Çay – dadına, ətrinə və faydalı xüsusiyyətlərinə görə dünyanın ən populyar içkilərindəndir. Lakin hər bir məhsul kimi, çaydan da sui-istifadə sağlamlıq üçün zərərli ola bilər.
Baki-baku.az bu barədə Gazeta.ru-ya istinadən xəbər verir.
Rusiyalı qastroenteroloq Olqa Yevlaşeva çayın hansı miqdarının təhlükəsiz olduğunu və hansı əlamətlərin kofein dozasının aşmasına işarə edə biləcəyindən danışıb.
Yevlaşevanın sözlərinə görə, gündə 3-4 stəkan (710-950 ml) çay qəbulu əksər insanlar üçün təhlükəsizdir. Lakin bu normanı keçmək (xüsusilə tünd çay içənlərə aiddir) onun tərkibindəki yüksək kofein tərkibi ilə əlaqədar bəzi mənfi təsirlərə səbəb ola bilər: “Çay yarpaqlarında kofein var. Bir stəkan çayda (240 ml) kofeinin miqdarı növündən və dəmləmə üsulundan asılı olaraq 11-61 mq arasında dəyişir”.
Həkim bildirib ki, orqanizmdə kofein artıqlığı yuxu pozğunluğu, narahatlıq və təşviş hissi, baş ağrısı və başgicəllənmə kimi əlamətlərlə özünü göstərə bilər.
“Əgər yuxunuzun keyfiyyətinin pisləşdiyini hiss edirsinizsə, qidalanmada, o cümlədən çaydan qəbul edilən kofein miqdarına diqqət yetirin. İnsanlar kofeini müxtəlif sürətlə metabolizə edir, buna görə onun yuxu rejiminə təsiri ayrı-ayrı insanlarda fərqli olur və dəqiq proqnozlaşdırmaq çətindir”, – deyə həkim vurğulayıb.
“Araşdırmalar göstərir ki, gündə 200 mq-dan az kofein dozası əksər insanlarda əhəmiyyətli narahatlıq hissi yaratmır, lakin hətta bu qədər miqdar yatmazdan 6 saat əvvəl qəbul edildikdə yuxunun keyfiyyətini poza bilər”, – deyə o, fikirlərini yekunlaşdırıb.