Bu gün ölkəmizdə Dövlət Bayrağı Günü qeyd olunur.
Dövlət Bayrağı Günü — Azərbaycan Respublikasının rəsmi dövlət bayramıdır və 2009-cu ildən etibarən noyabr ayının 9-da qeyd olunur.
Bu günün qeyd olunma tarixi isə 1918-ci ilin 9 noyabrında AXC tərəfindən Azərbaycan bayrağının dövlət bayrağı kimi qəbul edilməsi əsasında təyin edilib.
Belə ki, üçrəngli bayraq ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq edilib. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı muxtar respublikanın bayrağı kimi qəbul olunub. 1991-ci il fevralın 5-də üçrəngli bayraq Azərbaycan Respublikasının Ali Soveti tərəfindən təsdiq olunub. 2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi ilə bağlı Sərəncam imzalayıb. Həmin Sərəncama əsasən, noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı Günü elan edilib.