Makedonyalı İskəndərin etibarlı Satrapının Zəfər dastanı
Manna, Midiya, Atropatena, Qafqaz Albaniyası, Şirvanşahlar, Atabəylər, Ağqoyunlular, Qaraqoyunlular, Səfəvilər, Əfşarlar, Qacarlar, Azərbaycan Xalq Cümhuriyyəti kimi qüdrətli dövlətlər quran Odlar Yurdu Azərbaycanın dövlətçilik tarixində tək və yeganə imperiya var ki, onun qurulmasında bilavasitə Makedonyalı İskəndərin rolu olmuşdur. Roma İmperiyasını məğlub edən bu qüdrətli dövlət Atropatena, qurucusu isə sərkərdə Atropatdı .
Eramızdan əvvəl IV əsrin sonlarında Makedoniyalı İskəndər Anadolunun böyük bir hissəsini təsir dairəsinə alır. 331-ci ildə makedoniyalıların Qavqamel döyüşündə Əhəməniləri darmadağın etməsi Yaxın Şərqin də taleyini həll edir. Makedoniyalı İskəndər bu qələbədən sonra Şərqin əsas liderinə çevrilir və imperiyasının paytaxtını Babil şəhərinə köçürür. Qavqamel döyüşü Şərqin siyasi xəritəsinin dəyişməsinə səbəb olur. Bu döyüşdə Əhəməni ordusunun sağ cinahına Midiya satrapı – canişini Atropat başçılıq edirdi. Döyüşdən sonra Atropat öz hərbi dəstələri ilə Midiya satraplığının mərkəzi şəhəri olan Ekbatana qayıtmayıb, atəşpərəstliyin əsas mərkəzi sayılan Qazaka şəhərinə gedir. Ekbatana qaçıb gələn Əhəməni hökmdarı III Dara burada İskəndərə qarşı yenidən qoşun toplamağa cəhd edirdi. Dara Atropatı da qoşunu ilə ona qoşulmağa çağırsa da, Midiya satrapı bu çağırışı qəbul etmir. Ekbatandan istədiyi dəstəyi ala bilməyən III Dara ölkənin şərqinə doğru hərəkət edir. Lakin o, yolda öz adamları tərəfindən öldürülür. Beləliklə, Əhəməni İmperiyası başa çatır.

Midiya ərazisi Böyük və Kiçik olmaqla iki yerə ayrılmışdı
İmperiya üzərində hakimiyyəti ələ alan Makedonyalı İskəndər eramızdan əvvəl 330-cu ildə ölkədəki bütün satrapları vəzifəsindən azad edir. Amma iki il sonra, yəni eramızdan əvvəl 328-ci ildə İskəndər Atropatı yanına çağırıb, onu Midiyanın bir hissəsinə satrap təyin edir. Bu dövrdə Midiya ərazisi Böyük və Kiçik olmaqla iki yerə ayrılmışdı. Mərkəzi Ekbatan şəhəri olan Böyük Midiyanı öz nəzarətində saxlayan İskəndər Kiçik Midiyanı, yəni qədim Manna dövlətinin tarixi ərazisini yeni satrapı olan Atropatın ixtiyarına vermişdi.

Atropat İskəndərin ən sədaqətli satrapına çevrilmişdi
Bir vaxtlar döyüş meydanında üz-üzə gələn rəqiblər bu dəfə dost kimi əl sıxmışdılar. Makedonyalı İskəndərin Atropata güvənməsinin əsas səbəbi makedoniyalılara qarşı qiyam qaldıran Bariaksın Atropat tərəfindən zərərsizləşdirilib makedoniyalılara təhvil verilməsi idi. Atropat İskəndər tərəfindən Kiçik Midiyanın, yəni indiki Güney Azərbaycanın satrapı təyin olunduqdan sonra bu bölgəni idarə etməyə başladı. O, əksər məsələlərdə İskəndərlə hesablaşsa da, müstəqil verdiyi qərarlar da var idi. Həmin dövrdə Atropat İskəndərin ən sədaqətli satrapına çevrilmişdi. Hətta İskəndər Atropata makedoniyalılarla qohum olmağı da təklif etmişdi. Buna görə də Atropat öz qızını İskəndərin ən etibarlı sərkərdəsi hesab olunan Peridikkaya ərə vermişdi.

Peridikkanın öldürülməsindən sonra Makedoniya İmperiyası parçalandı
Eramızdan əvvəl 323-cü ildə İskəndər qəflətən dünyasını dəyişdi. İmperiyanın idarə edilməsi Peridikkaya tapşırıldı. Bu hadisə Peridikkanın qaynatası Atropatın mövqeyini daha da möhkəmləndirdi. İskəndərin ölümündən sonra ölkə daxili çəkişmələr başladı. Eramızdan əvvəl 321-ci ildə üsyankar qüvvələr Peridikkanı öldürdülər. Peridikkanın öldürülməsindən sonra Makedoniya İmperiyası parçalandı və Kiçik Midiya Atropatın tam hakimiyyəti altında qaldı.
İmperiyanın dağılması nəticəsində onun ərazisində bir neçə müstəqil dövlətlər yarandı. Bu dövlətlərin əksəriyyəti yunan və makedon əsilli sərkərdələr tərəfindən idarə olunurdu. Onların arasında əsası yerli əhalinin nümayəndəsi tərəfindən qoyulan yeganə dövlət Atropatın adını daşıyan Atropatena dövləti idi. Eramızdan əvvəl 321-ci ildə yaranan bu dövlətin paytaxtı Qazaka şəhəri idi. Amma bununla belə qış fəslində dövlətin paytaxtı dəyişirdi. Atropatenanın qış paytaxtı Fraaspa şəhəri hesab olunurdu. Bu da Atropatena ərazisindəki yerli xalqların yaylaq və qışlaq ənənəsinin olduğundan xəbər verir. Yaylaq və qışlaq ənənələrinin əsasən türkdilli xalqlar arasında yayıldığını nəzərə alan bir çox tədqiqatçılar qədim Atropatena ərazisindəki tayfaların türklərin ulu əcdadları olması fikrini sübut ediblər.

Qazaka şəhəri atəşpərəstlik dininin əsas mərkəzi hesab olunurdu
Qədim Atropatena dövlətinin ərazisi tarixi Azərbaycan torpaqlarının cənubunu, yəni indiki Güney Azərbaycanı, qismən də indiki Azərbaycan Respublikasının cənub rayonlarını əhatə edirdi. Atropatena ərazisində zərdüştlük və atəşpərəstlik dinləri geniş yayılmışdı. Ölkənin ən böyük şəhəri olan Qazaka atəşpərəstlik dininin əsas mərkəzi hesab olunurdu.
Əhalinin əsas məşğuliyyəti ənənəvi olaraq maldarlıq və əkinçilik idi. Digər təsərrüfat sahələri arasında atçılıq xeyli inkişaf etmişdi. Atropatenada yetişdirilən atlar bütün dünyada şöhrət qazanmışdı. Ölkədə sənətkarlıq və memarlıq da yüksələn xətlə inkişaf edirdi. Atropatın hakimiyyəti illərində dövlət özünün yüksəliş dövrünü yaşayırdı. O, uzaqgörən bir hökmdar kimi qonşuluqdakı dövlətlərlə sülh və əmin-amanlıq içində yaşayırdı.
Atropat dünyasını dəyişdikdən sonra Atropatena dövləti zəifləməyə başladı. Eramızdan əvvəl III əsrin sonunda Atropatena cənub qonşusu Selevkilər İmperiyasının hücumuna məruz qaldı. 223-cü ildə Selevki hökmdarı III Antiox böyük bir qoşun yığaraq Atropatena torpaqlarına daxil oldu. Selevkilərlə mübarizə aparmağın mümkünsüzlüyünü anlayan atropatenalılar asılılığı qəbul edib üzərlərinə vergi ödəmək öhdəliyi götürdülər.

Parfiya və onun əsas müttəfiqi olan Atropatena Roma İmperiyasına qarşı mübarizəyə başlayır
Eramızdan əvvəl 190-cı ildə Maqneziya adlanan yerdə Roma ordusunun Selevkiləri darmadağın etməsi onların Yaxın Şərqdəki dayaqlarını xeyli zəiflətdi. Maqneziya döyüşündəki məğlubiyyətdən sonra Atropatena yenidən öz müstəqilliyini bərpa etdi. Bu dövrdən etibarən Atropatena güclənməkdə olan Parfiya dövləti ilə yaxşı münasibətlər qurmağa çalışırdı. Bunun da əsas səbəbi regiondakı Roma təhlükəsi idi.
Eramızdan əvvəl II əsrin ikinci yarısından başlayaraq, Parfiya və onun əsas müttəfiqi olan Atropatena Roma İmperiyasına qarşı mübarizəyə başladı. Bu barədə Strabon “Coğrafiya” əsərində qeyd edir: “Atropatena romalılarla döyüşlərə böyük qüvvə cəlb edə bilirdi. Atropatena hərbi qüvvə baxımından çox güclü ölkədir. Çünki onlar döyüşə on min süvari, qırx min piyada çıxara bilirlər”.
Əldə olunan məlumatlrdann oda bəlli olur ki, eramızdan əvvəl I əsrin ortalarına kimi Roma İmperiyası Anadolunu işğal edib Suriya və Fələstin torpaqlarına doğru irəliləyir. Buna baxmayaraq eramızdan əvvəl 53-cü ildə Parfiya və Atropatenanın birləşmiş qüvvələri Karra şəhərinin yaxınlığında sərkərdə Krassın rəhbərlik etdiyi Roma ordusunu darmadağın edir. Bu döyüşdə Parfiya ordusu sıralarında döyüşən Atropatena qüvvələri də xüsusi fəallıq göstərmişdilər. Eramızdan əvvəl 38-ci ildə baş verən döyüşdə isə romalılar Parfiya və Atropatena qüvvələrini məğlub etmişdilər.

Atropatena süvariləri Antoninin ordusuna hücum edib on min romalını məhv etdi
Romanın Şərq vilayətlərinin hakimi sayılan Antoni bu qələbədən ruhlanaraq yüz minlik ordusu ilə Şərqə doğru yürüşə başladı. İlk hədəf Parfiyanın ən yaxın müttəfiqi hesab olunan Atropatena dövləti oldu. Eramızdan əvvəl 36-cı ilin qışında Atropatenanın Fraaspa şəhəri Antoninin rəhbərlik etdiyi Roma ordusu tərəfindən mühasirəyə alındı. Şəhərin bütün əhalisi silaha sarılaraq romalılara qarşı savaşa baladılar. Özünü şəhərin xilasına yetirən Atropatena süvariləri və əsas qüvvələr Antoninin ordusuna hücum edib on min romalını məhv etdi. Məğlub olduğunu görən Antoni geri çəkilmək məcburiyyətində qaldı. Atropatena ordusu geri çəkilən romalıları Anadoluya qədər təqib etdi. Bu müharibədə Roma ordusu 35 minə yaxın döyüşçü itirdi. Antoninin özü isə bir neçə yerdən yaralandı.

Eramızın 20-ci ilində Parfiya Atropatın nəslindən olan sonuncu hökmdarı devirib, üç yüz illik sülalənin hökmranlığına son qoydu
Roma İmperiyası bu uğursuzluqdan sonra Atropatenanı başqa yollarla tabe etməyin planlarını qurdu. Bu dövrdən romalılar Atropatena ilə diplomatik əlaqələr qurub, qismən onları özlərindən asılı vəziyyətə salmışdılar. Keçmiş düşmənlərin bu qədər yaxınlaşması Romanın şərqdəki əsas rəqibi olan Parfiya dövlətini narahat edirdi. Eramızın 20-ci ilində Parfiya Atropatın nəslindən olan sonuncu hökmdarı devirib, üç yüz illik sülalənin hökmdarlığına son qoydu. Atropatena torpaqlarının Parfiya dövlətinə tabe olması eramızın III əsrinin əvvəllərinə kimi davam etdi. 226-cı ildə yeni yaranan Sasanilər dövləti Parfiya İmperiyasını təsir dairəsinə aldı. Bir il sonra, 227-ci ildə Sasanilər dövləti Atropatenanın mövcud olduğu əraziləri də işğal etdi. Bununla da Atropatena dövlətinin ərazisi Sasanilər İimperiyasının tərkibinə daxil oldu.
Üç yüz il mövcud olan Atropatena dövləti süquta uğrasa da, milli dövlətçilik tariximizdə mühüm mərhələyə çevrildi. Zəngin dövlətçilik ənənələri ilə özündən sonra qurulan imperiyaların təməldaşına çevrildi.
Şərəf Cəlilli