Bu günlərdə Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) və onun tabeliyində olan strukturlar, rayon icra hakimiyyəti başçıları və onların aparatları gücləndirilmiş iş rejimində işləyirlər.
Baki-baku.az xəbər verir ki, kanalizasiya xətlərinin BŞİH-in balansında olmasa da, qurum tərəfindən mütəmadi dəstək göstərilir. Belə ki, Bakı şəhərində subasma müşahidə edilən ərazilərdə şəhərin kommunal xidmət əməkdaşları xüsusi vasitələrdən istifadə etməklə yağış sularını çəkir həmçinin zəruri hallarda insanları təxliyə edirlər. Ərazilərə su nasosları, xüsusi texniki qurğular və ehtiyac olan yerlərə ağır texnikalar cəlb olunub.
Yaranmış vəziyyətlə bağlı yerlərdə BŞİH-nin monitorinq qrupu çalışır. Onlar su yığılan əraziləri, problemli ünvanları müəyyənləşdirir, aidiyyəti qurumlara məlumat verirlər.
Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev 8 noyabr prospektində, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Adil Vəliyev isə Zabrat qəsəbəsində olub, aidiyyəti qurumlara problemli ərazilərlə əlaqədar göstərişlər veriblər.
Beləliklə, intensiv yağan yağışın törətdiyi fəsadları aradan qaldırmaq üçün Bakı şəhərinin bütün məsul qurumları koordinasiyalı şəkildə işləyirlər.



