Min ildən yuxarı yaşı olan bir universitet təsəvvür edə bilərsiniz? Mərakeşin Fəs şəhərində yerləşən Əl- Qarauin təhsil mərkəzinin tarixinin başlanğıcı 859-cu ilə gedib çıxır. O, dünyanın günümüzə qədər gəlib çatan və fasiləsiz olaraq fəaliyyət göstərən ən qədim ali təhsil müəssisəsi hesab olunur. Ən maraqlısı isə budur ki, buranın tarixi heç də universitetdən deyil, məsciddən başlayıb.
Əl-Qarauinin banisi IX əsrdə yaşamış Fatimə əl-Fihri hesab olunur. Onun ailəsi müasir Tunisin ərazisində yerləşən Qayruan şəhərindən Fəsə köçmüşdü. Atasının ölümündən sonra Fatimə ona çatan mirası məscid tikintisinə sərf etmək qərarına gəldi. Tikinti işlərinə 859-cu ildə başlanıldı. Zaman keçdikcə məscidin ətrafında tələbə və alimlərin toplandığı tədris dərnəkləri yarandı. Beləliklə, dini məkan tədricən Şimali Afrikanın ən böyük intellektual mərkəzlərindən birinə çevrildi.

Burada təkcə Quran, İslam hüququ və ilahiyyat öyrənilmirdi. Müxtəlif dövrlərdə ərəb dili və ədəbiyyatı, məntiq, riyaziyyat, astronomiya, tibb, coğrafiya və fəlsəfə də tədris olunurdu. Təhsil müasir universitetlərdən fərqli şəkildə təşkil edilirdi: müəllim ətrafına tələbələri toplayır, mətnləri oxuyur, onları izah edir və sualları cavablandırırdı. Əzbərləməyə, müzakirələrə və biliklərin müəllimdən tələbəyə ötürülməsinə böyük əhəmiyyət verilirdi.
Əl-Qarauinin tarixində kitabxana xüsusi yer tutur. Həmin kitabxananın tarixinin də bir neçə əsri əhatə etdiyi bildirilir. Tarixi mənbələrdə kitabxana üçün ilk ayrıca binanın 1349-cu ildə tikildiyi qeyd olunur. Burada din, hüquq, fəlsəfə, tibb, astronomiya və digər elm sahələrinə dair əlyazmalar saxlanılırdı. Orta əsrlər dünyası üçün belə kitablar böyük dəyərə malik idi. Mətnlərin əksəriyyəti əllə köçürüldüyündən, hər bir nüsxə demək olar ki, unikal sayılırdı.

XXI əsrdə kitabxananı müasir tələblərə uyğunlaşdırmaq zərurəti yarandı. Qədim əlyazmaların qorunması üçün rütubət və temperaturun nəzarətdə saxlanılması üçün xüsusi sistemlər, eləcə də sənədlərin müasir üsullarla qorunması və rəqəmsallaşdırılması tətbiq edildi. Beləliklə, orta əsrlərdən qalan kitab irsi müasir texnologiyaların köməyi ilə qorunmağa başladı.
Əl-Qarauinin özü də müasir universitet kompleksinə bənzəmir. Onun memarlığı əsrlər ərzində tədricən formalaşıb. Kompleksdə daxili həyətlər, tağlı qalereyalar, mozaika naxışları, oyma ağac elementləri, xəttatlıq nümunələri, fəvvarələr və Mərakeş üçün xarakterik olan kvadrat formalı minarə görmək mümkündür. Müxtəlif hakim sülalələr kompleksi genişləndirib və bəzəyiblər. Buna görə də onun bugünkü görünüşü çoxəsrlik tarixin nəticəsidir.

Fəs şəhərinin özü də bu tarixdə mühüm rol oynayıb. XIII–XIV əsrlərdə şəhər xüsusi çiçəklənmə dövrü yaşayıb və Marinilər dövlətinin paytaxtı olub. Fəs ticarət, din və elm baxımından böyük mərkəzə çevrilərək Əndəlüs, Şimali Afrikanın digər bölgələri və İslam dünyasının müxtəlif əraziləri ilə əlaqələr qurub. UNESCO 1981-ci ildə Fəsin tarixi Mədinəsini Ümumdünya İrs Siyahısına daxil edib və onu ərəb-müsəlman dünyasının ən yaxşı qorunmuş tarixi şəhərlərindən biri kimi qeyd edir.
Bununla belə, Əl-Qarauinin 859-cu ildən etibarən indiyə qədər fəaliyyət göstərən müasir universitet kimi təqdim edilməsi düzgün olmazdı. Əvvəlcə məscid və onun ətrafında fəaliyyət göstərən tədris dərnəkləri mövcud idi, indiki universitet strukturu isə xeyli sonra formalaşıb. 1963-cü ildə Əl-Qarauin Mərakeşin dövlət universitetləri sisteminə daxil edilib.

Məhz bu qeyri-adi davamlılıq Əl- Qarauini bütün dünyada məşhurlaşdırıb. Guinness World Records onu mövcud olan və fasiləsiz fəaliyyət göstərən ən qədim ali təhsil müəssisəsi kimi tanıyır. On bir əsrdən artıq müddətdə burada hökmdarlar, şəhərlər və təhsil sistemləri dəyişib, lakin bir ideya qorunub saxlanılıb: bilik bir nəsildən digərinə ötürülməlidir. Buna görə də Əl-Qarauin Fəs şəhərində yerləşən sadəcə qədim bir tikili deyil. Bura təhsil tarixinin bu gün də davam etdiyi məkandır.
Hacı Cavadov