Radioinformasiya baş idarəsinin rəisi, Azərbaycan “Muğam”ının xilaskarı
Stalin repressiyasının xofunun, «Böyük rəhbər»dən sonra əyalətlərdə hökm sürən qorxunun yavaş- yavaş səngiməsi, hakimiyyət dəyişiklikləri Azərbaycanda da gerçəkləşdi. Mircəfər Bağırov rejiminin İmam Mustafayev hakimiyyəti ilə əvəzolunması milli ruhlu ziyalıların önə çəkilməsi ilə müşaiyət olundu. Daha sədaqətli və peşəkar kadrlardan yararlanmaq ideyasını hakimiyyətinin prioriteti hesab edən yeni birinci katib Nəsir İmanquliyev kimi lazımlı, işini bilən kadrlardan imtina etmədi. Əksinə Mircəfər Bağırovun da əqidəsinə, ötkəmliyinə, iradəsinə hörmət bəsləyib pillə-pillə yüksəltdiyi Nəsir İmanquliyev kimi kadrlara etibar etməyi zəruri bildi.
İmam Mustafayev hakimiyyətə təzə gəldiyi ərəfədə qəzetlərin əksəriyyətində, hətta Moskvada işıq üzü görən mətbuat orqanlarının bir çoxunda erməni daşnaqlarının fitvası ilə «Bakıda Radionu nə vaxt açırsan «Rasta» rast gəlirsən, erməni mədəniyyəti, erməni tarixi sıxışdırılır» kimi bəd ruhlu, həqiqətdən uzaq məqalələr dərc olunur, Mərkəzi Komitə də yerli rəhbərliyi qınaq hədəfinə çevirirdi. Milli-mənəvi dəyərlərə sədaqət hissi ilə yanaşan İmam Mustafayev belə vəziyyətdə daha uğurlu bir siyasi gediş edir. Peşəkarlığına, ötkəmliyinə, eyni zamanda müdrikliyinə ehtiram bəslədiyi Mərkəzi Komitənin Təbliğat-təşviqat şöbəsinin müdirini 1956-cı il noyabrın 23-də Mədəniyyət Nazirliyinin Radioinformasiya baş idarəsinin rəisi təyin edir. Təyinat zamanı aralarında olan qısa söhbəti xatırlayan İmam Mustafayev 1989-cu ilin dekabrında Azərbaycan radiosuna verdiyi müsahibədə deyirdi: «Mən Nəsir müəllimi qəbul edən zaman, qəzetlər yazır ki, «Radionu nə vaxt açırsan «Rasta» rast gəlirsən», istəyirəm gedib «onların» cavablarını verəsən. İnanıram ki, verəcəksən. Öz metodunla» dedim. Nəsir müəllim özünəxas təbəssümlə cavab verdi. Səsi sonra bərk çıxdı. «Öxu tar, səni kim unudar!» Muğam müsabiqəsi ilə hədyan yazanları peşiman etdi. Nəsir müəllim müdrik adam idi. Belə bir kadrı vaxtında qiymətləndirdiyim üçün indi də, bu ağsaqqal çağımda da qürur duyuram!»
Mərkəzi Komitənin rəhbərlərindən biri olmuş, akademik İmam Mustafayevin 33 il sonra qürur hissi ilə xatırladığı o unudulmaz tarixin məsuliyyətli, eyni zamanda şərəfli anlarını yaşayan Azərbaycan Teleradio QSC-nin Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri, xalq artisti Nəriman Əzimov isə sonralar Nəsir müəllimlə bağlı xatirələrində qeyd edəcəkdi: «Nəsir müəllim radioya rəhbər təyin olunanda radionun da, milli musiqimizin, ədəbiyyatımızın da ağır günləri idi. Stalin repressiyasının xofu, müharibənin dəhşətləri insanların canından çıxmamışdı. Muğamlarımıza, Üzeyir bəy kimi böyük bəstəkarımıza belə xüsusi hücumlar var idi. Bu qara yellər birbaşa mərkəzdən, özü də erməni daşnaqlarının əli ilə əsirdi. Ermənilərin Moskvada cızdığı planların başında doktor İonesyan dayanırdı. Və onlar bunu açıq-açığına edirdilər. Bunun qarşısını almaq isə müşkülə çevrilirdi. «Mənəm-mənəm» deyən kişilər belə bu mübarizəyə qalxmırdı. Bu cəsarət bircə nəfərdə tapıldı. Böyük bir qaragüruhun, imperiyanın qabağına Radioinformasiya Baş İdarəsinin rəisi, cəsarətin, ləyaqətin simvolu olan Nəsir İmanquliyev çıxdı. Sübut etdi ki, Üzeyir bəyə olan hücumlar birbaşa milli musiqimiz, muğamlarımızla bağlıdır. Çünki Üzeyir bəy «Koroğlu» operasını yazıb səhnəyə qoymaqla milli qəhrəmanlıq tariximizi vərəqləmiş, xalqı yaddaşa qaytarmışdı. Üstəlik, 1938-ci ildə Moskvada Azərbaycan Mədəniyyəti Günləri keçiriləndə «Arşın mal alan» operettasını Xalq Çalğı Alətləri Orkestrinin ifasında təqdim edərək:
Oxuma tar, oxuma tar, Səni sevmir, proletar. – söyləyənlərə, imperiyanın dəyirmanına su tökənlərə dağ çəkib nakam şairimiz Mikayıl Müşfiqin haqqını özünə qaytarmışdı. Bu həm də bizim milli alətlərimizi özününküləşdirmək istəyən daşnaqlara dərs idi. Mərkəzi Komitənin, Mədəniyyət Nazirliyinin müşavirələrində çıxış edən, milli dəyərləri təbliğ edən Nəsir müəllim radioda fəaliyyətə başlayan kimi «Oxu tar, səni kim unudar» devizi altında müsabiqə elan etdi. Mən həmin dövrdə Səid Rüstəmovun rəhbərlik etdiyi, son bir neçə on ildə rəhbərlik etmək qisməti mənə düşən orkestdə tarzən idim. Bu müsabiqə yuxarıdakıları «vəlvələyə» salmışdı. Ölkənin ən dəhşətli məmurları Nəsir İmanquliyevlə, radionun rəhbəri ilə bacara bilmirdi. Çünki o, böyük ziyalı, müdrik şəxsiyyət, ləyaqətli rəhbər, işini bilən, işini ustalıqla görən, amalının arxasında əməli dayanan iradə və cəsarət sahibi idi…
1956-ci ildə təməli qoyulan bu müqəddəs işin nəticəsini 1958-ci ildə Moskvada keçirilən Ümumdünya Mədəniyyət Ongünlüyündə və 1959-cu ildə yaşadıq. Mərkəz bu tipli hücumların nəticəsiz qaldığını, Azərbaycanın Nəsir müəllim kimi şəxsiyyətlərinin iradəsini duyub düz 21 il sonra Moskvada yenidən Azərbaycan Mədəniyyəti Ongünlüyünü təşkil etdi. Xan əminin, Sara Qədimovanın, Şövkət Ələkbərovanın şaqraq səsi «Qarabağ şikəstəsi» ilə Şimal səhrasına həqiqətin mehini gətirdi.
Bu gün tez-tez seyr etdiyimiz, milli televiziyamızın ekranlarından ruhumuza köçürdüyümüz, Qarabağın ağır günlərində dərdə dərman dediyimiz məşhur kadrlar o illərin yadigarı, Nəsir müəllimin cəsarətinin, ləyaqətinin adı, ünvanıdı…»
Üstündən 50 il ötəndən sonra Azərbaycan “Muğam”ı keçid dövrünün burulğanına düşdü. Xilaskar və himmayədar qismində Tanrı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, xanım Mehriban Əliyevanı, professor Nəsir İmanquliyevin nəvəsini göndərdi. Ölkədə genişmiqyaslı Muğam lahiyələri gerçəkləşdi.Muğam müsabiqələri təşkil olundu.Muğam portal yaradıldı.”Azərbaycan muğamları” layihəsi çərçivəsində “Qarabağ xanəndələri” musiqi albomu nəşr edildi.Beynəlxalq Muğam Mərkəzinin təməli qoyuldu.Azərbaycan Muğamı dünyanın maddi-mədəni irsi siyahsına yazıldı.Mehriban xanım Əliyeva bununla həm də XIX yüz ildə Şamaxıda ədəbiyyatın, mədəniyyətın, milli-mənəvi dəyərlərin qoruyucusu kimi tarix yaradan, malikanəsində “Beytüs-səfa”məclisini qrub,sənət-söz adamlarını, ustad sənətkarları himayə edən, Azərbaycan muğamlarının təbliğ üçün varını, dövlətini əsirgəməyən böyük babası, nənəsi Gövhər xanım Sultanzadənin babası Mahmud Ağanın ruhunu şad etmiş oldu…
Nəsir müəllim efir adamı olmamışdan, ruhunu səsə, nəfəsə köçürməmişdən öncə qəzetçi idi. Əslində el dili ilə desək, «O, təpədən dırnağa» qəzetçi idi. «Gənc işçi»nin, «Yeni yol»un bulağından içmişdi. Müqtədir qələm sahiblərini, dövrünün ayinəsini yaradan mühərrirləri də burada görmüşdü. Ağahüseyn Rəsulzadə, Allahverdi İsayev, Qulam Məmmədli kimi qəzet quran, oyanışın, qurtuluşun yolunu qəzet işində, təbliğat və təşviqatda görən ziyalılardan idi. 1956-cı ilin noyabrından 1957-ci ilin sentyabrına kimi efirdə, radioda biri- birindən möhtəşəm layihələrə imza atan professor Nəsir İmanquliyev 1957-ci il sentyabrın 14-də yeni yaranan Radio və Televiziya Komitəsinə sədr müavini təyin olunur. Televiziyaya rəhbərlik tanınmış şair-publisist Teymur Elçinə, Radioya rəhbərlik isə Nəsir İmanquliyevə tapşırılır. Bu təyinat, Radio və Televiziyaya verilən geniş imkanlar, Nəsir müəllimə göstərilən etimad onun əl-qolunu bir az da açır. Mərkəzi Komitəyə Radio və Televiziyanın mətbuat orqanını qurmaq üçün müraciət edir. Müraciətinə Moskvada baxılır. Bunun üçün ora ezam olunur.
Radio və Televiziyada keçən şərəfli günlər, məsuliyyətli anlar barədə sevə-sevə müsahibələr verdiyi radiojurnalistlərə həmişə: «Sizin indiki «Ekran-Efir» həftəlik qəzetinin yaranmasında bilavasitə iştirak etmişəm. Moskvada olmuşam, onun razılığını almışam, hətta kağız materialını da oradan gətirmişəm. O vaxt «Danışır Bakı» və «Radio proqramı» adı ilə çıxırdı» deyə, qürur hissi keçirər; «Radio və televiziyanı peşəkar jurnalistlərin, tanınmış ziyalıların, görkəmli alimlərin, istedadlı qələm sahiblərinin, səsi bulaq kimi çağlayan aparıcı diktorların, işini bilən rejissorların, texniki işçilərin birgə əməyi dinləyicilərə, tamaşaçılara sevdirə bilər…» kəlamı ilə dünyanın öyüd-nəsihət, ustad-şəyird müqəddəsliyinə döndərdi.
90 illik bir ənənəsi olan, beşiyinin başında Üzeyir bəy, Müslüm Maqomayev, Səid Rüstəmov,Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı, Əhmədxan Bakıxanov, Mirvarid Dilbazi, Əzizə Cəfərzadə, Leyla Terequlova, Zəhra Salayeva, Tofiq Kazımov, Soltan Nəcəfov, Aydın Qaradağlı, İsrafil Nəzərov, Ənvər Əlibəyli, Nəbi Xəzri kimi istedadlı sənət-söz adamlarının, məlahətli səsi ilə ürəklərə yol tapan diktorların dayandığı Radio və Televiziya Komitəsinə Radionun 30 illik yubileyi ərəfəsində gələn Nəsir müəllim Mərkəzi Komitənin təyinatı ilə gəlsə də, söz adamı, səs adamı idi. Sözü, səsi, nəfəsi ilə mətbuat səhifələrindən, kürsülərdən çoxlarına tanış və doğma idi.
Hər gələn sədr, sədr müavini radionun, televiziyanın tarixində öz izini qoyur. Teymur Elçini, Nəbi Xəzrini xeyirxahlığın, İsrafil Nəzərovu, Nəsir İmanquliyevi, Elşad Quliyevi peşəkarlığın rəmzi kimi yaddaşına yazan dinləyicilər, tamaşaçılar ilk dəfə məhz Nəsir İmanquliyevin radioya rəhbərlik etdiyi aylardan ana dilli verilişlərin sayının artıdığını hiss etdilər. Bu ənənə Nəsir müəllimdən sonra Ənvər Əlibəyli, Rauf Kazımovski, Seyfəddin Abbasov, Tahir Rəsulzadə, Kamil Rzaquliyev, Rauf İsmayılov, Aydın Vəlixanov, Həbibə Məmmədxanlı, Firudin Ağayev, Kamil Rüstəmbəyov, Vaqif Mustafazadə, Faiq Aslanbəyov, Əhməd Aşurbəyov, Nazim Abbas kimi peşəkar jurnalistlərin, rejissorların, efir adamlarının zamanından başlayaraq bu günə kimi davam etdirilsə də, milyonların auditoriyasının – radionun yaddaşına bir fakt yazıldı: « Məhz Nəsir müəllimin icazəsi və xeyir-duası ilə idman verilişləri, futbol şərhləri rus dilinin hökmran olduğu bir vaxtda dinləyicilərə ana dilində təqdim olundu. Milli radionun tarixində ilk dəfə bu günə qədər davam edən «Muğam saatı» proqramı efirə vəsiqə aldı. Tanınmış rus və avropa ədiblərinin əsərləri onun şəxsi təşəbbüsü, redaktəsi və tərcüməsi ilə ana dilinə çevrilərək dinləyicilərə çatdırıldı. Əməkdar jurnalist, ömrünün yarısından çoxunu radio və televiziyamızın inkişafına həsr edən Valid Sənaninin dili ilə desək: «Bu, o zamanlar üçün cəsarətli addım, ləyaqətli bir iş idi. Bunu hər kişi, hər rəhbər edə bilməzdi…»
Nəsir müəllim efirdən, radiodan, səslər muzeyindən – xalqımızın gücünü, qüdrətini, mənəvi zənginliyini nəfəslə, səslə yaşadan məbəddən tez getdi. Amma işi qaldı. Adı, əməli xeyirxahlığı, peşəkarlığı qaldı. Qısa bir müddətdə bir ilə yaxın zaman kəsiyində efirə peşəkarlıq, milli ruh, ana dilli proqramlar gətirən Nəsir müəllim Üzeyir bəydən, Müslüm Maqomayevdən, Məmməd Səid Ordubadidən, Cəfər Cabbarlıdan, daha kimlərdən, kimlərdən yadigar qalan, işində, əməlində bir qaibanəlik, mübhəmlik olan radioda ahəngini, səsini, nəfəsini qoyub öz böyük arzusunun arxasıyca getdi. «Əkinçi»nin, «Molla Nəsrəddin»in bulağından içən, artıq 90-ı keçən, əyninə milyonlarla dinləyicinin məhəbbətindən don biçən, «Bulağ»ı, «Divani»si, «Yol»u, «Vaxt»ı, «Sarı tel»i, «Dövran»ı, «Səhər»i ilə zülmətləri yaran, «Axşam görüşləri»nin boxçasını səsdən, muğamatdan tutan, sevənlərinin, sevdiklərinin yuxusuna şəkər qatan milli radiomuz indi yeni yaranan neçə-neçə radionun, televiziyanın özəyinə çevrilib. Bu gün çox-çox istedadlı qələm sahibinin, şair və yazıçının: «Mən Nəsir İmanquliyev məktəbini keçmişəm», «Mən «Bakı» qəzetinin şinelindən çıxmışam» – sözlərini Nəsir müəllim radioya şamil edərdi: «Radio mənim üçün həmişə məktəb olub. Mən onun «şinelindən» çıxmışam. Üzeyir Hacıbəyovun, Müslüm Maqomayevin, Məmməd Səid Ordubadinin bulağından içmişəm. Əgər çoxdan arzuladığım, mübarizə apardığım «Bakı» qəzeti olmasaydı, radiodan ayrılmazdım…»
Nəsir müəllim radiodan cismən getdi. Ruhu, duyğuları, sevgiləri mələyə dönüb bu məbəddə qaldı. Onun arzularını sevimli tələbələri gerçəkləşdirdi. Neçə-neçə efir təşnəsi illəri yola salsa da, yenə ustadını özünün önündə görür. İçindən gələn səs qulağında cingildəyib, dodağında pıçıltıya dönür: «Bizim jurnalistika fakültəsini bitirən gənclərin əksəriyyəti radio və televiziyada çalışır, onların bir çoxunu tanıyıram. Böyük ailə sahibi olublar, yaşa dolublar həm də öz maraqlı verilişləri ilə yadda qalıblar. Mən onların hər birini ekran-efir dəst- xəttindən tanıyıram. Mənim tələbəm olanlara da, olmayanlara da xoş arzularımı bildirirəm. Arzu edrəm ki, onların işi günün tələblərinə uyğun olsun və onlar xalqımızın apardığı tədbirlərdə ön sırada getsinlər…»
Şərəf Cəlilli