Gündüz yuxusu insanın enerji toplaması və zehni dincəlməsi üçün faydalı olsa da, onun müddəti doğru seçilməlidir. Rusiyalı nevroloq Yekaterina Demyanovskaya bu mövzuya aydınlıq gətirib.
Baki-baku.az gazeta.ru-ya istinadən xəbər verir ki, həkimin sözlərinə görə, gündüz yuxusunun ideal müddəti 10-20 dəqiqə arasında olmalıdır. Bu qədər yuxu, həm orqanizmin istirahət etməsinə, həm də gücün bərpasına kömək edir.
Nevroloq xəbərdarlıq edir ki, daha uzun müddət yatmaq əks təsir yarada bilər:
“Əgər gündüz yuxusu 30 dəqiqədən çox davam edərsə, insan yuxudan oyandıqda süstlük, halsızlıq və yorğunluq hiss edə bilər.”
Həkim onu da vurğulayıb ki, gündüz yuxusunun təsirli və faydalı olması üçün gecə yuxusu da keyfiyyətli və kifayət qədər uzun olmalıdır. Əks halda, beyin istirahət edə bilmir, bu isə yaddaşın zəifləməsinə və diqqət dağınıqlığına səbəb ola bilər.
Demyanovskaya əlavə edib ki, yuxu rejiminin pozulmaması üçün şəxsi gündəlik qrafikə əməl etmək vacibdir.
“Yuxu-oyanma rejimi stabil olduqda, həm gündüz, həm də gecə yuxusu daha keyfiyyətli olur,” – deyə o bildirib.