Türkiyə Cümhuriyyətində ilk məntiq kitabını yazan alim, oğlan məktəbində ilk dərs deyən qadın, Qarsdan Böyük Millət Məclisinə seçilən ilk Azərbaycanlı ictimai-xadim
Mənsub olduğu millətin məfkurə memarlarından birinə çevrilən, iki türk dövlətinin – Azərbaycan Xalq Cümhuriyyətinin və Türkiyə Cümhuriyyətinin ideoloqlarından biri kimi tarixdə qalan, Kərim bəy Mehmandarovla birlikdə qurduğu “DİFAİ”ni erməni daşnaklarının qorxulu röyasına çevirən, “Həyat” və “Füyuzat” kimi nüfuzlu mətbu orqanların, “Anadolu Agentliyi”nin qurucusu, Türkiyə Cümhuriyyətinin Böyük Millət Məclisinin üzvü kimi tarix yaradan, Malta adasında sürgün əzabına tablayan Əhməd bəy Ağaoğlunun övladları da Türkiyə Cümhuriyyətinin müqəddəratının həllində mühüm rol oynadı.

Əhməd bəy Ağaoğlu Atatürkün “Taşkıran” deyib əziz bildiyi Tezer Taşkıranın atası idi
Şərqin və Türk dünyasının ilk hüquqşünas-vəkil qadınını – Sürəyya Ağaoğlunu yetirən Əhməd bəy Ağaoğlu həm də Atatürkün “Taşkıran” deyib içəriyə daxil olduqda ayağa durduğu qüdrətli bir xatunun -Tezer Taşkıranın atası idi. Əldə olunan məlumatlardan bəlli olur ki, Qurtuluş Savaşının Memarının Tezer Taşkıran deyə əziz bildiyi Təzəxanım Ağaoğlu Cümhuriyyətin təhsil siyasətinə yön verən qələm sahiblərindən, yazıçı, alim və siyasətçilərdən olub. O, 1905-ci ildə atası erməni daşnakları ilə mücadilə edərkən Bakıda doğulub. 1910-cu ildə ailəsi ilə birlikdə İstanbula köçüb. Orta təhsilini Türkiyədə, Qız liseyində alan Tezer sonra İstanbul Universitetinin Fəlsəfə fakültəsini bitirib. Ankara Qız və Oğlan liseyində fəlsəfə müəllimi kimi fəaliyyətə başlayıb. Eyni zamanda o, oğlan məktəblərində dərs deyən ilk qadın müəllim kimi adını tarixə yazıb.

Atatürk sağ yanında Tezeri, sol tərəfində isə Sürəyyanı əyləşdirir
Tezerin kiçik bacısının xatirələrinə istinadən deyə bilərik ki, bir gün Atatürk Əhməd bəy Ağaoğlunu və ailəsini evində qonaq edərkən hər kəs süfrə qırağında əyləşir. Atatürk sağ yanında Tezeri, sol tərəfində isə Sürəyyanı əyləşdirir. Süfrəyə yemək paylanarkən Qazi yeməkləri alıb Sürəyya xanıma uzadır. Vəziyyəti görən Əhməd bəy nigaran olur. Atatürk təhərini pozmadan davam edir. Sonra yeməyi xidmətçidən alıb Tezerə uzadır. Tezer xanım Atatürkdən qabı almır, “Paşam, siz buyurun” deyə ricada bulunur. Tezerin bu addımı süfrədəkilər tərəfindən yaxşı qəbul olunmur. “Sən bu addımı niyə atdın? Paşanın əlini çevirmək olmazdı!” Süfrə əhlinin etirazına Tezerin cavabı çox gözlətmir: “Siz Paşanın bu addımını qəbul etməməli idiniz. Paşa Çanaqqala Qazisidir. Ondan tabaq alınmaz, önünə tabaq qoyular! O, İstiqlalı Millətə sunmuş, Millətin Atası olmuş Atatürkdür! Üstəgəl biz Adəm Peyğəmbərin qabırğasından yaranmışıq. Qadının yerini Allah-Təala özü müəyyən etmişdir!”

“Türk qızlarının xilaskarı” imzası ilə kitabını Atatürkə göndərir
Cəmi 21 yaşında bu cavabı ilə insanları heyrətləndirən Tezer, qısa müddət sonra 24 yaşında “Məntiq kitabı” ilə insanları heyrətləndirib bir ilkə imza atır. Ən böyük heyrətini isə Qazi Mustafa Kamal Paşa Atatürkdən alır. “Türk qızlarının xilaskarı” imzası ilə kitabını Atatürkə göndərən Tezer xanım Atatürklə bir iclasda üz-üzə gəlir. Onların əhatəsinə çoxsaylı insanlar, gənclər yığışır. Atatürk Tezeri göstərərək deyir: “Baxın! Bu kiçik qızı görürsünüz? Bu qız məktəblilər üçün “Məntiq” kitabı yazıb. Düşünün türk qızları nələr edirlər. Və bundan sonra nələr edəcəklər!” Deyilənə görə həmin an Atatürkün üzündə sevinc, sevgi qarışıq məmnunluq varmış. O, Azərbaycan Xalq Cümhuriyyətindən sonra Türkiyə Cümhuriyyətində qadına seçmək və seçilmək hüququ verəcək, Taşkıran deyib əziz bildiyi Tezeri isə Qarsdan ilk qadın Millət vəkili olaraq Böyük Millət Məclisində görəcəkdi.

Onun vəkil olduğu dönəmdə dünyaya gələn qız uşaqlarına Tezer adı verilir
Tezer Ağaoğlu 1931-ci ildə Nemət Taşkıranla ailə qurub, qısa zaman kəsiyində Avstriyada yaşasa da, Vətən sevgisi yenidən onu Ankaraya döndərib. Qarsın ilk qadın millət vəkili kimi tarix yaradan Tezer Taşkıran Böyük Millət Məclisinin tarixinə millət vəkillərinin maaşının artırılmasına qarşı çıxan, vəkil haqqına əlavəni Qarsdan olan imkansız ailələrin uşaqlarının təhsilinə bağışlayan siyasi xadim kimi tarixə yazılır. Əldə olunan məlumatlar onu da sübut edir ki, onun bu cəsarətli addımı Qarsın özəl və gözəl insanları tərəfindən yüksək qiymətləndirilir. Onun vəkil olduğu dönəmdə dünyaya gələn qız uşaqlarına Tezer adı verilir.

Daşı muma çevirmək, “Taşkıran” titulu ilə tarix yaratmaq bir Azərbaycan türkünün şəninə yaraşan əzəmət idi
Tezer Taşkıran genetik kodları ilə Şuşa qalasında, Cıdır düzündə, Bakıda və Osmanlıda tarix yaradan Əhməd bəy Ağaoğlunun, Sakaryadan Çanaqqalaya, Çanaqqaladan Cankaya köşkünə varıb Qurtuluş Savaşının memarı kimi Osmanlının xilaskarına çevrilən Qazi Mustafa Kamal Paşa Atatürkün irsinə bağlı idi. Daşı muma çevirmək, “Taşkıran” titulu ilə tarix yaratmaq bir Türkün, özü də Azərbaycan türkünün şəninə yaraşan ən böyük gözəllik, əzəmət idi.
Şərəf Cəlilli