Nəşr edilmişdir 09/25/2024

Paylaşın

ETNOQRAFIYA

Bakıda dini ayinlərin və bayramların xüsusi ənənəsi var…

Dini

Bakıdakı dini ayinlərin tarixini düşünərkən nədənsə “Əli və Nino” romanının bir fraqmenti düşür yadıma… Nino pəncərənin qarşısında dayanıb küçədən keçən izdihama baxır. Görür ki, minlərlə insan avazla nəsə oxuyaraq əllərində xəncər, kürəklərinə zəncir vurur, yürüş həyata keçirir. Bu, gürcü qızına qəribə və bir qədər də qorxunc gəlir… Qəfildən zəncir vuranların arasında öz sevimli Əlisini görəndə Nino diksinir. Onu vahimə basır. Ona elə gəlir ki, sevgilisi Orta əsrlərdən gələn barbar kütləsinin içinə düşüb.

Axşam evdə bu hadisənin mübahisəsi gedir. Nino Əlini cahillikdə, geridəqalmışlıqda ittiham edir. Əli isə Aşura mərasiminin mahiyyəti və fəlsəfəsi haqqında danışır. Ninonu fikrindən daşındırmağa çalışır.  

Həqiqətən də, bizim bir çox milli və dini adət-ənənələrimiz var ki, məlumatsız və kənar insanların gözünə qəribə və qeyri-adi görünə bilər. Lakin bütün bu adət-ənənələr, ayinlər və mərasimlər yüzilliklər boyu xalqımızın və ələlxüsus da Bakı əhalisinin ictimai-sosial həyatının ayrılmaz hissəsini təşkil edib…

Tarixən Bakıda xüsusi təntənə və əzəmətlə qeyd olunan dini mərasimlərdən ən əsası Peyğəmbərin mövludu, Qurban bayramı, Ramazan bayramı, Aşura mərasimləri olub.

Peyğəmbərin mövludu daha rəsmi, daha ciddi mərasimlərlə müşayiət olunub. Məscidlərdə Bakının dini rəhbərləri tərəfindən xüsusi mövlud moizələri edilib, peyğəmbərin şərəfinə yazılmış nətlər (Məhəmməd peyğəmbərə həsr olunmuş klassik şeir növü) oxunub.

Ramazan bayramı da Ramazan ayının sonunda qeyd olunub. Süfrələr açılıb, ehsanlar verilib. Bakıda yüzilliklər boyu ən böyük təntənə ilə qeyd olunan dini bayram isə Qurban bayramı olub.

Dini

Qurban bayramı əsrlər keçdikcə şəhərin ictimai-sosial həyatını əks etdirən çoxşaxəli bir təntənəli mərasim halına gəlmişdi.

Həmin gün səhər tezdən başlayaraq bazar meydanlarında dərvişlərin, qəsidəxanların səsləri yüksələrdi. Qurbanlar kəsilərdi, hər qurban yeddi qapıya paylanardı. Bundan əlavə, bazar meydanlarında qurbanlıq ətdən yeməklər bişirilər, fəqir-füqəraya, yetim-yesirə paylanardı. 

Bakıda Qurban bayramının xüsusi bir özəlliyi də vardı. Dəmir yolu çəkilənə qədər Azərbaycanın qərb bölgələri ilə iqtisadi-ticari əlaqələri zəif idi. Bakıdan gəmiyə minib Həştərxana, Ənzəliyə, Türkmənistana getmək daha asan və rahat idi, nəinki arabalarla, karvanlarla Gəncəyə, Qarabağa yol almaq… Ona görə də qədimdə Bakıda Qurban bayramı zamanı Türkmənistandan gəmilərlə gətirilmiş dəvələr də qurban kəsilərdi. Əgər bir şəxs Qurban bayramı zamanı məhz dəvə kəsib ətini fəqirlərə paylayırdısa, bu onun maddi rifahının göstəricisi idi.

Bu bayramlardan əlavə, Bakıda xüsusi ehtişamla keçirilən mərasimlərdən biri və hətta birincisi Aşura mərasimləri idi.

Məhərrəm ayında İmam Hüseynin Kərbəla çölündə qətli ilə bağlı hər il keçirilən bu mərasimlər qədimdə Bakının mədəniyyət və incəsənətinin inkişafına xüsusi təkan verirdi.

Aşura mərasimlərini şərti olaraq üç yerə bölmək olar.

Birincisi, sırf Bakının ruhani rəhbərlərinin şeyxlərinin, dini alimlərinin, dərvişlərin, rövzəxanların iştirakı ilə keçirilən mərasimlər olub. Burada Kərbəla hadisəsinin fəlsəfəsi açıqlanar, İmam Hüseynin şücaətlərindən bəhs edən mərsiyələr oxunar, rövzələr səsləndirilərdi. Bu ayinlər daha çox Bakının böyük məscidlərində, ələlxüsus da Təzəpir və Göy məsciddə həyata keçirilərdi. 

İkincisi, ümumi dindar kütlənin iştirakı ilə keçirilən qara bayraqlı, qara ələmli kütləvi yürüşlər, zəncirvurma, sinəzənlik və s. ayinlərdir. Burada arzu edən hər bir kəs iştirak edə bilərdi. Yürüşlər adətən Qoşa qala qapısından başlayaraq Quba meydanına tərəf, oradan da Göy məscid istiqamətində həyata keçirilərdi.

Üçüncüsü isə Kərbəla hadisəsinin müxtəlif fraqmentlərini əks etdirən şəbih tamaşaları idi. Bunlar da yüzillər boyu bizim milli teatr ənənələrinin ayrılmaz tarixini təşkil edib. Şəxsən mənim özüm üçün bu mərasimlərin içində ən fərqlisi və maraqlısı məhz şəbih teatral meydan tamaşalarıdır. Bunlar da daha çox Qoşa qala qapısının qarşısındakı böyük meydanda keçirilərdi.

Şəbih tamaşalarına hazırlıq il boyu davam edərdi. “Şəbihgərdan” adlı rejissorlar həmin bölgənin şairlərinin iştirakı ilə şəbih tamaşalarının ssenarilərini hazırlayardılar. Mərsiyələri seçər, klassik şairlərin yaradıcılığından nümunələr ayırardılar. O vaxt Bakıda fəaliyyət göstərən “Məcməüş-şüəra” ədəbi məclisinin üzvü olan klassik şairlər bu prosesdə aktiv iştirak edərdilər.

  • Şəbihlərin ssenariləri hazır olandan sonra isə şəbihgərdan şəhər sakinləri arasında aktyorluq istedadı və həvəsi olan adamları toplayardı. Geyimlər və dekorlar hazırlanar və məşqlər edilərdi. İl boyu həyata keçirilən hazırlıqlar nəticəsində ərsəyə gələn şəbih tamaşaları Məhərrəm ayı boyunca Bakı sakinlərinə təqdim edilərdi. Bu meydan tamaşaları sonradan Azərbaycanın professional teatrını yaradan tanınmış aktyorlarımız üçün ilkin sınaq meydanı olmuşdu. Bakının məşhur aktyorları Mirzəağa Əliyev, Hüseyn Ərəblinski, Abbas Mirzə Şərifzadə, hətta SSRİ Xalq artisti Sidqi Ruhulla da gənclikdə uzun müddət şəbih tamaşalarında iştirak etmişdilər. Teatr sənətinə sevgiləri və bağlılıqları məhz bu mərasimlər zamanı yaranmışdı. Azərbaycan teatr sənətinin qocaman xadimlərindən olan Rüstəm Kazımov iyirmi ilə yaxın bir müddətdə Bakıda şəbih tamaşalarına rejissorluq etmişdi. O, şəbihgərdan olaraq təcrübə toplayandan sonra peşəkar teatr sahəsinə qədəm qoymuşdu.

Bunlardan əlavə, Bakıda qismən lokal dini mərasimlər də olub ki, bunların da arasında “Əli süfrəsi”, “Allah aşı” və s. ehsan mərasimləri bu günə qədər də Abşeronda davam etdirilir. Bu mərasimlərin hər birinin öz tarixi və strukturu var.

Məsələn, “Əli süfrəsi”ndə dini ayinlərdən, moizələrdən, mərsiyələrdən sonra məhz aş bişirilib ehsan verilərdi. Lakin “Allah aşı” (qısa formada “Allayşa”)  mərasimlərində mərasim iştirakçılarına ehsan olaraq məhz əriştə (xəmiraşı) bişirilərdi.

Bu mərasimlər daha çox niyyət-nəzir kultuna bağlı idi. Misal üçün, Bakıda ən böyük niyyətinin həyata keçməyini arzulayan adam “Əli süfrəsi” nəzir deyərdi. Niyyəti həyata keçirdisə, “Əli süfrəsi” ehsanı verərdi.

Bu mərasimlərin bir qismi müasir dövrümüzə qədər gəlib çıxmış, Bakı və Abşeronda əhalinin milli-mənəvi dəyərlərinin bir hissəsini təşkil edərək sevə-sevə keçirdiyi mərasimlər kimi qalmaqdadır.

Related Stories

İlqar Fəhmi-şair, yazıçı, kinodramaturq, Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Azərbaycanda Yeni il bayramı hər zaman böyük coşqu ilə qeyd olunur. 31 dekabr həm də Dünya Azərbaycanlılarının Həmrəylik

Ən son

GÜNDƏM

Fövqəladə Hallar Nazirliyi (FHN) 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı

İQTİSADİYYAT

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti minimum əməkhaqqından aşağı əməkhaqqı

İQTİSADİYYAT

2024-cü ildə olduğu kimi 2025-ci ildə də Azərbaycan Mərkəzi Bankı (AMB) pul siyasətinə 8 dəfə