Nəşr edilmişdir 10/29/2024

Paylaşın

ƏSAS XƏBƏRLƏR

Bakı – arzularımın şəhəri

Yataqxana

III yazı

Yataqxana

Bu silsilə yazılar bir vaxtlar uzaqdan-uzağa Bakını sevmiş bir rayon uşağının dilindən yazılır. Bakıya onun gözündən baxacaqsınız. Onun Bakısını oxuyacaqsınız. Zarafat deyil, az qala, otuz illik bir tarixdən danışırıq. 

Bu gün yolumuz yataqxanayadır. Siz bilirsiniz, 90-cı illərdə yataqxana və yataqxanada tələbə olmaq nə deməkdir? İndi kabus kimi gəlir adama.

…Universitetin 2-ci korpusunun qarşısı ilə bir az yuxarı qalxırdıq. Yol bir az dikdi. İndi də. O diki aşağı enib, saga dönsək, universitetin arxa qapısından idman korpusuna qədər gedə bilirdik. Bütün korpusların arxa həyətə açılan qapısı vardı. Həm də dərslərdən qaçış qapısı idi onlar.

Həmin yoxuşla qalxıb Mətbuat prospektinə çatırdıq. Sol tərəfə getsək, “Azərbaycan” nəşriyyatını görəcəkdik. Sağ tərəfə gedən Musabəyov parkına çıxa bilərdi. Yolun o tərəfində isə universitetin böyük tələbə şəhərciyi yerləşirdi. İndi də. Amma indi tələbə yoxdur.

Şəhərciyin dəmir barmaqlı hasarı vardı. Həmişə açıq olan darvazası maşınlar üçündü. Biz də keçərdik. Geniş yeri qoyub piyada qapısından keçməyəcəkdik ki? Mühafizə adına kimsə oturardı yan köşkdə həmişə. Bir də həmin o darvazanın ortasından qalın, dəmir zəncir keçərdi, maşınları buraxmaq istəməyəndə onu bir az yuxarı qaldırardılar. Bir dəfə məni görməyə gələn anam üçün atam metrodan yuxarıya doğru marşrutu göstərən bir xəritə çəkmişdi dama-dama vərəqdə. O zəncir də vardı xəritədə. Çox gülmüşdüm.  

Yolu keçməyə tələsməyək. Yaxın keçmişə qədər qaynar tələbə həyatına şahidlik edən şəhərciyə bir az uzaqdan baxmaq lazımdır. O vaxt burada qızlar, oğlanlar və Qarabağdan məcburi köçkün düşmüş ailələr birlikdə yaşayırdı. Eyni dəhlizdə hamını görmək mümkündü – qızları, oğlanları, qaçqın ailələri. Bu qarışıqlıq bütün tərəflər  üçün vərdiş etmədikləri bir atmosfer yaratmışdı. Əminəm, orada yaşayanlardan heç kimi heç vaxt bunu unuda bilməyəcək. Nə eşqlər, nə davalar, nə macəralar. Yazmağa qorxuram. Yazsam, unudacam sanki. Bəs niyə unutmaq istəmirəm?

1-ci korpusda mülki müdafiə dərsləri keçirilirdi deyə məskunlaşma olmamışdı. Soldan 1, 2, 3 və 4-cü korpuslar düzülmüşdü. Sağda 5, 7 və 6-cı korpuslar vardı. 8-ci korpus şəhərcikdən yuxarıda yerləşirdi. İndi bu korpusların yarısı yoxdur. Dağıdılıb. Bizimki də.

Binalar çox nimdaş idi. Onsuz da xeyli yaşı olan binalar təyinatı üzrə istismar edilmədiyindən əcaib görkəm almışdı. Qaçqınlar əllərinə keçən materiallarla eyvanları bağlamışdılar. Taxta, dəmir, parça – nə istəsəniz, görmək olardı. Bu rəngarəng surrealist əsərlər yeddi ağaclıqdan binanın yataqxana olduğunu göstərirdi. Eyvanda asılmış paltar çeşidindən və sayından artıq bəlli idi insanların necə sıxlıqda yaşadığı. Qaçqın ailələr bir otağın içində 5-6 nəfər yaşayırdı, heç asan deyildi. Lənət olsun müharibəyə! Ölkənin zəngin bölgələrindən olan Qarabağın sakinləri indi ən azına qane olmuşdular.

Şəhərciyin ortasından yuxarıya qalxan pilləkənlərin sağında və solunda kiçik köşklər vardı – ərzaq satılırdı. Keçmişdən bircə dənə mağaza qalmışdı, o da 2-ci korpusun altında. Bu pilləkəni sonacan qalxsan, Yasamala gedib çıxmaq olardı. Şəhər əhalisinin də kəsə yolu olmuşdu bu pilləkən. Biz də çox işimizi Yasamalda görərdik. Bazara gedərdik, gəzməyə çıxardıq, saç ustası axtarardıq, çimməyə gedərdik həyət evlərindəki hamamlarda. Köhnə pulla min manat idi.

…İndi saga-sola şütüyən maşınlarla dil tapıb yolu keçək. Zəncirli darvazadan içəri girək. Sol tərəfdə avtomat telefonlar var. 3-4 dənə olar. Az danışmaqdıq bu telefonlarla.   

Pilləkənlərlə bir az yuxarı qalxırıq. Günün istənilən vaxtında bu uçuq-sökük pilləkənlərdə qələbəlikdir. Ya tələbələr, ya yuxarı-aşağı qaçışan uşaqlar, ya da səhər işə, axşam evə qayıdan yorğun kişilər. Pilləkənsiz də qalxmaq mümkün idi. Bir balaca yoxuş idi də. Əhvalımıza görə iki yoldan birini seçərdik.

Sağdan 5-ci korpusu keçib, 7-cinin qarşısına dönürük. Qarşısında ağaclar var. Eyvanlar yenə rəngbərəng. Otaqlardan musiqi səsi gəlir. Bunlar tələbələrdir. Tələbə tayfası nəsə həmişə şəndir. Bütün şərtlərdə. Həyətdə uşaqlar qaçışır. Qadınlar pəncərələrdən uşaqları haylayır. İndi haradadı bu uşaqlar, neçə yaşları var, nə işlə məşğuldurlar, xəbərim yoxdur. Hələliksə zəngilanlı ağdamlıya, ağdamlı cəbrayıllıya sataşır, dalaşırlar, barışırlar. Necə ki taleləri ilə barışıblar. Onların hamısına yuxarıda – Yasamalda “qaçqın uşaqları” deyirlər. Hə, bir də qaçqın məktəbi var 1-ci korpusda. Bir dəfə oraya uşaqlardan intervü almağa getmişdim.

…Mən altı il yaşadım burada. Mənimçün minihəyat oldu yataqxana həyatı. İnsanları tanıdım, hər şeyi bölüşməyi, rəqs etməyi, mahnı oxumağı, bircə tortla bayram etməyi, hər şeyə (rəğmən) gülməyi öyrəndim. Xüsusən də sonu görünməyən çətinliklərə…

Ardı var…

Related Stories

Redaktor, filologiya üzrə fəlsəfə doktoru

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bakı məktəblərində çalışan müəllimlərin orta aylıq əməkhaqqı 1 000 manata yaxındır.Baki-Baku.az xəbər verir ki, bu barədə Bakı Şəhəri

Ən son

GÜNDƏM

Azərbaycan ərazisində dekabrın 22-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.Baki-Baku.az xəbər verir ki, bu barədə

GÜNDƏM

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakının Füzuli küçəsində avtobus

GÜNDƏM

Günəşdə iki güclü partlayış baş verib.Baki-Baku.az bu barədə TASS-a istinadən xəbər verir.Rusiya Tətbiqi Geofizika İnstitutundan