Dinindən, dilindən, irqindən, siyasi mənsubiyyətindən asılı olmayaraq min illər boyu dahilər və dahiyanə düşüncəsi ilə dünyanın rəngini, ahəngini dəyişən mütəfəkkirlər doğulub. O mütəfəkkirlər ki, üstündən illər, əsrlər ötməsinə baxmayaraq, düşüncələrinə istinad olunub. Gülzarlarından gələn əsintilər ruhun qida yerinə çevrilib.

Dostoyevski: “Önümdə divar var deyə, boyun əyməyi qəbul edə bilmərəm”
Vüqarın və əyilməzliyin nümunəsinə çevrilən Fyodor Dostoyevskinin hər cümləsi bir ibrət dərsidir. “Onu oxumaq, mütaliə etmək bir universitet bitirməkdir.” Bu mütəfəkkir yazıçı “Yer altından qeydlər” kitabında deyir: “Divarı yıxmağa gücüm yetmirsə, özümü parçalamalı deyiləm. Amma önümdə divar var deyə, boyun əyməyi də qəbul edə bilmərəm”

“Səni düşüncəmdə belə heç aldatmadım”
Dünya ədəbiyyatının incilərini yaradan “İki dahi bir-birinə aşiq ola bilməz. Gerçək eşq üçün biri mütləq dahilikdən uzaq olmalıdır” deyən Fyodor Dostoyevski dünyasını dəyişdikdən sonra bütün həyatını onun irsinin tədqiqinə, təbliğinə həsr edən, ilk oxucusu kimi tarixdə qalan ömür-gün yoldaşı – Anna Dostoyevskaya “Dostoyevski haqqında xatirələr” kitabı ilə təkcə onun xatirəsini əbədiləşdirmədi, əbədi sevginin nə olduğunu dünyaya sübut etdi. Anna Dostoyevskaya yazır: “Dostoyevski ölüm döşəyindəykən mənə baxdı və söylədi: Səni düşüncəmdə belə heç aldatmadım!”

Darvin: “Elm dinin düşməni deyildi, amma cəhalət hər ikisinin düşmənidir”
Darvinizm nəzəriyyəsinin banisi Çarlz Darvin tarixdə biologiya, biokimya və biomüxtəlifliklə bağlı ciddi əsərləri ilə yanaşı həm də qiymətli kəlamları ilə qalıb: “Oğrular oğurladıqları zaman deyil, paylaşdıqları zaman savaşırlar” kəlamı üstündən yüz il ötməsinə baxmayaraq aforizmə çevrilib. Darvinin bu qənaəti istər-istəməz yada Mövlana Cəlaləddin Ruminin “İnsanı atəş deyil, özünün qənaəti yandırar. Hər kəsdə qüsur görər, özünə tor gözü ilə baxar” kəlamını salır. Çarlz Darvinin təqdim etdiyimiz bu qənaəti də Mövlana ruhunun aynası kimi görünür “Elm dinin düşməni deyildi, amma cəhalət hər ikisinin düşmənidir!”

Höte: “Həyatda insanın başına gələ biləcək ən pis şey tənha hiss etməsinə səbəb olan insanlarla yaşamasıdır”
Böyük Fransız ədibi Höte ciddi əsərləri ilə dünyada məşhurdur. Tənhalığın ən gözəl dastanını bağlayan yazıçı həm də fəlsəfi düşüncələri ilə yaddaşlara həkk olunub: “Əvvəllər deyərdim ki, bir insanın başına gələ biləcək ən pis şey tək-tənha qalmasıdır. İllər keçdikdən sonra anladım ki, həyatda insanın başına gələ biləcək ən pis şey tənha hiss etməsinə səbəb olan insanlarla yaşamasıdır”
Hötenin bir kəlamı da var ki, onun nə zamana, nə də məkana ehtiyacı var: “Mal itirən bir şey itirir, qürurunu itirən bir çox şey itirir, cəsarətini itirən isə hər şeyini itirir!”

Aqata Kristi: “Ağıllı insan evlənməz!”
Dünyaşöhrətli yazar, imzasının arxasındakı kimliyi ilə qadın dühasını və əzəmətini dünyaya nümayiş etdirən Aqata Kristinin bir kəlamı var ki, ondan şərqli və azərbaycanlı düşüncəsinin iyi, ətri gəlir: “Gənc ikən evlən, çünki yaş artdıqca daha ağıllı olursan və ağıllı insan evlənməz!” deyib ayaq saxlayırsan.
Şərəf Cəlilli