“İctimai proseslər media müstəvisində” mövzusunda III Forum “Rəqəmsal inkişaf: Media, süni intellekt və innovasiya” adlı panel sessiya ilə yekunlaşıb.
Baki-baku.az xəbər verir ki, paneldə çıxış edən Audiovizual Şuranın Aparat rəhbəri Fazil Novruzovun sözlərinə görə, rəqəmsallaşma prosesi son 10 ildə vüsət alıb.
“Cəmiyyətin bütün sahələrində rəqəmsal transformasiya baş verir. Bu məqamda medianın kənarda qalması qeyri-mümkündür”, – o qeyd edib.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter insidentlərinə qarşı mübarizə mərkəzinin rəisi Murad Balayevin sözlərinə görə, “Deep strike”ın 2026-cı ildəki hesabatına görə, dünyada “deep-fake” xarakterli dezinformasiyalar 500 mindən 8 milyona qədər artıb: “Media sektorunda da dezinformasiya qaçınılmazdır. Media subyektlərinin üzərində böyük məsuliyyət düşür”.
Medianın İnkişafı Agentliyinin (MEDİA) Media təhlil şöbəsinin müdiri Səbinə Seyidova bildirib ki, media subyektlərinin əksəriyyəti sosial şəbəkələrdə daha çox aktivləşir: “Ənənəvi media interaktiv deyil. Bu baxımdan, yeni media anlayışı meydana çıxır. Artıq media sadəcə jurnalistika fəaliyyəti kimi yanaşma yox, biznes kimi bir baxış var”.
MEDİA rəsmisi əlavə edib ki, süni intellektin gətirdiyi risk də artır. Bir müddətdən sonra yazı vərdişi itəcək, oxucuların inamı itəcək və s. Bütün bunlar jurnalistikanın qarşısına təhdidlər qoyur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İnformasiya Təhlükəsizliyi departamentinin müdir müavini İlkin Əzizovun sözlərinə görə, müəssisələrdə işlərin 43%-i süni intellektlə görülür: “Rəqəmsallaşma prosesinin sürətlənməsi və effektivliyim artırılması üçün tədbirlər həyata keçirilir”.
O vurğulayıb ki, insanlar texnoloji gigiyenaya riayət etməli, ayıq-sayıq olmalıdır.
İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin Təhlil və Monitorinq şöbəsinin rəisi Əzizə Vahidi isə süni intellektin sənayeyə təsirindən danışıb.
Panel sessiya sual-cavabla başa çatıb.