdır. Onları qarışdırmamaq.
Bəzən ideya zəif olduğu üçün yox, çox tez möhkəmliyə yoxlanıldığı üçün ölür.
Disney metodu uğura zəmanət vermir. Amma daha vacib bir şeyi verir — ideyanın özünü itirmədən formaya çatmaq şansını.
Və çox vaxt bu, tam olaraq yetərli olur.
Ayna Bəxtiyar