Müasir həyatın sürəti insanları tez hazırlanan yeməklərə, “fast-food”a daha çox yönəldir.
Baki-baku.az xəbər verir ki, şəhərdə addımbaşı qarşımıza çıxan “burger”, “fri” və qazlı içkilər həm münasib büdcəli, həm də doyumlu vasitə kimi görünür.
Amma bu rahatlığın arxasında sağlamlıq üçün ciddi təhlükələr gizlənir. Belə ki, “Fast-food” məhsullarının əksəriyyəti trans və doymuş yağlarla doludur. Bu yağlar qanda xolesterini artıraraq ürək-damar xəstəliklərinin yaranma riskini yüksəldir.
Qazlı içkilər, souslar və hazır yeməklərdə gizli şəkər və duz miqdarı normadan çoxdur. Bu isə həm şəkərli diabetin, həm də təzyiq problemlərinin yaranmasına səbəb ola bilər.
Bir porsiya “burger” və “fri” bəzən gündəlik kalori ehtiyacının yarısına bərabər olur. Daimi “fast-food” qəbulu artıq çəkiyə və piylənməyə gətirib çıxarır.
“Fast-food” vitamin və minerallar baxımından kasaddır. Uzun müddət belə qidalanmaq immun sistemini zəiflədir, dərini solğunlaşdırır və orqanizmin enerjisini azaldır.
“Fast-food” məhsullarında olan yüksək yağ, şəkər və duz beyində “zövq mərkəzini” stimullaşdırır. Bu da onları tez-tez yemək istəyinə, yəni qida asılılığına səbəb olur.