Bakının tarixi quruluşunda elə binalar var ki, onlar sadəcə memarlıq abidəsi kimi deyil, şəhərin yaddaşını daşıyan məkanlar kimi qəbul olunur. Bu binalar özündə neft bumu və sürətli inkişaf illərindən tutmuş XX əsrin çətin və dramatik ictimai dəyişikliklərinə qədər şəhərin müxtəlif dövrlərini birləşdirir. Onların görkəmi sanki bir salnamədir: memarlıq dili vasitəsilə həmin dövrün ruhu, məqsədləri və estetik baxışları ifadə olunur.
Bakını bəzəyən və şəhərimizdə baş vermiş saysız-hesabsız tarixi hadisələrin şahidi olan əsrarəngiz görünüşə malik memarlıq abidələrdindən biri də paytaxtın Xaqani küçəsi, 47 (“Köhnə Dəyirman” kimi tanıdığımız ərazidə) ünvanında yerləşən, neft milyonçusu, xeyriyyəçi Ağa Musa Nağıyevin tikdirdiyi 4 mərtəbəli mədaxil evidir.

Haqqında sözügedən bina 1910–1912-ci illərdə inşa edilib. Tikintinin sifarişçisi Ağa Musa Nağıyev, memarı isə İosif Ploşkodur. Qeyd edək ki, şəhərin tarixi məhəllələrinin sərhədindəki boş yerdə, keçmiş Molokanskaya küçəsi, 47-də yerləşən torpaq sahəsi Ağa Musa Nağıyevə məxsus olub və məhz orada növbəti mədaxil evini inşa etdirir. Binanın forması küncvaridir və öz monumental siması, şəhərsalma mövqeyi ilə seçilir. Fasad hissəsindəki genişlik və mütənasib bölgünün aparılması memar Ploşkonun tərzi üçün səciyyəvidir. Binanın kompozisiya strukturunu monolit həcm formasında quran memar əsas elementləri daha qabarıq formada işləmiş, tətbiqi elementlərin də ahəngdarlığını qoruyub saxlamağa nail olub.

Fasadın memarlıq karkasını yaradarkən mənzillərin planlı şəkildə təşkilinə diqqət yetirib. Binanın küncdə yerləşməsi, onun çoxsaylı balkonları, erkerləri və lociyalarının yaratdığı ümumi görünüşün ifadəliliyi, haqqında söz açdığımız memarlıq incisinin Bakının şəhər məhəllələri sistemində əhəmiyyətini müəyyən edir. Bəndlərin öz şaquli oxları, küncləri ilə əlaqəli dekorativ gümbəzli erkerlərə birləşdirilməsinin nəzərə çarpan ritmi binanın çoxşaxəli məzmununu ifadə edir. Fasadın əsas elementlərində memarlıq abidəsinin dinamikası aydın şəkildə hiss olunur. Binanın karnizinin xaricində tikilmiş bənd aşırımlar, dərin oymalarla kəsilmiş gözəl hissələrdən ibarət kiçik balkonları bəzəyən və füsunkar şəkildə işlənmiş yarımdairə tağlar, plastika və yüksək memarlıq üsullarının dinamikası xüsusilə nəzərə çarpır. Fasada diqqət yetirən zaman görürük ki, divarların üzlük materialı və memarlıq elementlərində əhəngdaşından geniş istifadə edilib.

Bu əhəmiyyətli memarlıq abidəsindən söz açmışkən bir tarixi fakta da nəzər yetirmək tam yerinə düşər. Belə ki, etibarlı mənbələrdən əldə etdiyimiz məlumata əsasən, ötən əsrin əvvəlində Bakı türməsi Nargin adasında yerləşirdi. Dustaqların görüşünə gedən və onlara sovqat aparan qadınlar qayıqlarla dəniz yolunu qət etməyə məcbur idi. XIX əsrin sonu-XX əsrin əvvəllərində yaşamış məşhur sahibkar, mesenat Hacı Zeynalabdin Tağıyev yaranmış çətinliyin aradan qalxması üçün Bakıda ona məxsus torpaq sahələrinin birində yeni həbsxana binasını tikməyi qərara alır. Bunun üçün Çar Rusiyasının Qafqazdakı canişini Mixail Vorontsovdan icazə alınmasına nail olur. “Köhnə dəyirman” kimi tanınan məşhur bina tikilən zaman məqsəd o olub ki, Nargin adasında saxlanılan dustaqlar ora köçürülsün və gediş-gəliş asanlaşsın. Tikintinin layihəsi tərtib olunur və onun reallaşdırılması üçün Tağıyev Bakı milyonçularına müraciət edir. Onun çağırışına yalnız Ağa Musa Nağıyev qoşulur və müəyyən bir məbləğin tikintiyə ayrılmasına razılıq verir. Bakı əsilzadələrinə ünvanladığı müraciətə bir çoxlarının etinasız yanaşdığını görən Tağıyev həbsxana binasını təkbaşına tikmək qərarına gəlir və Ağa Musa Nağıyevin ayırdığı məbləği özünə qaytarır. Binanın tikintisi yekunlaşır və cox uzun müddət istifadəsiz qalır. 1930-cu illərdən sonra dəyirman kimi fəaliyyətə başlayır.
Ağa Musa Nağıyev isə öz növbəsində, ona qaytarılan vəsait hesabına haqqında bəhs etdiyimiz mədaxil evinin yerləşdiyi ərazini alır və tikintini maliyyələşdirir. Mədaxil evi hazır olandan sonra isə birinci mərtəbədə uzun müddət tikiş sexləri və dərzi emalatxanaları fəaliyyət göstərir.
Müasir dövrümüzdə Ağa Musa Nağıyevin, İosif Ploşkonun layihəsi əsasında inşa edilmiş mədaxil evi şəhərin sahibkarlıq tarixinin, xeyriyyəçilik təşəbbüslərinin və sakinlərin gündəlik həyatının bir araya gəldiyi bir memarlıq salnaməsi kimi çıxış edir. Bu bina elə bir dövrü xatırladır ki, o zaman özəl kapital yalnız gəlir gətirmir, həm də paytaxtın mədəni simasının və şəhər məkanının formalaşmasında mühüm rol oynayırdı.
Hacı Cavadov