Bu gün Azərbaycanın göy üzündə dalğalanan üçrəngli bayrağımızın tarixə yazıldığı gündür. Mavi, qırmızı və yaşıl rənglərin bir araya gəldiyi bu müqəddəs rəmz xalqımızın milli kimliyini, azadlıq arzularını, mənəvi dəyərlərini və dövlətçilik ənənələrini özündə yaşadır.
Hər il noyabrın 9-da Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. Bu əlamətdar tarix 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında üçrəngli bayrağın dövlət rəmzi kimi qəbul edilməsi ilə bağlıdır. Şərqdə ilk demokratik respublikanın qurucuları tərəfindən qəbul edilən bayraq xalqımızın müstəqillik iradəsinin və milli özünüdərkinin rəmzinə çevrildi.
Lakin Azərbaycanın üçrəngli bayrağının yolu heç də asan olmayıb. 1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra bu bayraq dövlət binalarından endirilsə də, xalqın yaddaşından silinmədi. Onun yenidən yüksəlməsi üçün onilliklər keçməli oldu.
1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyasında üçrəngli bayrağın yenidən qaldırılması barədə qərar qəbul edildi. Bu hadisə milli dövlətçilik tariximizin mühüm dönüş nöqtələrindən biri oldu. 1991-ci il fevralın 5-də Azərbaycan Ali Soveti üçrəngli bayrağı Dövlət Bayrağı kimi qəbul etdi. Həmin il oktyabrın 18-də dövlət müstəqilliyinin bərpası haqqında Konstitusiya Aktının qəbul edilməsi ilə Azərbaycan Xalq Cümhuriyyətinin dövlət rəmmləri də yenidən bərpa olundu.
2009-cu il noyabrın 17-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla noyabrın 9-u Dövlət Bayrağı Günü elan edildi. Həmin il dekabrın 4-də Milli Məclis bu tarixi bayram kimi rəsmiləşdirdi. Dövlət Bayrağı Günü qeyri-iş günü olan bayramlar sırasına daxil edildi.
Azərbaycan bayrağının hər rəngi özündə dərin məna daşıyır. Mavi rəng xalqımızın türk mənşəyini və türk dünyasına bağlılığını, qırmızı rəng müasirlik, demokratiya və inkişaf istəyini, yaşıl rəng isə İslam sivilizasiyasına mənsubiyyətimizi ifadə edir. Qırmızı zolağın ortasında yerləşən ağ aypara və səkkizguşəli ulduz isə bayrağımızın ayrılmaz rəmzləridir.
Üçrəngli bayrağımız bu gün yalnız dövlət idarələrinin, meydanların və rəsmi mərasimlərin deyil, həm də hər bir azərbaycanlının qəlbinin ən uca yerindədir. O, idmançılarımızın qələbələrində, əsgərlərimizin çiyinlərində, xarici ölkələrdə yaşayan soydaşlarımızın evlərində, dünyanın müxtəlif guşələrində Azərbaycan adını qürurla səsləndirən insanların əllərində dalğalanır.
Vətən müharibəsində qazanılan tarixi Zəfərdən sonra üçrəngli bayrağımızın işğaldan azad edilmiş torpaqlarımızda yenidən ucalması onun rəmzi mənasını daha da gücləndirdi. Şuşada, Xankəndidə, Xocalıda, Laçında və digər şəhər və kəndlərimizdə dalğalanan bayrağımız dövlət suverenliyimizin, ərazi bütövlüyümüzün və milli qürurumuzun ifadəsinə çevrildi.
Bayraq sadəcə rənglərdən və rəmzlərdən ibarət parça deyil. O, bir xalqın keçmişini, bu gününü və gələcəyə inamını birləşdirən müqəddəs dəyərdir. Hər dəfə üçrəngli bayrağımız göylərə yüksələndə tariximizin ağrılı səhifələri, müstəqillik uğrunda mübarizə aparan insanların fədakarlığı və Vətən yolunda canından keçən şəhidlərimizin əziz xatirəsi yada düşür.
Bu gün Azərbaycan bayrağı azadlığın, birliyin və qürurun rəmzi kimi yüksəklərdə dalğalanır. Onun hər dalğasında bir xalqın tarixi, hər rəngində bir ideya, hər yüksəlişində isə müstəqil Azərbaycanın əbədi yaşamaq iradəsi var.
Dövlət Bayrağı Günümüz mübarək! Üçrəngli bayrağımız daim ucalarda dalğalansın!