Bəzən bir rəssamın dünyasını anlamaq üçün onun tablolarına baxmaq kifayət etmir. Gərək küləyin səsini eşidəsən, dənizin qoxusunu duyasan, günəşin yandırdığı Abşeron torpağının rəngini tanıyasan. Fərhad Xəlilovun rənglər dünyasına aparan yol da elə buradan başlayır…
Bu gün – oktyabrın 26-da Xalq rəssamı Fərhad Xəlilovun 80 yaşı tamam olur. O, ömrünü rənglərlə danışmağa həsr edən, Abşeronun daşına, torpağına, dənizinə və küləyinə özünəməxsus baxış gətirən sənətkarlardandır. Onun tablolarında Abşeron coğrafi məkan olmaqla yanaşı, insanın ruhuna hopmuş bir yaddaşdır. Buzovnanın, Nardaranın, Mərdəkanın sahilləri, günəş altında qızaran torpaq, dənizə açılan yollar – bütün bunlar rəssamın fırçasında başqa bir ömür qazanır.
Fərhad Xəlilovun rəssamlıq yolu Bakıda, Əzim Əzimzadə adına Rəssamlıq Məktəbindən başlayıb, Moskvada davam edib. Amma görünür, insan nə qədər uzaqlara getsə də, ruhunun ilk ünvanından ayrıla bilmir. Onun yaradıcılığında Abşeronun bu qədər geniş yer tutması da bəlkə elə bundandır. Burada təbiət özünü hay-küylə göstərmir; daşın susqunluğunda, sahilin boşluğunda, küləyin görünməz hərəkətində duyulur. Fərhad Xəlilov həmin səssizliyin dilini bilən rəssamdır.

Ancaq onun sənət yolu həmişə hamar olmayıb. Gəncliyindən sovet ideologiyasına tənqidi yanaşan rəssam üçün yaradıcılıq azadlığı hər şeydən üstün idi. Yetmişinci illərdə çəkdiyi “Çağırış” adlı üçmetrlik əsəri buna maraqlı nümunədir. Sərgidə rəsmə baxanlardan biri – o vaxt Azərbaycanın Dövlət Təhlükəsizlik Komitəsinin rəhbəri olan Vitali Krasilnikovun onun nəyə çağırdığını soruşanda, əslində, tablonun gizli mənasını hiss etmişdi: orada azadlığa çağırış vardı. Həmin dövrdə Rəssamlar İttifaqında yenicə sədr seçilmiş Tahir Salahov nəsə izah etməyə çalışsa da, Krasilnikov sakitləşməyib. Bu an Heydər Əliyev məsələyə qarışaraq mübahisənin böyüməsinə imkan verməyib, DTK rəhbərini oradan uzaqlaşdırıb.
Daha bir maraqlı məqam onun “Novruz” əsəri ilə bağlıdır. Novruz bayramının qadağan olunduğu illərdə çəkilən tabloda Abşeron qadını və uşağın əlindəki balaca səməni diqqət çəkirdi. Bayramın bütün şənliyini deyil, onun nəsildən-nəslə ötürülən ruhunu ifadə edən bu detal rəssamın sənət dilində xüsusi məna daşıyırdı. Sanki bir ovuc yaşıllıqla unudulmayan ənənəni qorumaq mümkün idi.

Fərhad Xəlilovun ömründə rəssamlıqdan başqa musiqinin də yeri olub. Uşaqlıqda dirijor uşaq haqqında filmə baxdıqdan sonra musiqiyə maraq göstərib, bacısının köməyi ilə təxminən bir il məşğul olub, hətta kiçik konsertdə çıxış edib. Sonralar bu yolu davam etdirməsə də, musiqi, ədəbiyyat və rəssamlığın ömrü boyu onunla qalacağını söyləyib. Bəlkə də elə buna görə onun tablolarına baxanda bəzən rənglərdən çox, səssiz bir musiqi eşidilir.
Rəssamın həyatında Buzovnanın da xüsusi yeri var. O, burada Mircavad və Kamal kimi sənət adamları ilə birgə keçirdiyi günləri yaradıcılıq həyatının mühüm hissəsi kimi xatırlayır. Moskvanın sərgi salonlarından tutmuş sənət adamlarının toplaşdığı qeyri-rəsmi məkanlara qədər geniş bir çevrədə tanınsa da, onun sənətinin əsas nəfəsi yenə Abşeron torpağından gəlirdi.
1987-ci ildə Azərbaycan Rəssamlar İttifaqının sədri seçilməsi isə həyatına yeni məsuliyyət gətirdi. Fərhad Xəlilovun özünün danışdığına görə, bu vəzifəyə əvvəlcədən can atmayıb; onu həmkarlarının səsverməsi ilə seçiblər. Sonralar bu məsuliyyəti yaradıcılığı ilə uzlaşdırmağa çalışıb, sənət yoldaşlarına dəstək göstərib, Mircavadın sərgisinin təşkilinə və yaradıcılığının tanıdılmasına kömək edib. Beləcə, onun sənətə münasibəti yalnız öz tabloları ilə məhdudlaşmayıb.

Fərhad Xəlilovun həyatında ailə də özünəməxsus iz qoyub. Atası Qurban Xəlilov yüksək dövlət vəzifələrində çalışsa da, rəssam öz yolunu sənətdə seçib. O, müsahibələrində ideoloji sistemlə münasibətlərində sərbəstliyini qoruduğunu, bütün zamanını incəsənətə həsr etmək istədiyini vurğulayıb. Şəxsi həyatını isə əsasən ictimaiyyətin diqqətindən uzaq tutub. Oğlu Seymurun 2023-cü ildə vaxtsız vəfatı ailənin yaşadığı ağır itkilərdən biri olub.
Bu gün Fərhad Xəlilovun əsərləri Azərbaycanın hüdudlarından kənarda da nümayiş olunur. O, Azərbaycan Respublikasının Xalq rəssamıdır, uzun illərdir Rəssamlar İttifaqına rəhbərlik edir, müxtəlif mükafat və təltiflərə layiq görülüb. 80 illik yubileyi ərəfəsində “İstiqlal” ordeni ilə təltif edilməsi də onun sənətinə və xidmətlərinə verilən qiymətdir.

Amma rəssamın ömrünü ordenlərin, fəxri adların və vəzifələrin siyahısına sığışdırmaq mümkün deyil. Onun əsl bioqrafiyası kətanların üzərindədir — Abşeronun günəşində, dənizin boz-mavi çalarında, daş evlərin səssizliyində, küləyin görünməyən izlərində…
Yəqin ki, Fərhad Xəlilovun sənətinin sirri elə bundadır: o, hamının gördüyü mənzərədə başqasının hiss etmədiyi bir duyğunu tapır. Və həmin duyğunu rəngə çevirərək bizə qaytarır. Çünki əsl rəssamlar dünyanı olduğu kimi çəkmirlər. Onlar dünyaya necə baxdıqlarını göstərirlər. Fərhad Xəlilovun tablolarında isə Abşeronun torpağı, dənizi və sükutu yalnız görünmür, həm də dərindən-dərinə duyulur.
Xanım Aydın