Bu gün, oktyabrın 17-də Füzuli şəhərinin işğaldan azad olunmasının altıncı ildönümü qeyd edilir. Bu tarix Azərbaycan xalqının yaddaşına qürur, sevinc və tarixi ədalətin bərpası günü kimi həkk olunub.
2020-ci il oktyabrın 17-də Azərbaycan Ordusu Vətən müharibəsində növbəti mühüm qələbəyə imza ataraq Füzuli şəhərini və rayonun bir sıra kəndlərini işğaldan azad edib. Həmin gün Azərbaycan Prezidenti İlham Əliyev rəsmi “X” hesabında Ordumuzun Qoçəhmədli, Çimən, Musabəyli, Pirəhmədli, Dədəli, İşıqlı və Cuvarlı kəndlərini, eləcə də Füzuli şəhərini işğaldan tam azad etdiyini elan edib.
Füzulinin azad olunması Vətən müharibəsinin gedişində mühüm hərbi və strateji əhəmiyyət daşıyan hadisələrdən biri olub. Uzun illər doğma yurdlarından ayrı düşmüş insanların qayıdış ümidi yenidən gerçəkliyə çevrilib, şəhərin gələcək dirçəlişinin əsası qoyulub.
Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamına əsasən, hər il oktyabrın 17-si Azərbaycanda Füzuli Şəhəri Günü kimi qeyd olunur.
Bu gün Füzuli təkcə azad edilmiş şəhər deyil, həm də Azərbaycanın iradəsinin, ordumuzun qəhrəmanlığının və xalqımızın doğma torpaqlara bağlılığının rəmzidir. Altı il əvvəl qazanılan tarixi qələbə Füzulinin yenidən qurulması, dirçəlməsi və öz sakinlərinə qovuşması yolunda yeni bir səhifə açıb.