Azərbaycanda dəmirçilik sadəcə bir peşə deyil, metalın miflərlə qovuşduğu, körük alovunun xalqın gücünü və iradəsini əks etdirdiyi bütöv bir aləmdir. Ən qədim zamanlarda dəmir müqəddəs ünsür sayılırdı, dəmirçi isə yalnız ustad deyil, həm də insanla təbiətin gizli qüvvələri arasında vasitəçi kimi qəbul edilirdi. Əfsanələr və dastanlar ustaların əllərində şimşək kimi çaxan, sehrli qılıncların necə doğulduğunu, körüklərdə təkcə silahın deyil, xalqın öz tarixinin necə döyüldüyünü yaddaşlarda saxlayıb.
Baki-baku.az-ın qeyd etdiyi kimi, Azərbaycanda metal emalının minillik tarixi eramızdan əvvəl IV–III minilliklərə qədər uzanır. Həmin dövrdə belə bürünc və dəmir məmulatları yüksək sənətkarlıqda bədii səviyyəni nümayiş etdirirdi. Məhz Kür-Araz mədəniyyəti dövründə Qafqaz metallurgiyanın Avrasiya məkanında müstəqil və əhəmiyyətli mərkəzlərindən birinə çevrilmişdir. Qaraköpəktəpədən Yanıqtəpəyədək aparılan arxeoloji qazıntılar göstərir ki, burada metallurgiya ayrıca istehsal sahəsi kimi fəaliyyət göstərirdi.
XI əsrə gəldikdə isə dəmirçilər heyrətamiz zirvələrə yüksəldilər. 1063-cü ildə usta İbrahim Osmanoğlu tərəfindən hazırlanmış Gəncə qapılarını xatırlamaq kifayətdir. Bu möhtəşəm əsərdə dövrün bütün dəmirçilik üsulları – döymə, kəsmə, qaynaq və ən mürəkkəb ornamental bəzəklər cəmlənib. Belə abidələr təkcə sənətkarlıq nümunəsi deyil, həm də ictimai texnoloji tərəqqinin qiymətli göstəricisidir.
Türk mifologiyasında dəmirçi və şaman – alov və ruh qardaşları sayılırdı. Dəmirçilərin himayədarı Kıday Baksı yeraltı biliklərin qoruyucusu və şamanların müəllimi kimi tanınırdı. Dəmir müqəddəsləşdirilir, dəmirçi isə müqəddəs güc rəmzi kimi qəbul edilirdi. Koroğlu dastanında «Misri qılınc» – ildırımdan döyülmüş qılınc – səmavi odun və qəhrəmanın ilahi aləmlə bağlılığının rəmzi idi.
Təsadüfi deyil ki, Azərbaycanın xəritəsində Şamaxıdan Naxçıvana qədər uzanan «Dəmirçi» toponimləri bu gün də qalmaqdadır. Bu adlar dəmirçilik sənətinin kəndlərin, hətta nəsillərin taleyini necə formalaşdırdığının canlı sübutudur.
Azərbaycan dəmirçilik sənəti – zamanın, inancın və ustalığın izlərini daşıyan canlı salnamədir. Kür-Araz mədəniyyətinin qədim mədənlərindən tutmuş Koroğlunun əfsanəvi qılıncına, Gəncənin orta əsr qapılarından Ləkit və Lahıc ustalarının zərif naxışlı işlərinə qədər bütün bu nümunələr bir-birinə bağlı zəncirin həlqələridir. Burada metal gücün, ruhun və müqəddəs enerjinin simvoluna çevrilmiş, dəmirçilər isə təkcə sənət sirrlərinin deyil, həm də xalqın mədəni yaddaşının qoruyucularına dönmüşlər.
Bu gün əfsanələri və rəvayətləri xatırlayaraq anlayırıq ki, dəmirçilik sənəti sadəcə keçmiş deyil, Azərbaycan tarixini isidən əbədi bir od, ölməz bir alovdur.
Hacı Cavadov