Və ya relslər üzərində güc və sürət – 146 ilin akkordları
Ölkəmizin geosiyasi mövqeyi beynəlxalq nəqliyyat və ticarət əlaqələrində Azərbaycanın mühüm rol oynamasına əlverişli zəmin yaradır. Xəzər dənizinin qərb sahilində yerləşən, Avropa ilə Asiyanı qovuşduran Azərbaycan, tarixən ticarət yollarının kəsişmə nöqtəsi olub. Bu əlverişli mövqe müasir dövrdə də öz aktuallığını qoruyur və ölkəmizi beynəlxalq nəqliyyat dəhlizlərinin mühüm iştirakçısına çevirir.
Bu strateji potensialın reallaşmasında əsas rollardan birini Azərbaycan Dəmir Yolları (ADY) oynayır. ADY təkcə yük və sərnişin daşımalarını həyata keçirən nəqliyyat qurumu deyil, həm də ölkənin iqtisadi təhlükəsizliyi, logistik imkanları və regional əməkdaşlıq istiqamətində atdığı addımların mühüm bir dayaq nöqtəsidir.
ADY ölkəmizin sosial-iqtisadi inkişaf tarixində özünəməxsus yerə malik olmaqla yanaşı, Cənubi Qafqaz regionunun əsas tranzit arteriyalarından birinə çevrilib. Bu gün ADY təkcə respublika daxilində hərəkəti təmin edən nəqliyyat şəbəkəsi deyil, həm də Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən, Avropa və Asiya arasında körpü rolunu oynayan strateji infrastruktur vahididir.
Onun 146 illik inkişaf yolu yalnız texniki modernizasiya və struktur dəyişiklikləri ilə ölçülmür; bu yol həm də Azərbaycan iqtisadiyyatının sənayeləşməsi, regional inteqrasiyası və beynəlxalq mahiyyət qazanmasında əvəzsiz rol oynamış tarixi inkişaf xəritəsidir.

İlk relslər: neft qoxuyan yol (1879–1991)
Azərbaycan ərazisində ilk dəmir yolu xətti XIX əsrin sonlarında – 1878-79-cu illərdə neft sənayesinin inkişafına paralel olaraq Bakı və Balaxanı arasında çəkilib. 1880-ci ildə isə həmin yolun neft sahələrinə gedən hissəsi işə salınıb (Bakı–Balaxanı–Sabunçu–Suraxanı). Bu, Azərbaycanda ilk dəmir yolu idi. Bakı Sabunçu vağzalı – dəmir yolları sərnişin daşınması üçün deyil, yataqlardan nefti Bakı limanına daşımaq üçün yaradılmışdı.
Həmin dövrdə Bakı neftinin Qara dəniz limanlarına çatdırılması zərurəti artırdı. 1880-ci ildə Bakı şəhər Duması Bakıda vağzalın tikilməsini qərara aldı. Binanın layihəsi üzərində Xrisanf Konstantinoviç Vasilyevin rəhbərlik etdiyi bakılı mütəxəssislərdən ibarət böyük bir qrup, eyni zamanda Moskva və Sankt-Peterburqdan olan məşhur memarlar işləyirdi. Binanın layihəsi ilə Moskvada da yaxından maraqlanırdılar. Buna görə də məşhur memar Pyotr Drittenpreys də Bakıya gələrək layihəyə bəzi əlavələr edir. Belə ki, o, damın formasını dəyişərək böyüdür, eyni zamanda ornamenti vahid imperiya üslubuna uyğun başqa birisi ilə əvəzləyir. Sankt-Peterburqdan olan başqa bir əfsanəvi memar Aleksandr Bruni də binanın layihəsində müəyyən dəyişikliklər edir.
1883-cü ilin sonunda stansiya istismara tam hazır olur. Ardınca Bakı rəhbərliyi ətraf əraziləri abadlaşdırmağa başlayır. Nəhayət, 1884-cü il yanvarın 10-da açılış mərasimi baş tutur, 10 gün sonra isə stansiya istifadəyə verilir.
Qeyd edək ki, Bakı Dəmir Yolu Vağzalı o illərdə həm də Tiflis vağzalı kimi tanınırdı. Çünki buradan qatarlar Bakı–Yelizavetpol–Tiflis (Bakı–Gəncə–Tbilisi) xətti ilə hərəkət edirdi. Bu xətt Bakı neftinin Qara dəniz limanlarına daşınması üçün yeni imkanlar yaratdı və getdikcə Azərbaycanı regionun nəqliyyat mərkəzinə çevirdi.
XX əsrin əvvəllərində Bakı–Yalama, Bakı–Astara və Bakı–Şollar kimi yeni istiqamətlərdə xətlərin qurulması ilə dəmir yolu infrastrukturu ölkənin müxtəlif sənaye və kənd təsərrüfatı rayonlarını birləşdirdi. Xüsusilə də Bakı ətrafındakı neft mədənlərini limanla birləşdirən qısa məsafəli xətlər şəhərdaxili iqtisadi dinamikanı gücləndirdi.
Sovet dövründə isə dəmir yolları SSRİ-nin vahid nəqliyyat sisteminin tərkibində fəaliyyət göstərirdi. Bu dövrdə mühüm infrastruktur layihələri həyata keçirildi, yük və sərnişin daşımaları artdı, lokomotiv və vaqon parkı genişləndi. Lakin texniki modernləşmədə gecikmələr, mərkəzləşdirmə səbəbindən idarəetmədə ortaya çıxan çeviklik çatışmazlığı və innovasiyalara az yer verilməsi 1990-cı illərə doğru bu sistemin böhranına gətirib çıxardı.

Müstəqillik və keçid dövrü: süqutdan dirçəlişə (1991–2009)
1991-ci ildə Azərbaycanın müstəqillik qazanması ilə ümumittifaq dəmir yolu sistemi də dağılmış oldu. Nəticədə ölkəmiz bu sahədə ciddi çağırışlarla üzləşdi. İnfrastruktur köhnəlmiş, vaqon və lokomotiv parkı texniki cəhətdən geri qalmış, beynəlxalq əlaqələr isə zəifləməyə başlamışdı. İqtisadi tənəzzül dövründə sərnişin axını və yükdaşımaları kəskin azaldı, dəmir yolu işçilərinin maaşları və sosial təminatı diqqətdən kənarda qaldı. Bununla belə, bu dövr həm də sektorda islahatlar üçün zəminin formalaşdığı mərhələ oldu. İqtisadi cəhətdən güclənən, siyasi sabitliyə nail olan dövlətimiz 2000-ci illərin əvvəllərindən etibarən nəqliyyat sahəsinə diqqəti artırmağa başladı. Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı kimi beynəlxalq maliyyə institutlarının dəstəyi ilə bəzi infrastruktur layihələri üçün ilkin investisiya planları hazırlandı. Bu dövr həm də Azərbaycan dəmir yollarının “yenidən doğulması” üçün strateji baxışın formalaşdığı mərhələ idi.

Strateji modernləşmə dövrü: sürətli irəliləyiş (2009–2024)
2009-cu ildə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması ilə dəmir yolu sektorunda ciddi struktur islahatlarına start verildi. Yeni idarəetmə modeli daha çevik qərarvermə, özəl sektorla əməkdaşlıq imkanları və beynəlxalq inteqrasiya üçün əlverişli mühit yaratdı.
Ən mühüm nailiyyətlərdən biri 2017-ci ildə istismara verilən Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xəttidir. Bu xətt Azərbaycanı Gürcüstan və Türkiyə vasitəsilə Avropa ilə birləşdirərək, ölkənin tranzit rolunu kəskin şəkildə artırdı. Belə ki, Çin–Avropa marşrutu üzrə yüklərin daşınma müddəti 30–35 gündən 12–15 günə qədər azaldı. Bu isə Azərbaycanın “Orta Dəhliz” layihəsində əsas oyunçulardan birinə çevrilməsi demək idi.
Şimal–Cənub nəqliyyat dəhlizi çərçivəsində həyata keçirilən Astara–Rəşt dəmir yolu layihəsi isə Azərbaycanı İran, Hindistan və digər Cənubi Asiya ölkələri ilə birləşdirməyə imkan verir. Bu layihə tam başa çatdıqdan sonra Hindistan malları İran və Azərbaycan vasitəsilə Rusiyaya və Avropaya daşına biləcək.
Yolların beynəlxalq şaxələnməsi ilə yanaşı, ötən illər ərzində ADY müasir tələblərə uyğun olaraq, idarətmə və xidmət sahəsinin rəqəmsallaşması istiqamətində də mühüm addımlar atıb. Elektron bilet sistemi, rəqəmsal logistik idarəetmə platformaları, sərnişinlərin mobil tətbiqlərlə xidmətlərə çıxışı və sair innovativ yeniliklər sektoru yeni keyfiyyət mərhələsinə yüksəldib.

Çağırışlar və inkişaf imkanları
Azərbaycan Dəmir Yolları daim inkişafdadır və bu gün də onun qarşısında müəyyən məsələlər dayanır. Logistik rəqabət – dəmir yolları avtomobil və hava nəqliyyatı ilə rəqabətdə çevikliyə və daha müasir xidmət modelinə ehtiyac duyur. Eyni zamanda, bu sahədə böyük imkanlar da mövcuddur. Məsələn, yaşıl nəqliyyat potensialını götürsək, elektriklə işləyən qatarların sayının artırılması karbon emissiyasını azalda bilər. Həmçinin rəqəmsal transformasiya – müasir İKT texnologiyalarının tətbiqi ilə logistika xidmətlərinin keyfiyyəti daha da yüksələ bilər. Regionlararası inteqrasiya sahəsində isə Azərbaycan Dəmir Yollarının Qafqaz, Orta Asiya və Cənubi Asiya ölkələri ilə əlaqələri ticarət dövriyyəsini artıracaq. Bundan başqa, beynəlxalq layihələrdə – “Bir Kəmər, Bir Yol”, Şimal–Cənub dəhlizi və digər strateji təşəbbüslərdə fəal iştirak Azərbaycanın regional nəqliyyat mərkəzi statusunu bir daha qabardır.
ADY-nin perspektiv ölkədaxili və beynəlxalq inkişaf imkanlarından danışarkən 2020-ci ildə Vətən müharibəsi nəticəsində işğaldan azad olunan və hazırda böyük tikinti və quruculuq işləri davam edən Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarını, eləcə də Zəngəzur dəhlizini xüsusi vurğulamaq lazımdır. Bu ərazilərdən keçəcək dəmir yolu arteriyaları və yuxarıda sadaladığımız digər faktorlar isə ölkəmizin dəmir yollarını getdikcə daha çox ehtiyac duyulan və əvəzolunmaz edəcək.

ADY-nin ölkə iqtisadiyyatına və xarici siyasətimizə təsiri
Azərbaycan Dəmir Yollarının inkişafı ölkəmizin iqtisadiyyatına birbaşa təsir edir. O cümlədən tranzit yükdaşımaları ölkənin büdcəsinə əlavə vəsaitlər cəlb edir və infrastruktur layihələrinin maliyyələşdirilməsinə imkan yaradır. Yeni iş yerlərinin yaradılması və ölkə regionlarının inkişafı isə sosial rifahı yüksəldir.
Eyni zamanda, beynəlxalq ticarət əlaqələrinin genişlənməsi Azərbaycanın iqtisadi müstəqilliyini və regional təsirini artırır. Ölkəmizin beynəlxalq dəhlizlərdəki rolu dövlətimzin xarici siyasətinə də güc qatır. Tranzit ölkə kimi Azərbaycan müxtəlif dövlətlərlə strateji tərəfdaşlıqlar qurur və regional təhlükəsizliyin təmin olunmasına töhfələr verir. Bu, həmçinin Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu artırır.
Bundan başqa, beynəlxalq dəhlizlər vasitəsilə müxtəlif xalqların bir-biri ilə sıx əlaqəsi qurulur, mədəni mübadilə təşviq edilir. Beləliklə, Azərbaycanın multikultural və tolerant cəmiyyət quruculuğu da dəstək görmüş olur.
2030-cu ilin hədəfləri: Yeni marşrutlar və modernizasiya
Son illərdə görülən işlər, əldə olunan nailiyyətlər ADY-nin Müşahidə Şurası tərəfindən təsdiq edilmiş “Azərbaycan Dəmir Yollarının 2030-cu ilədək Strateji İnkişaf İstiqamətləri” sənədi ilə müəyyən olunmuş uzunmüddətli strategiyanın icrası çərçivəsində həyata keçirilir. Bu yolda əsas məqsəd, əsas strateji hədəf Azərbaycan ərazisindən keçən Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin aktiv istifadə edilməsinə nail olmaqla ölkəmizin beynəlxalq nəqliyyat qovşağına çevrilməsinə önəmli töhfə vermək, 2030-cu ilədək tranzit daşımaların illik həcmini 2-4 dəfə artırmaqdır. Qəbələ Dəmiryol Vağzalının və Ləki–Qəbələ birxətli dəmir yolu, Bakı–Xırdalan–Sumqayıt dəmir yolu xətti, Bakı sərnişin – Sabunçu dəmir yolu xətti, Sabunçu–Pirşağı xətti, Bərdə-Ağdam dəmir yolu xəttinin və Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi, Ələt–Osmanlı–Astara dəmir yolu xətti istifadəyə verilib, Sumqayıt-Yalama dəmir yolu xəttinin, Horadiz–Ağbənd dəmir yolu xəttinin layihələndirmə, yenidənqurma və tikinti işləri davam edir. Ən son yenilik isə iyunun 15-də Bakı–Ağstafa–Bakı istiqamətində hərəkət edən sürətli qatarların marşrutunun Qazax stansiyasına qədər uzadılması ilə bağlıdır. Yeni qatar xəttinin təhlükəsiz və fasiləsiz fəaliyyəti məqsədilə “Azərbaycan Dəmir Yolları” QSC Ağstafa-Qazax sahəsində əsaslı təmir və yenidənqurma işləri aparıb. Bu çərçivədə enerji, rabitə və işarəvermə sistemlərinin layihələndirilməsi işləri görülüb, həmçinin Qazax stansiyasının binası təmir olunub və gözləmə zalı yenilənib.
Dəmir Yolları ilə gələcəyə: İnfrastruktur, rəqəmsallaşma və dayanıqlılıq yolunda
Azərbaycan Dəmir Yolları 146 illik tarixində öz inkişaf yolunu keçmiş, müxtəlif dövrlərdə böyük çətinliklərə baxmayaraq, müasir dövrün tələblərinə uyğunlaşmaq üçün ciddi addımlar atıb. Ölkənin coğrafi mövqeyi, strateji təşəbbüslər və beynəlxalq əməkdaşlıq imkanları Azərbaycan Dəmir Yollarını yalnız milli nəqliyyat sistemi kimi deyil, regionun əhəmiyyətli tranzit arteriyası kimi də ön plana çıxarır.
Gələcəkdə sektorda diqqət daha çox infrastrukturun yenilənməsi, rəqəmsallaşmanın dərinləşdirilməsi, ixtisaslı kadrların hazırlanması və ekoloji davamlılığın təmin edilməsinə yönəlməlidir. Bundan başqa, Azərbaycanın geosiyasi mövqeyi və ADY-nin beynəlxalq dəhlizlərdəki rolu, ölkənin iqtisadi, siyasi və mədəni inkişafında mühüm əhəmiyyət kəsb edir. Bu əlaqələrin daha da gücləndirilməsi, Azərbaycanın beynəlxalq aləmdəki mövqeyini möhkəmləndirəcək və regionun inkişafına töhfə verəcəkdir.
Xanım Aydın