Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 06/19/2026

Paylaşın

HƏR ŞEYDƏN

Bakının ulduz xəritəsi: Paytaxt əraziləri hansı bürcdə yerləşir?

Bakının ulduz xəritəsi, Bürc

Şəhərlərin astroloji xəritəsinin qurulması kifayət qədər maraqlı və fərqli yanaşmadır. Astrologiyada “şəhər zodiakı” adlanan nəzəriyyəyə əsasən, hər bir şəhər coğrafi mərkəzindən çıxış etməklə 12 bərabər sektora bölünür və bu sektorların hər biri zodiakın bir bürcü ilə əlaqələndirilir. Klassik bölgüdə şərq istiqaməti Qoç, cənub Xərçəng, qərb Tərəzi, şimal isə Oğlaq bürcünə uyğun hesab edilir. Bakının mərkəzi kimi Keşlə dəmiryol stansiyasını başlanğıc nöqtəsi götürdükdə, paytaxtın müxtəlif hissələrinin astroloji simvollarla maraqlı uyğunluq təşkil etdiyini görmək mümkündür.

Baki-baku.az “şəhər zodiakı” nəzəriyyəsinə əsaslanaraq Bakının astroloji xəritəsini təqdim edir.

Qoç bürcünün hakim olduğu Babək prospekti, Zirə, Gürgən və Pirallahı şəhərin enerjisini, cəsarətini və yenilik ruhunu təcəssüm etdirir. Bu ərazilər Bakının sənaye tarixinin formalaşdığı, mühüm layihələrin həyata keçirildiyi məkan kimi diqqət çəkir. Babək prospektinin adı qəhrəmanlıq ruhunu yaşadırsa, Pirallahı dəniz neft hasilatının başlanğıc nöqtəsi kimi tarixə düşüb. Buradan idarə olunan Neft Daşları isə həm Azərbaycan, həm də dünya neft sənayesi tarixinin ən mühüm simvollarından biridir. Zirənin məşhur zəfəranı və qədim Abşeron mayakı da bu sektorun işıq saçan, öncül xarakterini tamamlayır.

Buğa bürcünə uyğun gələn Əhmədli, Həzi Aslanov, Günəşli və Zığ daha çox bolluq, rahatlıq və maddi rifah anlayışları ilə səsləşir. Həzi Aslanov ətrafında formalaşmış zəngin ictimai iaşə infrastrukturu, Bir hissəsi Buğa bürcünə uyğun olan Zığda yerləşən sosial sığınacaqlar və bir zamanlar mövcud olan öküz heykəli, Buğanın həm yaradıcı, həm də qayğıkeş xarakterini əks etdirir. Hövsanın məşhur yerli soğan növü isə bu sektorun simvolikasını daha da gücləndirir.

Hava ünsürünə aid olan Əkizlər bürcünün təsiri altında olan Nobel prospektinin və Zığın bir hissəsi informasiya, kommunikasiya və nəqliyyatın mərkəzi kimi seçilir. Nobel prospektində yerləşən televiziya mərkəzləri, iri ticarət obyektləri və intensiv informasiya axını bu bürcün dinamik mahiyyətini xatırladır. Vaxtilə Zığ ərazisində hava və su nəqliyyatını birləşdirən unikal aparatların sınaqdan keçirilməsi də Əkizlərin innovativ düşüncə və kommunikasiya xüsusiyyətləri ilə maraqlı uyğunluq təşkil edir. Burada “Zığ” Quru Yük Limanı da fəaliyyət göstərir.

Xərçəng bürcünün əhatə etdiyi Keşlə və Ağ Şəhər isə şəhərin tarixi yaddaşını yaşadan məkanlardır. Bir vaxtlar “Qara Şəhər” kimi tanınan bu ərazi Bakı neft sənayesinin inkişafında mühüm rol oynayıb, sonradan həyata keçirilən Ağ Şəhər layihəsi isə həmin tarixi müasir şəhərsalma ilə birləşdirib. Keşlədə yerləşən Şah Abbas məscidi və Tibb Muzeyi də bu sektorun köklərə bağlılıq, qoruyuculuq və sağlamlıqla əlaqəli mənəvi yükünü tamamlayır.

Şir bürcü Bakının ürəyini təşkil edən 28 May, Sahil, “İçərişəhər” metro stansiyalarının ətrafı, Dənizkənarı bulvar və Bayıl istiqamətlərini əhatə edir. Burada yerləşən Prezident Administrasiyası, Filarmoniya, Xalça Muzeyi, tarixi mərkəz və digər mühüm obyektlər paytaxtın idarəçilik, incəsənət və nümayiş xarakterini özündə birləşdirərək Şir bürcünün təmtəraqlı və diqqət mərkəzində olma xüsusiyyətlərini əks etdirir.

Qız bürcünün sektoru Nizami, Elmlər Akademiyası, İnşaatçılar və Badamdar istiqamətlərini əhatə edir. Bakı Dövlət Universiteti, Azərbaycan Milli Elmlər Akademiyası, elmi-tədqiqat institutları və çoxsaylı tibb müəssisələrinin burada cəmləşməsi bu ərazini şəhərin intellektual və analitik mərkəzinə çevirir.

Tərəzi bürcünün təsiri altında olan Nərimanov, Gənclik və Yeni Yasamal estetik görünüşü, ictimai balansı və diplomatik mühiti ilə seçilir. Heydər Əliyev Mərkəzinin memarlıq baxımından unikal görünüşü, iri ticarət kompleksləri və müxtəlif beynəlxalq əhəmiyyətli obyektlər bu sektorun harmoniya və gözəllik anlayışları ilə üst-üstə düşür.

Əqrəb bürcünün simvolik məkanı olan “20 Yanvar”, “Memar Əcəmi” metro stansiyalarının ətrafı və Avtovağzal istiqaməti isə şəhərin görünməyən infrastrukturu ilə əlaqələndirilir. Metropoliten depoları, əsas su və kanalizasiya sistemləri, eləcə də palçıq vulkanlarının yerləşdiyi ərazilər də bu bürcün dərinlik, sirr və gizli enerji anlayışlarını xatırladır.

Oxatan bürcünə uyğun gələn “Nəsimi” və “Azadlıq” metro stansiyalarının ətrafı Binəqədi və Biləcəri daim hərəkəti, səyahəti və geniş üfüqləri simvolizə edir. Biləcəri dəmiryol stansiyasının ölkənin əsas nəqliyyat qovşaqlarından biri olması, Binəqədidə aşkarlanan qədim tarixi tapıntılar isə uzun yol, kəşf və zaman anlayışlarını bir araya gətirir.

Oğlaq bürcünün sektoru Ulduz, “Bakmil” adlanan ərazi və Böyükşor istiqamətlərini əhatə edir. Heydər Əliyev prospekti boyunca yüksələn müasir biznes mərkəzləri, iri sənaye müəssisələri və möhkəm infrastruktur bu bürcün nizam-intizam, inkişaf və dayanıqlılıq xüsusiyyətlərini özündə əks etdirir.

Dolça bürcü astroloji baxımdan yenilik, elmi-texniki tərəqqi, elektrik enerjisi, aviasiya, kino sənayesi və beynəlxalq əlaqələrlə assosiasiya olunur. Bu bürc futuristik memarlığı və gələcəyə yönəlmiş layihələri simvolizə etməklə yanaşı, xarici ölkələrlə əlaqələrin qurulduğu məkanlara da himayədarlıq edir. Bakının Dolça sektoruna daxil olan ərazilər bu xüsusiyyətləri özündə aydın şəkildə əks etdirir.

Məhz bu sektorda paytaxtın əsas hava nəqliyyatı mərkəzi olan Heydər Əliyev Beynəlxalq Aeroportu yerləşir, Zabrat qəsəbəsindəki vertolyot meydançası isə hava nəqliyyatı infrastrukturunu tamamlayır. Müasir memarlığın parlaq nümunələrindən sayılan Milli Gimnastika Arenası da öz futuristik görünüşü ilə Dolçanın yenilikçi ruhunu ifadə edir.

Bu sektorun kino tarixi ilə də xüsusi əlaqəsi var. Balaxanı qəsəbəsində yerləşən fəhlə klubunda 1898-ci ildə Azərbaycanda ilk film nümayişi təşkil olunub. Həmin tarixi nümayişi bakılı fotoqraf Aleksandr Mişon həyata keçirərək ölkənin kino tarixində mühüm bir səhifənin əsasını qoyub.

Dolça beynəlxalq münasibətləri də simvolizə etdiyindən, bu sektorda xarici əlaqələrlə bağlı mühüm obyektlərə rast gəlinir. Qara Qarayev metro stansiyasının yaxınlığında Azərbaycan vətəndaşlarının xarici ölkə vətəndaşları ilə nikahlarının rəsmiləşdirildiyi şöbə fəaliyyət göstərir. Eyni zamanda, Nardaran qəsəbəsi də tarixdə xüsusi yer tutur. Böyük Vətən Müharibəsi illərində burada düşmən arxasına göndərilmək üçün kəşfiyyatçıların hazırlandığı xüsusi məktəb fəaliyyət göstərərək ölkənin hərbi tarixində mühüm rol oynayıb.

Balıqlar bürcünün əhatə etdiyi Suraxanı, Qala, Mərdəkan və Şüvəlan isə mənəviyyat, mistika və daxili harmoniya ilə əlaqələndirilir. Atəşgah məbədi, Mir Mövsüm Ağa ziyarətgahı və Qalanın qədim, dar küçələri bu ərazilərin sakitlik, düşüncə və mənəvi dəyərlərlə zəngin atmosferini əks etdirir.

Bu astroloji xəritə Bakıya yalnız coğrafi və memarlıq baxımından deyil, həm də simvolik və mədəni rakursdan baxmaq üçün fərqli yanaşma təqdim edir. Şəhərin müxtəlif hissələrinin xarakterini astroloji arxetiplərlə müqayisə etmək, paytaxtın sosial və tarixi inkişafına fərqli prizmadan nəzər salmağa imkan yaradır. Bu uyğunluqların nə dərəcədə təsadüfi, yoxsa şəhərsalma prosesinin maraqlı qanunauyğunluqlarından biri olması isə artıq oxucunun mülahizəsinə qalır.

Elvin Camalov

Bənzər Xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Gəlin zaman maşınına əyləşib, o dövrün Bakısının qoxusunu, parıltısını və geyim fəlsəfəsini vərəqləyək

Ən son

İdman

Gənclər və İdman Nazirliyi və Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) birgə təşkilatçılığı ilə Bakıda "European Aquatics"

İdman

Gənclər və İdman Nazirliyi və Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) birgə təşkilatçılığı ilə Bakıda "European Aquatics"
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin