Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyindəki Kino Agentliyi tərəfindən ilk dəfə keçirilən “Birgə film istehsalına dəstək müasabiqəsi”nin 2026-cı ilin 3-cü rübünü əhatə edən mərhələsinə yekun vurulub.
Baki-baku.az xəbər verir ki, müsabiqəyə 5 şirkətin təqdim etdiyi layihələr Bədii Keyfiyyətə Nəzarət Komissiyası tərəfindən qiymətləndirilərək, onların istehsalına maliyyə vəsaitinin ayrılması barədə qərar qəbul edilmişdir:
“Nasreddin Production”: “Parallax” (Azərbaycan, Estoniya, Finlandiya, Latviya, Litva) – 200.000 azn;
“Eloğlu Şirkətlər Qrupu”: “Kapitan” (Azərbaycan, Türkiyə, Özbəkistan) – 200.000 azn;
“Adrenalin Brothers”: “Saxta sevgili” (Azərbaycan, Banqladeş, Qazaxıstan) – 200.000 azn;
“Navis”: “Aloha Prestij” (Azərbaycan, Türkiyə, Bolqarıstan) – 200.000 azn;
“Meh-Film” MMC: “Yalanın məharəti” (Azərbaycan, Türkiyə) – 300.000 azn.
Eyni zamanda, Kino Agentliyi oktyabrın 1-dən “Birgə film istehsalına dəstək müasabiqəsi” çərçivəsində 4-cü rüb üzrə müraciətlərin qəbuluna başlayıb. Müraciətlərin qəbulu ARKA-nın rəsmi saytında və ya “MyCulture” vahid şəxsi kabineti vasitəsilə aparılır.
Layihələrin birgə işlənilməsi baxımından Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Gürcüstan prioritet ölkələrdirlər. Bu ölkələrlə ortaq ictimai xadimlər və tarixi hadisələr haqqında filmlərə, uşaq filmlərinə, adət-ənənələri əks etdirən, ortaq dəyərlərin inkişafına və əlaqələrin gücləndirilməsinə xidmət edən filmlərə üstünlük verilir.
Qeyd edək ki, “Birgə film istehsalına dəstək müasabiqəsi”nin məqsədi yerli və xarici kino şirkətləri ilə birgə filmlərin istehsalının təşkil edilməsi, birgə film istehsalının stimullaşdırılması, müstəqil prodüser mərkəzlərinin arasında rəqabət qabiliyyətinin artırılmasıdır.