Bir vaxtlar küçələrin küncündə dayanan taksofonlar bakılıların ən yaxın rabitə vasitələrindən biri idi. Mobil telefonların olmadığı, hər evdə stasionar telefonun tapılmadığı illərdə bir zəng etmək üçün bəzən küçəyə çıxmaq, avtomat telefon axtarmaq lazım gəlirdi.
İndiki kimi cibindən telefonu çıxarıb dünyanın o başındakı adamla danışmaq mümkün deyildi. Nə mesaj yazıb göndərmək vardı, nə də cavab gəlməyəndə ard-arda zəng etmək. Birinə xəbər çatdırmaq, evə gecikəcəyini bildirmək, yaxud uzaqda yaşayan doğmanı aramaq istəyirdinsə, şəhərin küçələrindəki avtomat telefonlar köməyə gəlirdi.
Bakının küçələrində, meydanlarında, metro stansiyalarında quraşdırılan bu telefonlar şəhər həyatının adi, amma vacib bir detalı idi. El arasında onlara çox vaxt “avtomat telefon” deyirdilər. Rəsmi adı isə taksofon idi.

İlk avtomat telefonlar Bakıda nə vaxt peyda oldu?
Taksofonların tarixi XIX əsrin sonlarına gedib çıxır. Dünyada ilk ictimai ödənişli telefon aparatlarından biri 1881-ci ildə Berlində nümayiş etdirilmişdi. Sonrakı illərdə bu sistem təkmilləşdi, telefonla danışmaq üçün xüsusi jetonlardan, daha sonra isə müxtəlif ödəniş vasitələrindən istifadə olunmağa başlandı.
Bakıda isə ilk telefon-avtomatların 1935-ci ildə quraşdırıldığı bildirilir. Həmin vaxt şəhərin küçələrində təxminən 20 belə aparat vardı. Bu rəqəm indiki dövrlə müqayisədə çox kiçik görünsə də, o dövrün Bakı sakinləri üçün yenilik və rahatlıq demək idi.
1930-cu illərdə şəhərdə telefon şəbəkəsi də inkişaf edirdi. Avtomat telefonlar isə şəxsi telefonu olmayan insanların rabitə ehtiyacını müəyyən qədər ödəyirdi. Sonrakı illərdə telefon şəbəkəsinin genişlənməsi ilə onların sayı da artdı, köhnə aparatlar yeniləri ilə əvəzləndi.

Bir zəng üçün küçəyə çıxılan illər
Köhnə Bakı həyatında telefon hər evin qapısını döyməmişdi. Kiminsə evində telefon vardı, kiminsə yox. Bəzən bir məhəllədə telefon olan evin ünvanını hamı tanıyırdı. Təcili xəbər düşəndə qonşular bir-birinə müraciət edir, kiməsə zəng etmək lazım gələndə həmin evin qapısı döyülürdü.
Avtomat telefonlar bu baxımdan böyük rahatlıq idi. İnsanlar artıq hər dəfə tanışın, qohumun telefonuna möhtac qalmırdılar. Küçədəki aparata yaxınlaşıb lazım olan nömrəni yığmaq kifayət edirdi.
Təsəvvür edin: Bakının səs-küylü küçəsi, yanından ötüb-keçən tramvaylar, tələsən adamlar, bir də telefon köşkünün qarşısında dayanıb növbəsini gözləyənlər. Kimsə evə xəbər verir, kimsə iş yoldaşını axtarır, bir başqası isə görüş yerini dəqiqləşdirir.
Bəzən xətt məşğul olurdu, bəzən qarşı tərəf dəstəyi götürmürdü. Bəzən də danışmaq istədiyin sözlər üçün ayrılan vaxt yetmirdi. İndiki kimi söhbəti uzatmaq, saatlarla danışmaq imkanın yox idi. Hər dəqiqənin, hər qəpiyin öz qiyməti vardı.
Avtomat telefonların qarşısında yaranan növbələr də şəhər mənzərəsinin bir hissəsi idi. Xüsusilə iş vaxtının sonunda, insanların evə tələsdiyi saatlarda bir zəng etmək istəyənlərin sayı arta bilərdi. Telefon danışığı şəxsi məsələ olsa da, onun baş tutması bəzən bütöv bir küçənin ritminə qarışırdı.

Telefon köşkləri, görüşlər və gözləmələr
Avtomat telefonlara tələbat o qədər böyük idi ki, bəzən zəng etmək üçün növbəyə dayanmaq lazım gəlirdi. Xüsusilə işdən çıxanların, evə tələsənlərin, yaxınlarına xəbər çatdırmaq istəyənlərin çoxaldığı saatlarda telefon köşklərinin qarşısında bir neçə nəfərin gözlədiyini görmək adi mənzərə idi. Kimsə səbirsizliklə saatına baxır, kimsə əlindəki qəpikləri hazırlayır, kimsə də növbəsinin nə vaxt çatacağını gözləyirdi. Dəstəyi götürən adamın söhbəti uzananda arxada dayananların səbri bir az da sınanırdı. Bəzən baxışlarla, bəzən də zarafatla “Nə qədər danışmaq olar, ay zalım?” demək istəyirdilər.
Amma elə bu gözləməyin özündə də indiki günlər üçün qəribə görünən bir doğmalıq vardı. İnsanlar bir-birinin üzünü görür, söhbətə qarışır, növbə üstündə yüngülcə gileylənir, sonra da gülüb keçirdilər. Telefon köşkünün qarşısında yaranan həmin kiçik izdiham şəhərin gündəlik həyatına qarışan şirin bir narahatlıq idi. Bir zəng üçün gözləmək, nəhayət, dəstəyi qulağına aparıb doğma səsi eşitmək – bütün bunların özünəməxsus həyəcanı vardı.

Mobil telefonlar gəldi, avtomat telefonlar tarixə çəkildi
Mobil rabitənin yayılması ilə şəhər həyatında çox şey dəyişdi. Telefon artıq küçənin küncündə dayanıb gözlədiyin aparat deyil, cibində gəzdirdiyin şəxsi əşyaya çevrildi. İndi zəng etmək üçün xüsusi yer axtarmırıq, növbəyə dayanmırıq, qəpik və ya jeton götürməyi düşünmürük.
Bununla belə, taksofonlar birdən-birə yoxa çıxmadı. Bakıda sonrakı illərdə də yeni nəsil telefon aparatları quraşdırıldı. 2012-ci ildə şəhərə Çindən 80 yeni taksofon gətirildiyi, həmin dövrdə Bakı metrosunda multimedia taksofonlarının istifadəyə verildiyi barədə məlumatlar yayılmışdı. Bu aparatların bəziləri əvvəlki modellərdən xeyli fərqlənirdi.
Bu gün isə küçə telefonları əvvəlki kimi geniş istifadə olunmur. Mobil telefonlar gündəlik həyatın ayrılmaz hissəsinə çevrildiyindən taksofonlara ehtiyac xeyli azalıb. Bununla belə, müasir ictimai telefon aparatlarına hələ də rast gəlmək mümkündür.
Bakının avtomat telefonları da şəhərin dəyişən simasının bir parçasıdır. Vaxtilə bir zəng üçün dayanılan küçələr indi tamam başqa həyat yaşayır. Telefon köşklərinin yerini reklam lövhələri, yeni dayanacaqlar, müasir binalar alıb. Amma köhnə Bakını xatırlayanların yaddaşında həmin aparatlar hələ də yaşayır.
Axı bir vaxtlar uzaqdakı adama çatmağın yolu elə yaxınlıqdakı avtomat telefondan keçirdi. Bir neçə qəpik, bir telefon dəstəyi və xəttin o başından gələn doğma səs… Bəzən bütöv bir günün sevincini yaratmaq üçün bundan artığı lazım deyildi.
Xanım Aydın