Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 01/15/2026

Paylaşın

TARİXİMİZ

Azərbaycan – Qədim insan məskənlərinin, sivilizasiyaların diyarı

Daş, Tunc, Dəmir dövrü ilə bağlı yaddaş yerləri mənsub olduğumuz məmləkətin əzəmətini bu gün də dünyaya nümayiş etdirməkdədir 

Çar Nikolayın Tacgüzarlıq mərasiminə dəvət olunan Hacı Zeynalabdin Tağıyevin Qafqazlı qiyafəsinə baxıb, onun rus dilini anlamadığını düşünən protokol nümayəndəsi təqdimat zamanı tarixi səhvə yol vermiş, Saraydan sürgünü ilə nəticələnən bir cümlə işlətmişdi: “Tağıyev, vəhşi xalqın nümayəndəsi!” Tağıyev, bir türk, Azərbaycan kişisinə xas qüruru və qeyrəti ilə Çarın hüzurunda protokol nümayəndəsinə dönmüş, sərt bir baxışla cavab vermişdi: “Mənim xalqım vəhşi deyildir, onun qüdrətli tarixi, zəngin mədəniyyəti vardır!” Çar Tağıyevin etiraz dolu cavabını yerində qiymətləndirmiş, protokol nümayəndəsini Saraydan sürgün etmişdi. Ağ Saraydan Bakıya dönən Tağıyev, orada aldığı tarixi qərarı gerçəyə çevirmişdi. “Kaspi” mətbəəsini satın almış, Milli mətbuatı milli məfkurənin, milli məfkurəni isə milli dövlətçiliyin təməl prinsipinə çevirmiş, Həsən bəy Zərdabini, Əlimərdan bəy Topçubaşovu, Əhməd bəy Ağaoğlunu, Əli bəy Hüseynzadəni “Kaspi”nin nuruna qərq etmişdi. Millətin atası bununla kifayətlənməmiş, Bakıda Həbib bəy Mahmudbəyovun təməlini qoyduğu ilk Rus-Tatar oğlan məktəbindən sonra, Aleksandra Qız Məktəbini, eyni zamanda ilk teatrın təməlini qoymuşdu. Tikib qurduqlarını millətin cəhalətdən qurtuluşuna körpü hesab etmişdi. Bu onun “Mənim xalqım vəhşi deyildir, onun qüdrətli tarixi, zəngin mədəniyyəti vardır!” nidasına ən böyük mükafatı idi. Biz onun əzəmətini 1918-ci il mayın 28-də Şərqin ilk Demokratik Cümhuriyyətini quran zaman yaşadıq.

Azərbaycan nəinki Milli Burjuaziyanın təməlini qoyan, milyonçu messenatların, qüdrətli sərkərdə-xaqanların ölkəsidir

1969-cu ilə qədər Bolşevik Rusiyasında, Sovet İttifaqında belə bir düşüncə vardı: “Azərbaycanda Kapitalizm quruluşu və Milli Burjuaziya mövcud olmamışdır!” Ulu Öndər Heydər Əliyev siyasi hakimiyyətinin birinci mərhələsində Azərbaycanı qüdrətli sənaye və kənd təsərrüfatı ölkəsinə çevirməklə sübut etdi ki, Azərbaycan nəinki qüdrətli kapitala sahib olan, Milli Burjuaziyanın təməlini qoyan Tağıyev, Nağıyev, Aşurbəyov, Əsədullayev, Muxtarov kimi neft maqnatlarının, sindikat, zavod, fabrik və bank sahiblərinin, milyonçu messenatların diyarıdır, eyni zamanda o, qüdrətli dövlətlər qurmuş, bəşəri dəyərlər xəzinəsini qiymətli inciləri ilə zənginləşdirmiş ustad sənətkarların, təbib-filosofların, şair və yazıçıların, sərkərdə-xaqanların diyarıdır.

Vətənimizdə Daş, Tunc, Dəmir dövrü ilə bağlı düşüncələr bu gün də ruhlara hakimdir

Manna, Midiya, Atropatena, Qafqaz Albaniyası, Şirvanşahlar, Atabəylər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Əfşarlar, Qacarlar kimi qüdrətli dövlətlər quran Odlar Yurdu Azərbaycan qədim zamanlardan, əski çağlardan başlayaraq ibtidai insanların yaşayış məskəni kimi də, sivilizasiyaların, mədəniyyətlərin inkişafına töhfələr vermişdir. Dünya bina olandan daşa, ağaca, oda, atəşəsə sitayiş edən, odərlərin, oda, atəşə aşiqlərin diyarı kimi tanınan Vətənimizdə Daş, Tunc, Dəmir dövrü ilə bağlı düşüncələr bu gün də ruhlara hakimdir. Peyğəmbərlərin, pirlərin, övliyaların, sufi, hürufi dərvişlərinin diyarı kimi tanınan Odlar Yurdu Azərbaycanda Daş, Tunc, Dəmir dövrü ilə bağlı yaddaş yerləri mənsub olduğumuz məmləkətin əzəmətini, qüdrətini bu gün də dünyaya nümayiş etdirməkdədir. Onun ən böyük örnəyi isə şübhəsiz ki, Qobustanın Qayaüstü abidələri və Azıx mağarasıdır.

“Alimlərin apardığı kompleks tədqiqatlar zamanı məlum olub ki, bəşər tarixində, insanlığın inkişafında, formalaşmasında və onun ayrı-ayrı inkişaf mərhələlərində təbii çay daşlarının mühüm rolu olub. 1953-cü ilə qədər arxeoloji və paleontoloji ədəbiyyatlarda belə bir yanlış məlumat mövcud olub ki, guya Azərbaycanda təbii-coğrafi şərait olmayıb, ona görə də daş dövrü insanları burada məskunlaşmayıb. Hətta  1881-ci ildə Tiflisdə keçirilən arxeoloji qurultayda da bu haqda yanlış qərar qəbul olunub. Lakin 1953-cü ildən bu günə qədər Azərbaycan alimlərinin apardığı arxeoloji tədqiqatlar zamanı məlıum olub ki, hələ 2-2,5 milyon il bundan öncə Azərbaycanın  Quruçay, Köndələnçay, Zəngilan, Cəbrayıl ərazilərində daş dövrü insanlarının yaşaması üçün əlverişli təbii-coğrafi şərait olub”.  Ölkəmizin ərazisində məskunlaşan qədim əcdadlarımızın yaşı milyon illərlə ölçülür və onlar məhz daşdan istifadə etməklə zəngin mədəniyyət yaratmışlar.

Azıx mağarasında aparılan arxeoloji qazıntılar zamanı 10 arxeoloji təbəqə qeydə alınıb

Quruçay və Köndələnçay ərazisində təbii-coğrafi şərait əlverişli olduğu üçün burada ibtidai insanlar 2,5 milyon il bundan öncə məskunlaşıb. Onlar Quruçay vadisindəki çay daşlarından özlərinə xüsusi əmək alətləri hazırlayıblar. İndi işğaldan azad olunan Qarabağda tarixi yaddaşımıza, əski çağ mədəniyyətimizə ayna tutan Azıx mağarasında aparılan arxeoloji qazıntılar zamanı 10 arxeoloji təbəqə qeydə alınıb. Ən aşağı təbəqələr olan yeddinci, səkkizinci, doqquzuncu və onuncu təbəqələrdə kvarstit,  çaxmaq, felzit, yaşma və digər daşlardan insanların yaratdığı kobud əl çapacaqları, qəlpələrdən hazırlanmış qaşov tipli və kubşəkilli alətlər tapılıb. Sonradan aparılan tədqiqatlar zamanı Azıx mağarasında daş dövrünün digər inkişaf mərhələlərinə aid Aşel-Mustye dövrü maddi-mədəniyyət qalıqları tapılıb. Azıx, Tağlar və Şuşa abidələri, eyni zamanda Naxçıvanda Qazma, Lerikdə Buzeyir, Zuvandçay, Yardımlıda isə Alar düşərgələri aşkarlanıb. Bundan əlavə Qazaxda, Ağstafada, Ceyrançöl düzündə, Kəlbəcərdə Zar və Orta Şurtan ərazilərində də daş dövrünün müxtəlif inkişaf mərhələlərinə aid mədəniyyət qalıqları kəşf edilib. Tədqiqatlar zamanı o da məlum olub ki, daş dövrü müxtəlif inkişaf mərhələlərindən keçib: Paleolit, Mezolit, Neolit, Eneolit. Paleolit dövrü Azərbaycanda 2,5 milyon il öncədən başlayaraq, eramızdan əvvəl 12-ci minillikdə başa çatıb. Mezolit 12  min il öncədən başlayaraq 9 min il öncəyə qədər davam edib. Neolit dövrü Azərbaycanda 9-7-ci minilliklərdə mövcud olub”.  

İnsanların ilk sığınacaqları daş mağaralar  olub

İsaq Cəfərzadə, Məmmədəli Hüseynov, Əsədulla Cəfərov, Dəmir Hacıyev, Əliəşrəf Məmmədov, Əjdər Ələsgərzadə, Ələsgər Ələkbərov, Cəfərqulu Rüstəmov, Firuzə Muradova kimi nüfuzlu arxeoloq alimlərin apardıqları araşdırmalar zamanı bəlli olub ki, “İnsan daşdan yararlanmaqla müasir həyatdakı fəaliyyət istiqamətlərini ibtidai formada da olsa, hələ antik dövrlərdə formalaşdıra bilib. Bura mətbəxdən tutmuş, yazı, bədii-estetik və incəsənət yaradıcılığı, bəzək əşyaları, silahlar daxildir. İnsanların ilk sığınacaqları daş mağaralar  olub. Qadınların ilk bəzəyi, ilk qələm və lövhə də daşdan yaradılıb. İlk rəsm əsərləri olan qayaüstü təsvirlər təbii ki, daş üzərindədir. Bunun ən gözəl örnəyi Qobustanın Qayaüstü abidələri və Gəmiqayadakı təsvirlərdir. “Qobustanda son illər aparılan tədqiqatlara qədər hesab olunurdu ki, orada Mezolit, Neolit və Tunc dövrü insanları məskunlaşıb. Amma tədqiqatlar sübut etdi ki, hələ Üst Paleolit dövrü insanları burada məskən salıblar. Yəni, 18-20 min il bundan öncə burada məskunlaşıblar. Bu fakt, Qayaarası düşərgəsində Cəfərqulu Rüstəmov və Füruzə Muradova tərəfindən aparılan tədqiqatlar zamanı üzə çıxıb. Tədqiqatlar zamanı burada Üst Paleolitə aid qaşovcuq, biz, bıçaq və digər daş alətlər tapılıb. Qobustanda 40-dan artıq Mezolit, Neolit və Tunc dövrünə aid yaşayış düşərgələri tapılıb, 7 mindən artıq qayaüstü rəsmlər qeydə alınaraq tədqiq olunub.

Məhşur Norveç alimi Tur Heyerdalın dili ilə desək dünyada analoqu olmayan ”Qobustanın ən mühüm xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, burada eyni zamanda dünyanın ilk tədris mərkəzi, rəsm qalereyası qurulub. Bu daş salnamələr, bədii təsvirlər sayəsində Biz Azərbaycanın qədim və orijinal xüsusiyyətini öyrənir”, onu dünyanın ilk yaşayış məskənlərindən biri kimi qəbul edən alimləri ehtiram hissi ilə yad edirik.

Daşı oyma, yonma, cızma üsulu ilə bəzəməkdən  Azərbaycanda orta əsrlərdə də geniş istifadə edilib

Alimlərimizin gəldiyi qənaətə istinad edərək deyə bilərik ki,  Azərbaycan ərazisində ilahiləşdirilmiş təbii obyektlərdən ən qədimi daş olmuşdur. Dağa, qayaya, mağaralara sitayiş , daşdan müalicə vasitələri kimi istifadə etmək Azərbaycanda geniş yayılmışdır. Uzaq keçmişlərdə ölkəmizdə daşdan insan, heyvan fiqurları düzəltmək onların üzərini bəzəmək məhz bu məqsədlə edilmişdir. Keçmişin yadigarı sayılan bu abidələr daha çox bizi bədii və estetik xüsusiyyətləri ilə maraqlandırır. Onlar xalqımızın müxtəlif dövrlərdə əl qabiliyyəti , dünya görüşü və zövqü haqda geniş məlumat verir.

Odlar Yurdu Azərbaycanda daşdan düzəldilmiş və üstü bəzədilmiş daş abidələrin tarixi uzaq keçmişlərə təsadüf edir. Oyma , yonma , cızma üsulu ilə daş üzərində həkk olunmuş təsvirlərin ən qədim nümunələrinə alimlərimiz hələlik Ordubadda Gəmiqaya abidəsində, Abşeronun Mərdəkan , Şüvəlan kəndlərindəki daşkitabələrdə, Bakı şəhərindən 60 kilometr cənubda,  Xəzər dənizindən bir qədər aralı Qobustan qayaları üzərində rast gəlmişlər.

“Təxminən eramızdan əvvəl dördüncü minillikdən tutmuş ötən əsrin əvvəllərinədək müxtəlif dövrlərdə yaradılmış bu sənət əsərləri öz məzmunu bədiliyi ilə diqqəti cəlb edir.Daşı oyma, yonma , cızma üsulu ilə bəzəməkdən  Azərbaycanda orta əsrlərdə də geniş istifadə edilmişdir. Əldə olan materiallar sübut edir ki, orta əsrlərdə daş üzərində oyma , yonma , cızma üsulu ilə bəzək açmaq və ya fiqur həkk etməklə sonralar heykəltəraş adlanan sənətkarlar daşdan müxtəlif məzmunlu heykəllər düzəldiblər. Orta əsrlərə aid edilən plastik sənət nümunələrinin içərisində daş insan fiqurları əsas yer tutur.

Min illər boyu daşı qiblə bildilər, ziyarətinə getdilər

Şamaxı və Ağdam şəhərləri ətrafında tapılmış bumonumental plastik sənət nümunələri bu ərazilərin tarixi sakinlərinin, sahiblərinin kimliyinin göstəricisi olmaqla yanaşı, onları yaradan sənətkarların zövqü və sənətkarlıq xüsusiyyətləri barədə də soraq verir. Şamaxının Dərə-Xınıslı və Dağ Kolanı kəndləri yaxınlığından tapılmış heykəllər üslub etibarı ilə bir-birinə bənzəsə də, ayrı-ayrı vəziyyətdə və ölçüdə düzəldilmiş müxtəlif tipli kişi fiqurlarını əks etdirirlər. Şamaxıdan tapılmış fiqurların ən böyüyünün hündürlüyü 2.23 metr ən kiçiyinin isə 1.35 metrdir. 1946-cı ildə  Dərə-Xınıslı kəndindən tapılmış daş heykəl dünya alimləri üçün xüsusi əhəmiyyətə malik olmuşdur. Yerli əhəng daşından yonulub düzəldilmiş bu heykəl uca boylu naməlum bir şəxsi təsvir edir. Haqqında bəhs etdiyimiz fiqur bu il ərzində aşkar edilmiş başqa heykəllər kimi başsızdır. Baş yerinin formasından aydın olur ki, fiqurun başı sonralar hansı səbəbdənsə sındırılmışdır. Fiqurun əllərinin vəziyyəti də bu ərazidə tapılan əksər heykəllər kimidir. Onların əksəriyyətində sol əl ürək , sağ əl isə bel tərəfdə təsvir edilmişdir. Fiqurun bədənində geyim olduğunu bildirən xətlərin izləri görünür. Kürəyinin yuxarı hissəsində bu ərazilərdə tapılan o biri heykəllərdə olduğu kimi dalğavari xətlər vardır ki, bu da təsvir olunan şəxsin uzun saç saxladığını göstərir.

Türkdilli xalqlar islam dinini qəbul etməmişdən qabaq hər bir igidin məzarı üstə insan fiqurlu heykəllər qoyublar

Insan fiqurunu təsvir edən heykəllər içərisində 1973-cü ildə 30 illik işğal dövründə talan edilən, ruhların şəhərinə çevrilən, Böyük Qayıdışdan sonra yenidən tikilib qurulan Ağdam rayonunda tapılan abidələr də diqqəti cəlb edir. Cürətlə demək olar ki, insan fiqurlarını təsvir edən bu heykəllər indiyə qədər Azərbaycan ərazisində tapılan orijinal plastik sənət örnəklərindəndir. “Sxematik, real proporsiyalardan xeyli kənar bir tərzdə yonulub düzəldilməsinə baxmayaraq bu plastik sənət nümunələri öz əzəmətli görünüşü ilə insanı heyran edir. İndi təsəvvür etmək olar ki, azı min , min beş yüz il bundan əvvəl yol ayrıcına və ya hündür təpə üzərinə qoyulmuş bu heykəllər öz dövrünün adamlarına necə təsir edirmiş.Mənbələr göstərir ki, türkdilli xalqlar islam dinini qəbul etməmişdən qabaq hər bir igidin məzarı üstə insan fiqurlu heykəllər qoyarmışlar.
İlk orta əsrlərə aid çin, ərəb, Orta Asiya mənbələrində bu tipli heykəllərin müqəddəs sayıldığı və onlara sitayiş edildiyi qeyd olunur. VII əsrdə yaşamış alban  tarixçisi Moisey Kaqankatvasi öz əsərində Azərbaycan ərazisində yaşayan tayfaların daşdan heykəllər yonub ona sitayiş etdiklərini, hətta onların şərəfinə at, qoç, sığır qurbanları verdiklərini xüsusi qeyd edir. Moisey Kanqankatvasinin bu tayfaların uzun saç saxlayıb, mahir ox atan olduğları haqqında verdiyi məlumat da qiymətlidir. Keçmiş dövrün mütərəqqi ənənələrinə sadiq qalmış oyma işlərinə bir çox ərazilərdə əsasən də Şamaxı, Quba, Şəki, Qax, Qazax, Ağdam və Naxçıvanın daş abidələri üzərində rast gəlirik.”

Ruhunu, duyğusunu, sevgisini, duasını yaddaş bilib daşa köçürən türklər min illər boyu daşı qiblə bildilər, ziyarətinə getdilər. Sevdiklərinin eşqinə daşdan kahalar yondular, saraylar tikdilər, mağaralarda yuva qurdular. Vida zamanı isə sinə daşına, sənduqəsinə, baş daşına sığal çəkdilər.

Şərəf Cəlilli

Bənzər Xəbərlər

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bununla bağlı Baki-baku.az Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsində olub, qışa hazırlıq

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin