Nəşr edilmişdir 10/18/2024

Paylaşın

XƏBƏRLƏR

Bakının püstə ağacları…

Püstə

“Müharibə vaxtı Bakıya bomba düşmədi. Heç bircə dənəsi də düşmədi. Deyəsən, bizdən – məhəllə uşaqlarından başqa, heç kəs buna təəssüflənmədi. Hədər yerə gecədən xeyli keçənədək binanın damında oturub hava hücumunu gözləyirdik. Maşalar da, qarmaqlar da, baltalar da asılı qaldı.

Bizim yaşadığımız ev böyük və çox gözəl idi. Ev ikimərtəbəli idi, bütün ikinci mərtəbə boyu balkonlar sıralanırdı. Həyətdə isə böyük bir püstə ağacı bitmişdi. Elə böyük idi ki, ikinci mərtəbənin balkonuna kölgəsi düşürdü.

Bizim üçün çox əlverişli ağac idi. Kəşfiyyat oyunu oynayanda onun budaqları arasında gizlənirdik və heç kəs bizi tapa bilmirdi. Bakının heç bir həyətində belə böyük püstə ağacı yox idi. Payızda püstə yetişəndə biz onları yığıb bütün qonşular arasında bərabər bölürdük. Püstəni əvvəlcə qərargaha toplayır, sonra hər mənzilə bir böyük kağız torbada paylayırdıq. Hamı da bizə “sağ ol” deyirdi…”.

Yazıçı Maqsud İbrahimbəyovun “Püstə ağacı” hekayəsindəndir bu proloq. Hekayə oğlan uşağının dilindən yazılıb. Müharibə dövründə uşaqlıq illərini xatırlayaraq danışan cavan oğlanın…  Oxucular öz qəhrəmanı ilə birlikdə ortasında böyük püstə ağacı bitən kiçik Bakı həyətinə ekskursiya edir.

Şəninə təkcə sözlər yazılmayıb püstə ağacının, həm də rəsm əsərlərinin mövzusu olub. “Püstə ağacı” tablosu Xalq rəssamı Rasim Babayeyin ən tanınmış əsərlərindəndir. Tablonun əsas qəhrəmanı elə mərkəzdə geniş və xaotik budaqları ilə əks olunan püstə ağacıdır. Deyilənə görə, əsərin yaranmasının belə bir maraqlı tarixçəsi var. Rəssamın o zamankı emalatxanası Milli Kitabxananın yaxınlığında yerləşirmiş. Emalatxanasının qarşısında duran püstə ağacı rəssam üçün çox doğma imiş. O, bu ağaca tamaşa edər, xəyallara dalarmış. Lakin bir gün bu püstə ağacı kəsilir və  yerinə başqa növ ağac əkilir. Hadisədən xəbərsiz olan Rasim Babayev gördüyü mənzərədən təsirlənir. O, belə bir qərara gəlir ki, hər gün tamaşa etdiyi “köhnə dostu”nun xatirəsini kətan üzərində əbədiləşdirsin.

Püstə

Əsərin kompozisiya quruluşu yetərincə sadədir. Biz mərkəzdə hekayənin əsas qəhrəmanı olan püstə ağacını görürük. Lakin onun gövdəsinin və köklərinin torpağa necə güclü bağlı olduğu hissi rəssam tərəfindən bizə ötürülən bir nüansdır. Ağacın bir-birinin içindən keçən hərəkətli budaqları göyə doğru uzanır. İzləyicinin də baxışını aşağıdan – torpaqdan göyə doğru yönəldir.

Amma sol tərəfə doğru baxdığımız zaman ağacın budaqlarının davam etdiyinin, kətanın hüdudlarını aşdığının şahidi ola bilərik. Püstə ağacının bizim görmədiyimiz hissədə də bu cür  şaxələnərək uzanıb gedən budaqları həyata, yaşama olan bağlılıq hissi oyadır. Həmçinin əsərin ölçüsünün yalnız bizim gördüyümüz kətandan ibarət olmayıb, daha böyük ölçülərdə mövcudluğu fikrini oyadır.

İndi isə püstə ağacının özündən danışaq. O ağac ki, 400 yaşı var. Bakının Qala kəndindədir. Ağac qədimliyi və görünüşü ilə turistlərin  diqqətini cəlb edir. Qeyd edək ki, vaxtilə kənddə tut və püstə ağacı əkmək ənənəvi hal idi.

Qədim ənənələri bərpa edərək püstəni öz qədim vətənində əkilməsini genişləndirmək, həmçinin yerli iqlimə uyğunluğunu nəzərə alaraq ərazinin yaşıllaşdırılmasında istifadə etmək məqsədi ilə Abşeronda ilk püstə bağlarının salınması gözlənilir. Hazırda isə püstə ağacı şəxsi təsərrüfatlarda becərilir, tinglər vasitəsilə çoxaldılır.

Püstə ağacı ikievli bitkidir. Artırılması toxum, firqəndə (budaqlarını torpağa bastırma) və calaq üsulu ilə olur. Toxumdan yetiştirilən püstə ağacları calaq olunmadığı təqdirdə 7-8 ilə yaxut sonrakı illərdə çiçəkləmə dövrü başlayır. Bundan sonra ağacın daha dəqiq hansının dişi və ya erkək olması məlum olur. (erkək meyvə vermir, enli süpürgəsalxımlı tozluqdan ibarətdir) Calaq olunduğu təqdirdə isə 3-4 ilə meyvəyə düşür.

Püstə ağacı yetişdirildiyi bölglərin iqlim və ekoloji şəraitindən asılı olaraq, aprelin axırı, mayın əvvəli yarpaqları əmələ gələnə qədər on-onbeş gün ərzində çiçəklənir. Ləng böyüyən ağac olsa da, ömrü 100 ildən artıqdır. Hətta 700-800 il yaşamaq qabiliyyəti olan bir ağac kimi təsdiqlənib. Yayın istisinə, qışın soyuğuna dözümlüdür. 40-45 dərəcə istiyə, -25 dərəcə soyuğa kimi davam gətirirlər.

Abşeronda – Novxanı, Maştağa, Nardaran, Mərdəkan, Keşlə, Əmircan və digət ətraf ərazilərdə yayılıb.

Püstə

Püstə ağacı “açıq-kök” halında digər ağaclardan fərqli olaraq bir yerdən digər əraziyə köçürülməsinə olduqca həssasdır. Belə hallarda kök sistemi azca da olsa zədələnərsə, ağac uzun müddət xəstə olmaqla inkişafdan qalır və ya tamamilə quruyur.

Bəlkə də elə bu xüsusiyyətidir ki, onu neçə-neçə əsərin ana xəttinə çevirib. Kök vacibdir axı. Gərək zədələnməsin. Elə xatirələr də…

Naibə Qurbanova

Related Stories

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bakı, 17 oktyabr, BAKIBAKU Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 17-də Bakı Olimpiya Stadionunun ərazisində COP29-a hazırlıqla bağlı görülən

xəbərlər

Prezident İlham Əliyev Füzulinin işğaldan azad edilməsinin dördüncü ildönümü ilə bağlı paylaşım edib. BakıBaku xəbər verir ki, paylaşımda deyilir: “Zəfər tariximiz

xəbərlər

Ən son

DİGƏR XƏBƏRLƏR

Nərimanov rayonunda “Təmiz hava” aylığı ilə əlaqədar tədbir keçirilib.Baki-baku.az-ın Bakı Şəhər DYP İdarəsinə istinadən verdiyi

DİGƏR XƏBƏRLƏR

Baki-baku.az xəbər verir ki, aksiyada rayon rəhbərliyi, idarə, müəssisə və təşkilatların əmək kollektivlərinin üzvləri, ictimaiyyət

XƏBƏRLƏR

“Müharibə vaxtı Bakıya bomba düşmədi. Heç bircə dənəsi də düşmədi. Deyəsən, bizdən – məhəllə uşaqlarından