Mənşəyi
Müasir Azərbaycan xalqının türk xalqları ailəsi tərkibində müstəqil xalq kimi formalaşmasında böyük rolu olan tayfalardan biri də Ağqoyunlulardır.
Ağqoyunlu və Qaraqoyunlu tayfa birlikləri Oğuz türklərinin nəslindən olan tayfaları birləşdirirdi və onlar eyni türk boyunun nəslindən idilər. Hərçənd yüz il ərzində aralarında qanlı savaşlar olmuşdu. Ağqoyunlu tayfa birliyinin başında qədim Bayandur tayfasının nümayəndələri dururdu. Buna görə də bir çox tarixçilər Ağqoyunlulara həm də Bayandurlar sülaləsi deyirlər. Bayandur tayfası çox qədim tarixə malikdir. Qədim Oğuznamələrdə Bayandur boyu Oğuzun 22 boyundan biri kimi qeyd olunur. Elə “Kitabi Dədə Qorqud” dastanında da, Bayandur xan obrazı Oğuz elinin xanlar xanı kimi təqdim edilir.
15-ci əsrdə Ağqoyunlu tayfa birliyində Bayandur boyu ilə yanaşı, Oğuzların Bayat, Cagirlu, Bayramlu, Mosullu, Pornək və sair tayfalar birləşmişdi. Bu tayfaların nümayəndələri də, çox döyüşkən cəsur xasiyyətə malik idilər. Ağqoyunlu tayfa birliyi 14-cü əsrin ortalarında Əlaəddin Turəli bəy Bayandur tərəfindən formalaşdırılıb. Yaxın Şərqdə həmin illərdə mövcud olan feodal dağınıqlığı nəticəsində Turəli bəy də öz tayfa birliyini gücləndirə bilmişdi.
Yüksəlişi
14-cü əsrin sonlarında Qara Yuluk Osmanın bəyliyi dövründə Ağqoyunlu tayfa birliyi daha da güclənmiş, Şərqdə baş verən siyasi hadisələrdə daha aktiv iştirak etmişdi. Maraqlı faktdır ki, Əmir Teymurla Sultan Bəyazid arasında baş tutan Ankara döyüşündə Qaraqoyunlular Sultan Bəyazidin ordusunda, Ağqoyunlular isə Əmir Teymurun ordusunda döyüşmüşdülər. Əmir Teymurla ittifaqda ikən, müharibələrdə böyük şücaətlər göstərmişdilər. Bunun müqabilində, Əmir Teymur səxavət göstərərək, Ağqoyunlu əmiri Qara Yuluk Osmana öz əyalətlərindən əlavə, həm də Malatya vilayətini hədiyyə etmişdi.
Tarixi məlumatlara görə, Qara Yuluk Osmanın dahi hürufi şairimiz İmadəddin Nəsimi ilə yaxın dostluq münasibətləri olmuşdur. Hətta bəzi mənbələr yazır ki, Hələb əmiri Nəsimini edam edəndən sonra belə bir fərman verir – onun bədənini şaqqalayandan sonra bir şaqqası Zülqədər oğlu Əli bəyə, bir şaqqası isə Ağqoyunlu Qara Yuluk Osmana göndərilsin. Hələb əmiri sanki bununla Nəsiminin ən yaxın dostlarına və himayədarlarına acıq verirmiş kimi görünür.
Dövlətçiliyə doğru – Uzun Həsənin fəaliyyəti
Ağqoyunlu tayfa birliyinin dövlətçilik mərhələsinə qalxması bundan əvvəl qurulan Qaraqoyunlu dövlətinin zəifləməsiylə bağlı idi. 15-ci əsrin ortalarında artıq Qaraqoyunlu dövləti əraziləri normal idarə edə bilmirdi. Taxt tac üstündə vətəndaş müharibələri ara vermirdi. Əbəs yerə qardaş qanı tökülürdü, xalq kütlələri əziyyət çəkirdi.
Buna görə də, Ağqoyunlu tayfa ittifaqının rəhbəri Uzun Həsən Bayandur güclü orda yaradaraq, yeni dövlət qurmaq yolunda mübarizəyə başladı. Təxminən beş illik mübarizədən sonra 1467-ci ildə paytaxtı Təbriz şəhəri olmaqla Ağqoyunlu dövləti quruldu. Taxta çıxan Uzun Həsən Bayandurun adına sikkələr kəsildi, xütbələr oxundu. Ağqoyunlu dövlətinin qurulması hələ kənar qüvvələrin Azərbaycan ərazilərindən əl üzməsi demək deyildi. Bu əraziləri öz vərəsə mülkü hesab edən Teymurilər Azərbaycanda qurulan yeni dövləti də öz vassalı sayaraq, müstəqilliyini tanımırdılır. Belə hökmdarlardan biri də Teymurilər səltənətinin taxtında oturan Sultan Əbu Səid idi.
1469-cu ildə, o, taxtdan məhrum olmuş Qaraqoyunlu xanədanının hüquqlarını müdafiə etmək bəhanəsiylə Azərbaycan yürüşə başladı. Şirvanşahların Teymurilərlə köhnə dostlu münasibətlərini nəzərə alaraq, elə düşünürdü ki, Ağqoyunlularla mübarizədə Şirvanşah Fərrux Yasar da ona dəstək olacaq. Buna görə də Azərbaycan ərazilərinə yaxınlaşandan sonra soyuqlarının düşməsini nəzərə alaraq, Təbrizə deyil, Qarabar düzənliyinə yollandı.
Ancaq Uzun Həsən Şirvanşah dövləti ilə dostluq əlaqələri yarada bilmişdi. Eyni zamanda, Səfəvilərin Ərdəbil hakimliyi ilə də münasibətlər quraraq, Teymurilərə qarşı ittifaq yaratmışdı. Beləliklə, müttəfiq qoşunları Əbu Səidin qoşununu mühasirəyə alıb onu çox ağır vəziyyətdə, qış aylarının soyuğu, ərzaq və yem çatışmazlığı şəraitində, döyüşə girməyə məcbur etdilər. Bu ağır döyüşdə Teymuri qoşunu darmadağın edildi, Əbu Səid əsir düşdü. Bundan sonra Ağqoyunlu dövlətinə Şərqdən gələn təhlükə sovuşmuş oldu.
Yalnız bundan sonra Uzun Həsən bütün qüvvələrini Anadoluda Sultan II Mehmetlə mübarizəyə yönəldə bildi. Bu mübarizə isə onilliklər boyu davam eləsə də, Ağqoyunlu xanədanına müvəffəqiyyət gətirmədi, nəticədə mərkəzi Anadoludakı bir çox ərazilərin itirilməsiylə nəticələndi.
Sara xatun
Ağqoyunlu xanədanı haqqında danışanda ilk yada düşən simalardan biri də Şərq tarixində şöhrət qazanmış məşhur diplomat xanım olan Sara xatundur. Uzun Həsənin anası olan Sara Xatun uzun illər ərzində oğluna idarəçilikdə və diplomatik müstəvidə dəstək olmuşdur. Osmalı Sultanı II Mehmetlə, Teymuri hökmdarı Əbu-Səidlə, Misirin Məmluk sultanı ilə danışıqlar aparmış, eyni zamanda Təbrizdəki xarici səfirliklərlə daimi ünsiyyətdə olmuşdur. Hətta mənbələriin məlumatına görə, Osmanlı sultanı II Mehmetlə danışıqlar apararkən, onlar bir birinə, «ana», «oğul» deyə müraciət edirdilər. Ayrılanda da Sultan II Mehmet Sara Xatunu qiymətli hədiyyələrlə yola salmışdı.
Onun sorağı, hətta Avropa ölkələrinə çatmışdı. Ağqoyunlu sarayına göndərilən elçilərə təlimat verilirdi ki, Hökmdardan sonra ilk olaraq Sara xatunla ünsiyyət qursunlar, onun rəğbətini qazansınlar. Çünki xanədan içində hədsiz nüfuza malikdir və hökmdar üzərində təsiri böyükdür.
Bütün bu tarixi məlumatlar Sara Xatunun həqiqətən də böyük idarəçilik təcrübəsinə, diplomatik istedada və dərin siyasi zəkaya malik bir Azərbaycan qadını olduğunu sübut edir.
Dövlətçilik fəaliyyəti
Ağqoyunlu dövlətinin əraziləri Azərbaycandan əlavə Şərqi Anadolu, Gürcüstan, İrak, Qərbi İran ərazilərini əhatə edirdi. Dövlətin paytaxtı Təbriz şəhəri həm də bir mədəniyyət mərkəzinə çevrilməyə başlamışdı. Uzun Həsən sənətkarlara, alimlərə, şairlərə himayədarlıq edirdi.
Uzun Həsən Qurani-Kərimi Azərbaycan türkcəsinə tərcümə etdirmiş, dövrün görkəmli elm adamı Əbu Bəkr əl-Tehraniyə Oğuznamə yazdırmışdı. Fəzlullah ibn Ruzbehan Xunci 1487-ci ildə Təbrizə gəlmiş və Ağqoyunlu dövlətinin tarixini yazmağa başlamışdı.
Bundan əlavə Uzun Həsənin “Qanun-namə”si sonrakı onilliklər üçün də bütün hüquqi və maliyyə sənədləri üçün əsas təşkil edirdi.
Ağqoyunlu sarayında məşhur klassik şairimiz Həbibinin rəhbərliyi altında şairlər məclisi fəaliyyət göstərirdi. Burda Kişvəri, Süruri, Hidayətullah və sair məşhur şairlər toplaşmışdı. Şairlərin məclislərində mütəmadi olaraq hökmdarlar özləri də iştirak edirdilər.
Ağqoyunlu memarlığı da Azərbaycan memarlıq tarixində xüsusi yer tutur. Ən qiymətli incisi isə Təbrizdəki “Həşt behişt” (səkkiz cənnət) sarayı idi. Saray məxsusi olaraq Uzun Həsənin sifarişi və göstərişlərinə uyğun salınmışdı. Ölkənin başqa yerlərində də Ağqoyunlular dövründə çoxsaylı maraqlı memarlıq abidələri – məscidlər, mədrəsələr, türbələr tikilmişdi.
Avropa ölkələri ilə diplomatik əlaqələri
Alimlər qeyd edir ki, Azərbaycanda Orta əsrlərdə mövcud olan dövlətlər arasında Avropa ilə ilk ciddi diplomatik əlaqələr quran məhz Ağqoyunlu dövləti olub. Ağqoyunlu xanədanının Avropa ölkələriylə diplomatik əlaqələri tarixçilərimiz iki mərhələyə ayırırlar. Birinci mərhələ, Ağqoyunluların Azərbaycanda dövlət qurmasından əvvəlki dövrdə ilkin əlaqələrin yaranmasını əhatə edir. İkinci mərhələ isə Ağqoyunlu dövləti yaranandan sonra, artıq dövlətlər arası diplomatik əlaqələr səviyyəsində qurulan münasibətləri ehtiva edir.
İlk mərhələdə Ağqoyunlu dövlətinin Avropa müttəfiqi olaraq, yalnız Venesiya respukblikası çıxış edirdi. Tarixdən məlumdur ki, Orta əsrlərdə Venesiya respublikası geniş torpaq sahələrinə malik olmasa da, böyük və güclü donanmaya və Aralıq dənizinin hər tərəfində gücləndirilmiş ticarət faktoriyalarına sahib idi. Ağqoyunlularla da ilk münasibətlər quran məhz Venesiya respublikasının səfirləri olmuşdu. Hələ 1463-cü ildə, Ağqoyunlu dövlətinin yaranmasından əvvəl Lazaro Kvirino adlı venesiyalı diplomat Kipr və Suriyadan keçərək Ağqoyunlu torpaqlarına gəlmiş, Uzun Həsənə Venesiya senatının məktubunu gətirmişdi. Bunun ardıyca Uzun Həsən də Avropaya öz Həsən Əzan adlı tacirin rəhbərliyi adtında öz elçilərini göndərmiş, qarşılıqlı ticarət əlaqələriylə bağlı təkliflər etmişdi.
Bundan sonra Venesiya respublikasıyla Ağqoyunluların diplomatik əlaqələri Venesiyanın Hələbdəki konsulluğu vasitəsiylə həyata keçirilirdi.
Ağqoyunlu dövləti qurulduqdan sonra isə, onların Venesiya ilə bərabər Roma papası, Macarıstan, Albaniya, Rodos krallığı, Burqundiya hersoqluğu ilə əlaqələri formalaşdı. Uzun Həsən Avropadan odlu silah mütəxəssisləri cəlb edib, onların rəhbərliyi ilə emalatxanalar qurmağa çalışırdı.
Hətta Ağqoyunlu sarayında bəzi Avropa dövlətlərinin daimi səfirlikləri fəaliyyət göstərirdi. Nümunə üçün qeyd edək ki, 1469-cu ildən Ağqoyunlu sarayında yaşayan Venesiya səfiri Katerino Dzeno hər ay Təbrizdə baş verən hadisələr barədə Venesiyaya yazılı məlumatlar göndərirdi. Bu məktublar günümüzə qədər qalmaqdadır və tarixçilər üçün Ağqoyunluların dövlət quruluşunu izah edən qiymətli tarixi mənbə kimi çıxış edir.
Bu səfirliklərin ardıyca Uzun Həsən də 1471-Avropaya əvvəl İsak bəyin, daha sonra 1472-ci ildə Hacı Məhəmməd adlı əyanların rəhbərliyi ilə səfirliklər göndərib, daimi əlaqələr yaratmağa çalışırdı.
Bu qarşılıqlı əlaqələr Uzun Həsənin xələflərinin dövründə də davam edərək, Azərbaycan dövlətlərinin Avropa ölkələri ilə ciddi diplomatik əlaqələrinin əsasını qoymuş oldu.
Süqutu
Lakin əfsslar olsun ki bir müddət sonra Ağqoyunlular dövləti də daxili çəkişmələrə meydan olmuş, 16-cı əsrin ilk illərində dövlət iki yerə bölünmüş və nəhayət tarix səhnəsindən qalxmışdı. Ağqoyunlu birliyinə daxil olan tayfaların əksəriyyəti sonradan Səfəvilərə bağlanmış, Şah İsmayılın ordusunda xidmət ediblər. Ağqoyunluların və Bayandur tayfasının nümayəndələri 20-ci əsrə qədər Azərbaycanın müxtəlif bölgələrində mövcud idilər.