O, qadınları valeh edir, diktatorlarla dostluq edir, siyasi qalmaqallara qarışır, milyonçu varislərlə evlənir, lüks avtomobillərdə gəzir və həyatını film səhnələrini xatırladan macəralarla yaşayırdı. Dominikanlı diplomat Porfirio Rubirosanın bioqrafiyası Ceyms Bondun belə qısqanacağı bir həyat hekayəsidir.
Ceyms Bond obrazının yaradıcısı Yan Fleminq İkinci Dünya müharibəsindən sonra məşhur casus romanlarını yazmağa başlayanda Avropanın və Amerikanın aristokratik salonlarında, kazinolarında və dəbdəbəli məclislərində bir çox qeyri-adi şəxsiyyətlərlə qarşılaşırdı. Onların arasında Porfirio Rubirosa adlı dominikanlı diplomat xüsusi yer tuturdu. Sonralar onun 007 obrazının mümkün prototiplərindən biri olduğu barədə fikirlər yayıldı.
1911-ci ildə Dominikan Respublikasında anadan olan Rubirosa hələ gəncliyindən zadəgan çevrələrinə, dəbdəbəli həyata və yüksək diplomatik dairələrə maraq göstərirdi. Onun taleyində dönüş nöqtəsi ölkənin diktatoru Rafael Truxilyonun qızı Flor de Oro ilə tanışlığı oldu. Gənc hərbçi əvvəlcə diktatorun etibarını qazandı, sonra isə onun qızının sevgisini. Bu münasibət Truxilyonun qəzəbinə səbəb olsa da, Rubirosa geri çəkilmədi. Hətta bir müddət həbsdə yatdı. Nəhayət, diktator qızının israrlarına boyun əydi və 1932-ci ildə onların toyuna razılıq verdi. Beləliklə, Rubirosa diplomatik karyerasında sürətlə yüksəlməyə başladı.

Lakin onun adı yalnız diplomatiya ilə bağlı deyildi. Berlinə təyinatı zamanı nasist Almaniyasının yüksək dairələrinə yol tapmış, Adolf Hitlerlə eyni məclislərdə iştirak etmişdi. Ən qalmaqallı münasibətlərindən biri isə nasist təbliğat naziri Yozef Qebbelsin məşuqəsi olmuş çex aktrisa Lida Baarova ilə yaşadığı sevgi macərası idi. Rəvayətlərə görə, Rubirosa onu Hitlerə yaxın çevrənin gözü qarşısında belə özünə cəlb etməyi bacarmışdı.
Müharibə illərində onun həyatı daha da təhlükəli xarakter aldı. Gestapo tərəfindən həbs edildi, sonradan azadlığa buraxıldı. Parisə qayıtdıqdan sonra isə yenidən diplomatik və aristokratik çevrələrdə görünməyə başladı.
Rubirosanın şəxsi həyatı ən azı siyasi fəaliyyəti qədər səs-küylü idi. O, beş dəfə evlənmiş, həyat yoldaşları arasında dünyanın ən varlı qadınlarından sayılan Dori Dük və Uorrenlər ailəsinin varisi Barbara Hatton da olmuşdu. Onun adı Merilin Monro, Ava Qardner, Rita Heyvort, Eva Peron və digər məşhur qadınlarla da yanaşı çəkilirdi.
Milyonçu xanımlarla evlilikləri ona saysız-hesabsız sərvət, bahalı avtomobillər, Parisdə dəbdəbəli malikanə, şəxsi təyyarə və polo atları qazandırmışdı. Rubirosa isə bu həyatın hər anından zövq almağa çalışırdı. Gündüzlər polo oynayır, gecələr Parisin məşhur klublarında əylənir, səhərə qədər davam edən məclislərin qəhrəmanına çevrilirdi.
Onun həyatının son dövrü isə əvvəlki dəbdəbədən uzaq keçdi. 1961-ci ildə Rafael Truxilyonun öldürülməsindən sonra Rubirosa siyasi nüfuzunu itirdi, diplomatik toxunulmazlığından məhrum oldu. Əvvəlki sərvəti də tükənməyə başladı.

5 iyul 1965-ci ildə Parisdə polo yarışından sonra özünün Ferrari 250 GT avtomobili ilə yüksək sürətlə hərəkət edərkən qəzaya düşdü. Ağacla toqquşan avtomobil onun həyatına son qoydu. Rubirosanın cəmi 56 yaşı vardı.
Bəs onu Ceyms Bondla bağlayan nə idi?
Araşdırmaçı Daniel J. Velkerin 2016-cı ildə irəli sürdüyü fərziyyəyə görə, Yan Fleminq və Rubirosa eyni aristokratik və məşhur çevrələrdə hərəkət edir, ortaq tanışlara malik idilər. Buna görə də Fleminqin bu qeyri-adi şəxsin həyatından xəbərsiz olması çətin görünür. Bununla belə, Rubirosanın Ceyms Bondun birbaşa prototipi olduğunu təsdiqləyən qəti sübut yoxdur.
Maraqlıdır ki, Rubirosa özü də bir dəfə Ceyms Bond roluna bürünmüşdü. Dostları ilə birlikdə “Qoldfinger” filminin bəzi səhnələrini zarafatla yenidən canlandırmışdı. O, Bondu, dostu Stavros Niarxos isə filmin mənfi qəhrəmanı Qoldfingeri canlandırırdı.
Bəlkə də Porfirio Rubirosa heç vaxt 007 olmayıb. Amma onun həyatı casus romanlarının müəllifini belə heyrətləndirə biləcək qədər macəralı idi. O, tarixdə nə böyük diplomat, nə də qəhrəman kimi qaldı. Onun adı daha çox cazibə, sərvət, qalmaqal və bitib-tükənməyən macəralarla xatırlanır. Bir sözlə, real həyatın uydurma Ceyms Bondu…