Daş yaddaşından, dağ ruhundan Daş dövrünə
I yazı
Milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq insanlar hər zaman göylərə, ucalığa, zirvəyə, kamilliyə doğru can atıblar. Türklər də həmişə yüksəkliyə meylli xalqlardan olub. Yurd yerlərini, çadırlarını daha çox dağ döşündə, yamaclarda, sərt, sıldırım qayaların, qəlbi dağların yaxasında qurublar. Əzəl yurdu göylər, Tanrı dərgahı olan Oğuz oğlu Qaba ağacın koğuşundan yerə, torpaq müqəddəsliyinə endirildikdən sonra hündür dağ qoynunda, zirvələrdə yuva qurmaqla Tanrısına bir az yaxın olacağına inanıb. Müqəddəs ağaclar, axar sular, bulaqlarla yanaşı, dağları da tapınaqların sırasında görüblər. Torpağa bənd olan, başı göylərə dirənən hündür dağları, dağ silsilələrini göylə yer arasında körpü sanıblar.
Doğudan Batıya at çapan türklər dağları aşarkən onlara ehtiramla yanaşıblar, qarşısında səcdəyə durublar. Yurdun qalası hesab etdikləri dağları özlərinə arxa, dayaq biliblər. “El elə, dağ dağa söykənər” deyən türk insanı dağı özünə qardaş bilib, dar günündə ona sığınıb, dərd-sərini onunla bölüşüb.
Türkün adına yazılan yörələrdə Tanrı dağlarından Qafqaz dağlarınadək geniş bir ərazidə onlarla uca dağlar müqəddəsləşdirilib, insanların iman, inanc yerlərinə çevrilib. Türk dünyasının şərqində Bodın-Inli, Altay, Saqçaq, Ağqaya, Qaradağ, Alaş və digərlərinə tapınıblarsa, bu dünyanın qərbində Haça qaya, Qara qaya, Şahdağa, Babadağa, Ağrıdağa, Beşbarmaq dağına, Ağbabaya, İlandağa, Haçadağa, Əshabi-Kəhfə səcdəyə durublar. Adlarını sadalamadığımız bir çox dağları, yalçın qayaları ziyarətgaha çeviriblər.
Dağların şahı, Tanrı evi kimi tanınan Qaf dağı tanrıların yurdu hesab olunduğundan onu Tanrı səviyyəsində görüblər. Ata dağ, Ana dağ deyə çağırıblar. Dağlarla qarşı-qarşıya duran türk kişisi ona salam verdiyi kimi, qadınlar, xüsusən də gəlinlər dağlara “qayınata” deyə müraciət edib hüzurunda yaşmanıblar.
Tarixi mənbələr, mifoloji mətnlər də sübut edir ki, əski türklər su, ağac ruhuna tapındıqları kimi, dağ ruhunun da varlığına inanıblar. Hər dağın öz ruhu olduğu inancına tapınan türklər həmçinin ruhların bir kökdən gəldiyini, qardaş olduğunu qəbul ediblər. Saqların, Barsillərin, Hunların dövründə belə, dağlar arasında ruhani, mənəvi bağların olmasına inanıblar.

Murov, Oşqar, Kəpəz-Alvızın oğulları
Dağların bir soydan olması ilə bağlı Qafqaz türklərində, eləcə də ləzgi, avar, insanında, qırğız, başqırd, qazax, xakas, yakut xalqlarında xeyli sayda miflər yaranıb. Səngəri, sipəri, gərdəyi, qəlbi dağlar, sərt, sıldırım qayalar olan Odlar Yurdu Azərbaycanda belə miflərin sayı çoxluq təşkil edib. “Öncə bir olub, sonradan ayrı-ayrı ərazilərə çəkilib duran dağlar haqqında deyimlərdə qeyd olunur ki, Alvız dağı sac asıb, yuxa bişirmək istəyirdi. Xəmiri kündələyib, yığıb, sacın qızmağını gözləyirdi. Böyük oğlu Qoşqar, ortancıl oğlu Murov və kiçik oğlu Kəpəz də ocağın qırağında oturublarmış. Alvız ana ilk yuxanı açıb sacın üstünə salan kimi Kəpəz deyir: “Bu yuxa mənimdir. Heç birinizə verməyəcəyəm.” Murov: “Yox mənimdir” deyir. Qoşqar isə deyir. “İndi ki, belə oldu, heç biriniz ona əl vurmayın”. Beləcə, qardaşların tərsliyi tutur, yuxa bişməmişdən dalaşaraq bir-birinin yaxasını cırırlar. Alvız ana nə qədər onlara təpinirsə, kirimirlər. Kəpəzlə Murov dalaşmağa başlayırlar. Qoşqar qardaşlarının arasına girib onları sakitləşdirməyə çalışır. Lakin Murov bir kösöv götürüb Kəpəzin boynunun dalına endirir. Kəpəz bağıraraq boynunu tutub qaçır. Qoşqar Kəpəzi çox istəyirmiş. Kiçik qardaşının qışqırtısına dözmür. qızmar sacı qaldırıb Murovun başına çırpır. Ağrıdan Murov da çığıra-çığıra başqa istiqamətə gedir. Alvızın üzü bozarır. Qoşqar döyüləcəyindən qorxur, günbatana yüyürür. Üç qardaş ayrılıb hərəsi bir tərəfdə qərar tutur. Alvız ana tək qalır. O vaxtlardan bəri qardaşlar öz analarına, ana da oğullarına baxa-baxa qalmışlar.”

“Yeddi qardaş dağı”- düşmən çəpəri
Azərbaycan türkünün yaddaşının digər səhifəsində isə dağ qardaşlarının ayrılığından deyil, birliyindən söz açılır. “Bir el ağsaqqalının yetkinlik yaşlarına çatmamış yeddi oğlu var idi. Özü də qocalmışdı, əli qılınc tutmurdu. Yağılar fürsəti bada vermir, tez-tez basqın edib, eli talayırmışlar. Günlərin bir günü yenə yağılar gəlir. Yeddi qardaş qoşun yığıb onların qabağına çıxır. Ancaq onlar uşaq, yağılar isə neçə ilin qantökənləri. Yeddi qardaşın qoşunu basılır. Qardaşlar görür ki, qoşun basıldı, yağılar yenə eli çapıb-talayacaqlar. Üzlərini göyə tutub Tanrıya yalvarırlar ki, “Ya Tanrı, bizi keçilməz dağa döndər. Qabağı kəsək, yağılar elimizi tapdağa çevirməsin.” Tanrı onları eşidir və qardaşların yeddisi də dağa dönüb yan-yana düzülürlər. Yağılar keçməyə yer tapmır, geri dönüb biryolluq gedirlər. Camaat o gündən dağlara “Yeddi qardaş dağı” deməyə başlayır.”

Nuhun gəmisi, Ağrı dağının sancısı
Mifoloji mətnlərdə, əski inanclar da Vətənin, elin qoruyucusu olan dağlar yurd hamisidir. Dağ ruhuna tapınmaq Tanrı nəzərində olmaq deməkdir. Altaylara görə dağı yer üzünə Tanrı göndərib, öz evini də onun zirvəsində ucaldıb. Belə zirvələrin birində Ülgen Tanrı öz taxtını qurub. Dağların zirvələrində, qayalıqların üstündə səs-küy qoparmaq olmaz, bu Tanrılara sayğısızlıqdır. Kiçik dağları böyük dağların övladları hesab edən türklər Ata və yaxud da Ana dağlara hörmət əlaməti olaraq bəzi kiçik dağları da müqəddəs ruhun daşıyıcısı kimi qəbul ediblər. Ağrı dağı ilə bağlı mif dünyasında deyilir ki, Nuh peyğəmbər yer üzünü su bürüyən zaman qabaqcadan düzəltdiyi həmiyə Tanrıya biət edən insanları və heyvanları mindirir. Günlərin bir günü Onlar başı qarlı Qısır dağa yan alırlar. Dağın başı gəmidəki insanları və heyvanları tuta bilmədiyindən o utanc hissi keçirir. Həmin gün dağ “boylu qalır” və dünyaya oğul gətirir. Qısır dağ o gündən Ağrı dağı, oğlu isə Bala Ağrı adı ilə çağrılır.

“Gəlin qaya” əfsanəsi – Şəfiqənin sevgisi
Azərbaycan türklərinin dağa, daşa olan sevgisi ilə bağlı mövcud olan yaddaşda, mifoloji mətnlərdə deyilir ki, “Bir gəlin uşağını belinə bağlayıb başını yuyur. Bu vaxt qayınatası gəlib çıxır. Gəlin həyasından üzünü göyə tutub deyir: “Ey Tanrı, məni daşa döndər.” Gəlin uşaqla birgə daşa, böyük bir qayaya dönür. Bu qaya “Gəlin qaya”sı adlanır. İnsanlar istəyini, diləyini “Gəlin qaya”sına danışar, niyyət edərdilər. Niyyətlərinə çatacaqlarını bilmək üçün xırda daşları qayanın başına atardılar. Daş orada qalardısa, niyyət yerinə yetər, diyirlənib yerə düşərdisə murad hasil olmazdı. Sevginin, sevdanın, həyat pərdəsinin adına bağlı olan bu əfsanə sonralar Şərqin ilk Opera yazan bəstəkarı Şəfiqə xanım Axundovanın “Gəlin qaya”sı operasının motivinə çevrilir. Şəfiqənin Qaya sevgisinin dünya ilə bir edir.

Çənlibel – Koroğlunun dağ ucalığı, Misri qılıncı, haqq davası
Altaylar Maaday-Qara nəslinin başlanğıcını müqəddəs dağla bağladığı kimi, türklərin ortaq dəyər hesab etdiyi “Koroğlu dastanı” da dağ kultuna bağlıdır. Azərbaycan türklərinin “Koroğlu” adlı yaddaş səhifəsində də, igidin yenilməz güc, qüvvət mənbəyi dağdır. Hələ Koroğlu dünyaya gəlməmişdən çox-çox öncələr onun yurdunun insanları dağ ruhuna tapınıblar. Belə olmasaydı Alı kişi oğlu Rövşəni-Koroğlunu dağa qaldırmaz və ona atasının dağ olduğunu söyləməzdi.
Əgər Maaday-Qara nəsli dağ və ağac cütlüyündən törəmişsə, burada soyun törəyiş mənbəyində dağla birgə Qoşabulaq, su dayanır. Dərya ayğırından olan, Qıratın, Düratın varlığı da su müqəddəsliyinə bağlıdır. Alı kişi nəslin əcdadını yaxşı tanıdığından Koroğlunu bu ucalığa qaldırır. Dağ ucalığı isə gənci kamilliyə qovuşdurur. Xalq, el istəkli ruhla onun içini doldurur. Qoşabulağın köpüyündə onu çimizdirməklə mənən təmizləyir, ruhunu durulayır. Koroğlu duruluğa tapınmaqla xalqı əzilməkdən, alçalmaqdan qurtarır, ona firavan həyat bəxş edir. Bu yeni, sağlam mühitin, yaxşılığa söykənən mühitin özü də uca dağ başında, Çənlibeldə qurulur. Çənlibel insanları bir qədər də ucalığa, Tanrı ruhlarına yaxınlaşdırır. Belə bir məqamda göy Tanrı, səma aləmi, ulduzlar dünyası da onları öz nəzarəti altında saxlaya bilirlər. Koroğlu dağ belinə qalxmaqla ulduzlar dünyasına bir az da yaxınlaşır, gündoğandan və günbatandan qopan ulduzların toqquşmasından süd gölündə əmələ gələn köpükdə yuyunmaqla və bu sudan içməklə qüdrət sahibinə, haqq aşiqinə, həm də Haqq Aşığında çevrilir. Ulduzlardan tökülən nur onun içinə hopur. Ulduzlarla, günəşlə birləşir. Türkün daha bir əski inancını kosmoqonik baxışlarını ərzi-halında cəmləşdirir. Koroğlunun Misri qılıncının Günəşin nişanəsi, göydən düşən İldırımın bir parçası olması da dediklərimiz əyani sübutdur.

Beşbarmaq dağı, Xıdır-zində, Xızır peyğəmbər və Xəzərin sahili
Pirlərin, övliyaların, peyğəmbərlərin, müqəddəslərin və müqəddəsliklərin məkanı olan Odlar Yurdu Azərbaycan da Xəzər dənizinin sahilində Xıdır-zində, Beşbarmaq adlı bir dağ ucalığı, ziyarətgahda var: Xızır ələyihsəlama bağlı. Beşbarmaq dağı və onunla üzbəüz dənizin içindəki qayanı da Banəslə əlaqələndirən insanlar onları qardaş biliblər. Xızır ələyihsəlamın atının yel qanadı ilə keçdiyi Xəzərdən içib dərdinə dərman tapan əski türklər Xıdır-zindədəki ayaq izlərində Xızırın duasını alıblar. Adına qurbanlar kəsib, sadağa veriblər.
Uralda yaşayan türklər də Ural dağlarında Tanrıların şərəfinə qurbanlar kəsiblər. Altaylar da Altay ruhuna etiqad edərək dağ başında qurbanlıq bayramları keçiriblər. Əslində, bu gün də davam etdirilən həmin mərasimlər türklərin yaşadığı bütün, dağlıq ərazilərdə mövcuddur. Türk ərazilərində tapılan əski çağ mədəniyyətini, dəyərlərini özündə ehtiva edən kurqanlar, sənduqələr, qəbir təpələr buna sübutdur. Qazax, Qırğız, Başqırd, Azərbaycan ərazilərində belə ocaqlar onlarladır. Türklər pir, ocaq hesab etdikləri dağların, təpələrin varlığında bir himayə, ümid, inam, Tanrı nuru axtarıblar. Xakaslar dağdakı sıldırım qayada müəyyən bir detala əsaslanıb onda insan üzünü, insanı görüb və onun dağ yiyəsi, dağ kultu olduğuna inanıblar. Beşbarmaq dağında – Xıdır-zində də insan surətinin görüntüsü xüsusilə qabarıqdır. Özbəklərdə, türkməklərdə, qazaxlarda dağ ruhlarına inam çox güclüdür. Uca dağların zirvəsinə ziyarətə yollanan insanlar bu daş qalaqlarının yanından keçərkən onun üstünə mütləq bir daş götürüb atardılar. İllərlə atılan daşların hesabına burada hündür təpəciklər əmələ gəlibdir. Müqəddəs ziyarətgahlardan biri kimi tanınan Babadağda bir neçə belə daş-qalaq təpələrinə indi də rast gəlmək mümkündür.

Sufilərin, hürufilərin diyarı
Min illər boyu dağ ruhuna olan inamını itirməyən türk oğlunun ən əlamətdar günləri dağların qoynunda keçib. Çətin günlərində dağlarda tonqal çatmaqla elin igidlərini səfərbərliyə çağıran dağ keşikçiləri şad günlərində, qələbə sevincini yaşayanda da tonqal çatıb yurdu bir yerə yığardılar.
“Dədə Qorqud” dünyasından soraq verən bu ənənələrlə yanaşı, onu da qeyd etmək yerinə düşər ki, ölkələr, tayfalar arasında sülh müqavilələri də daha çox dağ başında bağlanardı. Türk ruhunun müqəddəs daşıyıcıları şamanlar da dağlara bağlı idilər. Dağların, qayaların qoynunda yuva salan şamanlar qayalardakı mağaralarda yaşayardılar. Dağ ruhu ilə mağaranı qovuşduran şamanlar öz ruhani dünyalarının başlanğıcında bu ruhların dayandığını söyləyərdilər. Şamanlar daş təpələrinə rəngli parçalar bağlayardılar ki, buna “yalama” deyər, daş-qalağın üstündə ucaltdıqları budaqlara isə “çalama”lar bağlayardılar.
Zamanın sonrakı dönəmlərində, islam dininin gəldiyi dövrlərində şamanların sufi adında, dərviş qiyafəsində çıxış etdiyi məqamlarda belə dağ ruhuna inam azalmayıb, əksinə dağlarla bağlı yeni-yeni inanc yerləri yaradılıb. Gecələrini dağlarda tonqal başında keçirən sufi dərvişləri də şeyxlərinin ruhunu, qəbirlərini inanc yerinə çevirib, onlara səcdə ediblər. Daş dövründən də öncəyə təsadüf edən, yaddaş yerimiz kimi qəbul edilən bu tapınaqlarla, ziyarətgahlarla bağlı mif dünyamızda saysız, hesabsız səhifələr mövcud olmaqla yanaşı. sufilərin, hürufilərin, xəlvətilərin, qədərilərin diyarı olan Şirvanda, Şamaxıda, Bakıda, Qaxda, Qazaxda, Qusarda, Lənkəranda xanagahlar qurulub, ocaqlar, ordenlər yaradılıb.

Əshabi-Kəhf – Mağara adamlarının daş yuxusu
Naxçıvanda Qurani-Kərim həqiqətləri ilə bağlı olan Əshabi-Kəhf dağına olan inam da beləcə yaranıb. Bu dağı ziyarətə yollanan insanlar niyyət edərək dağa kiçik daşlar atarlar. Daş dağa yapışarsa, niyyət qəbul olunar, dilək sahibi arzusuna çatar. Bu gün də diri, dipdiri qalan bu inam Əshabi-Kəhfi Yaxın və Orta Şərqin ziyarətgahlarından birinə çevirib. Ruhunu, duyğusunu daşa, yaddaşa pıçıldayan insanlar dünyanın o başından ta bu başına Nuhun çıxdığı torpağa, Nəhəgir dağının İlan dağın, Haça dağın ətəyinə, Gəmi qayanın, Mağara adamlarının diyarına gəlirlər.

Şərəf Cəlilli