Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/25/2026

Paylaşın

Mədəniyyət

Bir Bakı, bir kamera, bir ömür — Arif Babayev

25 sentyabr 1928-ci ildə Bakıda doğulan Arif Babayev cəmi 54 il yaşadı. Amma bu qısa ömrə bir insanın həyatından daha çoxunu sığdırdı: teatrı, televiziyanı, kinonu, cazı, Bakının küçələrini, İçərişəhərin yaddaşını, sevgini, tənhalığı və ən əsası — özünəməxsus kino dünyasını. Onun filmlərində həyat dərindən, bütün nüansları və təfərrüatları ilə göstərilirdi, duyulurdu. Bəlkə də buna görə Arif Babayev Azərbaycan kinosunda “müəllif kinosu” anlayışının ən fərqli simalarından biri kimi yadda qaldı. O, sanki öz dünyasını lentə alaraq yaşadı. Onun kamerası insanın yalnız üzünü deyil, içini də görməyə çalışırdı. Küçələr, evlər, binalar onun gözlərində adi bir məkan olmaqdan daha yuxarı – yaddaş, xatirə, bir dövrdən digər dövrə daşınan keçid idi. Təklik isə boşluq yox, bütöv bir həyatın ən əsas tərəfi idi. Bu gün onun filmlərinə baxanda ötən illərin Azərbaycanını görürük. Amma yalnız şəhəri, insanları, geyimləri, küçələri deyil. Həmin dövrün insanının düşüncəsini, münasibətlərini, susmağını, sevməyini, gözləməyini də görürük.

Futboldan kinoya, cazdan televiziya pultuna

Arif Hacı oğlu Babayev 1928-ci il sentyabrın 25-də Bakıda, beş qardaşın böyüyü kimi dünyaya gəlib. Uşaqlıqdan futbola böyük maraq göstərib, futbolçuların şəkillərini toplayıb. Amma onun başqa bir sevgisi də var idi: kino.

Kinoteatrlarda filmlərə baxır, kino sənəti haqqında kitab və qəzet materialları oxuyurdu. Hələ o zaman görünürmüş ki, bu uşaq həyatı adi gözlə görmək istəmir. O, həyatın özündən çox, onun ekrandakı əksinə maraq göstərirdi.

1947-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsinə daxil oldu. 1947–1953-cü illərdə tanınmış rejissor, aktyor və pedaqoq Mehdi Məmmədovun kursunda təhsil aldı. Teatr onun ilk məktəbi oldu. İnstitutu bitirdikdən sonra Naxçıvan teatrına göndərildi. Burada Qoqolun “Evlənmə” əsərini səhnələşdirdi. Ancaq onun sənət yolu tezliklə teatr səhnəsindən ekranın daha geniş dünyasına keçdi.

1956-cı ildə Rauf Kazımovskinin dəvəti ilə yeni yaranan Azərbaycan televiziyasında fəaliyyətə başladı. Burada hazırladığı verilişlər və layihələrlə qısa müddətdə tanındı, 1959-cu ildə televiziyanın baş rejissoru təyin edildi.

Moskva Mərkəzi Televiziyasına ezamiyyətdən qayıdanda onu “rejissor pultunun Paqaninisi” adlandırırdılar. Bu ifadədə onun televiziya sənətindəki peşəkarlığının bir işarəsi vardı. Amma Arif Babayevin əsas hekayəsi hələ kinoda yazılacaqdı.

Bir truba səsi və bir Bakı tənhalığı

Arif Babayev yalnız kino ilə yaşamırdı. Gəncliyində cazın sehrinə düşmüşdü. Bir müddət trubada ifa etdi. Vaqif Mustafazadə ilə dostluğu onun caz sevgisini daha da dərinləşdirmişdi. Atası Hacıağa müəllim isə oğlunun milli musiqi alətlərini bir kənara qoyub trubada ifa etməsinə razı deyildi. Bəlkə də Arif Babayevin sonrakı kino dilindəki ritm hissinin, səhnə quruluşundakı musiqililiyin kökündə həmin illərin caz nəfəsi də vardı. Onun həyatında Bakı xüsusi yer tuturdu.

İçərişəhərdə keçən uşaqlıq və gənclik illəri, ata-anası ilə birlikdə yaşadığı ev, sonra valideynlərini itirməsi və doğma evdən ayrılmaq məcburiyyətində qalması… Arif Babayevin həyatında şəhər təkcə coğrafiya deyildi. Bakı onun xatirələrinin məkanı idi. Bəlkə də elə buna görə onun filmlərində şəhər həmişə canlı görünür.

“İnsan məskən salır” — ilk böyük addım

1964-cü ildən “Azərbaycanfilm” kinostudiyasında çalışan Arif Babayev sənədli kino ilə yanaşı bədii kinoya da keçdi. 1967-ci ildə çəkdiyi “İnsan məskən salır” onun rejissor kimi böyük ekran qarşısında ilk ciddi addımlarından biri oldu.

Film ona “Prometey-68” zona kinofestivalında ən yaxşı debütə görə diplom gətirdi.

Amma filmin əhəmiyyəti yalnız mükafatla ölçülmürdü. Arif Babayev ilk filmlərindən etibarən insanın həyat qurmaq, yer tutmaq, özünə məkan yaratmaq ehtiyacına diqqət yetirirdi. Adındakı “məskən” sözü sanki sonrakı yaradıcılığının da açarlarından biri idi. Çünki onun qəhrəmanları çox vaxt yalnız haradasa yaşamırdılar — özlərinə mənəvi bir yer axtarırdılar.

“Gün keçdi” — Bakının və bir insanın tənhalığı

Arif Babayev yaradıcılığının ən yaddaqalan filmlərindən biri, şübhəsiz ki, “Gün keçdi”dir. Anarın “Gürcü familiyası” hekayəsi əsasında çəkilən film zahirən iki insanın münasibətindən bəhs edir. Amma ekran əsərinin içində bundan daha böyük bir mövzu var: insanın zamanla, xatirə ilə və öz tənhalığı ilə münasibəti.

Oqtay… Bu obrazda Arif Babayevin özündən çox şey vardı.

Onun həyatını, xarakterini, iç dünyasını bilənlər üçün Oqtayın tənhalığı təsadüfi görünmürdü. Rejissor sanki öz içindəki bir qapını açmış, oradan keçib ekrana çıxmışdı. Hətta Anar sonralar etiraf etmişdi ki, filmə baxarkən öz yazdığı ssenarini tanımayıb. Bu, rejissorun müəllif kimi gücünü göstərən maraqlı etirafdır.

Çünki Arif Babayev mətni olduğu kimi ekranlaşdıran rejissor deyildi. O, mətnin içindən öz dünyasını tapırdı. “Gün keçdi”nin ən böyük gücü də buradadır: Bakının küçələri, evləri, insanları fon olmaqdan çıxıb qəhrəmanların hisslərinə çevrilir.

Bakı bu filmdə sadəcə şəhər deyil. Bakı keçmişdir, Bakı xatirədir, Bakı bir vaxtlar mümkün olmuş, sonra əldən çıxmış həyatdır. Və Bakı insanın özündən qaça bilmədiyi yerdir.

Film üzərində işləyərkən kadrların çoxluğu səbəbindən Arif Babayevlə kinostudiyanın direktoru Adil İsgəndərov arasında fikir ayrılığı yarandığı, montaj üçün Moskvadan mütəxəssislərin dəvət edildiyi bildirilir. Amma illər keçdikcə “Gün keçdi”nin kadrları yox, məhz yaratdığı hiss yadda qaldı.

“Alma almaya bənzər” – həyatın içindən çıxan kino

1975-ci ildə Arif Babayev “Alma almaya bənzər” filmini çəkdi.

Bu film də onun yaradıcılığında insan xarakterinə, münasibətlərə və həyatın gündəlik axarında gizlənən dramatizmə diqqətinin davamı idi.

Arif Babayevin kino dünyasında böyük hadisələr mütləq gurultu ilə baş vermirdi. Bəzən bir baxış, bir susqunluq, bir görüş, bir ayrılıq, bir küçə və ya adi bir söhbət kifayət edirdi. Onun rejissorluğunda həyatın “adi” adlandırdığımız tərəfləri xüsusi məna qazanırdı.

“Arxadan vurulan zərbə” — başqa bir Arif Babayev

1977-ci ildə çəkilən “Arxadan vurulan zərbə” isə rejissorun yaradıcılığının başqa istiqamətini göstərdi. Detektiv janrının imkanlarından istifadə edən film hadisə, sirr və araşdırma xətti üzərində qurulsa da, burada da Arif Babayevin rejissor dəst-xətti hiss olunurdu. O, yalnız hadisəni danışmırdı. Hadisənin arxasındakı insanı da göstərirdi. Bəlkə də “Arxadan vurulan zərbə”nin yadda qalmasının səbəblərindən biri budur: burada cinayətin və araşdırmanın arxasında insan münasibətləri, etibar və xəyanət kimi daha ümumi mövzular görünür. Arif Babayev müxtəlif janrlara müraciət etsə də, filmlərinin alt qatında dəyişməyən bir müəllif nəfəsi vardı.

Onun qəhrəmanları niyə bizə tanışdır?

Çünki onlar qəhrəman olmaq üçün yaradılmamışdılar. Onlar bizim yanımızdan keçən adamlara bənzəyirdilər. Sevən, inciyən, susan, gözləyən, səhv edən, bəzən gecikən, bəzən də həyatın ən vacib sözünü deməyə cəsarət etməyən insanlar… Arif Babayev kino kamerasını insanın üstünə dikib onu mühakimə etmirdi. O, baxırdı, dinləyirdi, gözləyirdi… Və bəzən ən böyük dramatizmi məhz bu sakitlikdən yaradırdı. Buna görə onun yaradıcılığını Azərbaycan kinosunda “müəllif kinosu” ənənəsi ilə əlaqələndirmək təsadüfi deyil. Onun filmlərində rejissorun şəxsi dünyası, müşahidəsi və duyumu ekran dilinin mühüm hissəsinə çevrilirdi.

Sadə adamın böyük sənəti

Arif Babayevin qardaşı, rejissor Vasif Babayev onu xatırlayarkən ilk növbədə sadəliyindən danışırdı. Çəkiliş meydançasında fəhlələrə kömək edər, onların yorulduğunu düşünər, fasilələrdə daha çox onlarla ünsiyyətdə olardı.

Bu, yalnız xarakter xüsusiyyəti deyildi. Bəlkə də onun kino qəhrəmanlarının insaniliyinin bir səbəbi də elə bu idi. O, insanlara yuxarıdan baxmırdı. Özü rejissor olsa da, rejissor olmağın ona başqalarından üstünlük vermədiyini düşünürdü.

Vasif Babayevin xatirələrində onun hətta öz rahatlığından imtina edən, konfliktlərdən qaçan, sakit və həlim bir insan olduğu görünür. Eyni zamanda zahiri görünüşünə xüsusi diqqət yetirirdi. Son dəblə geyinməyi sevirdi, paltar və ayaqqabıya xeyli pul xərcləyirdi. Onun dilindən qalan bir cümlə isə həyat fəlsəfəsi kimi səslənir: “Paltarların, ayaqqabıların köhnələndə təzələmək həvəsin qalmayıbsa, demək ölüm sənə yaxınlaşıb.” Bu cümlədə qəribə bir Arif Babayev var. Həyatı sevən, yaşamağı sevən, gözəlliyə, səliqəyə, hərəkətə bağlı bir adam.

Sevgisini də səssiz yaşadı

Arif Babayev heç vaxt ailə qurmadı. Onu sevən, onunla ailə qurmaq istəyən qadınlar çox idi. Bir vaxtlar Nəcibə Məlikova ilə evliliyinin astanasına qədər gəldiyi də deyilir. Amma deyilənlərə görə, onun həyatında başqa bir qadın vardı – televiziyada redaktor işləyən Nina. Onlar bir-birlərni sevsələr də, bu sevgi mümkünsüz idi. Çünki Nina ailəli idi. Arif Babayev onların ailəsinin dağılmasını istəmirdi. Sonralar Nina boşanıb başqa biri ilə ailə quranda isə həmin kişiyə belə demişdi: “Onu qoru, Nina dünyanın ən yaxşı insanıdır.”

Bu cümlə Arif Babayev haqqında uzun-uzadı danışmaqdan daha çox şey deyir.

Bəzən insanın sevgisi sahib olmaqdan yox, qorumaqdan ibarət olur.

Son filmlər və yarımçıq qalan ömür

Arif Babayev sonrakı illərdə də kino fəaliyyətini davam etdirdi.

“Bizi bağışlayın”, “Birisigün, gecəyarısı…” onun son dövr yaradıcılığının mühüm nümunələri oldu. 1981-ci ildə çəkdiyi “Birisigün, gecəyarısı…” filmi ona SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin çekistlər və sərhədçilər haqqında ən yaxşı kino əsərləri müsabiqəsində III mükafat qazandırdı. Filmə görə Azərbaycan Dövlət Mükafatı isə rejissorun ölümündən sonra — 1986-cı ildə verildi.

Arif Babayevin yaradıcılıq yolu beləliklə sənədli filmlərdən televiziya rejissorluğuna, teatr təcrübəsindən tammetrajlı bədii kinoya qədər uzandı.

Amma onun ömrü yaradıcılığı kimi uzun olmadı. Şəkər xəstəliyi səhhətini ciddi şəkildə zəiflətdi. Xəstəxanaları sevmirdi, özünə lazımınca diqqət göstərmirdi. Sonralar xəstəxanaya müraciət etmək məcburiyyətində qalanda vərəmə də yoluxduğu məlum oldu. 1983-cü il avqustun 26-da, cəmi 54 yaşında Arif Babayev dünyasını dəyişdi. Sanki onun öz filmlərindən birinin adı kimi — “Gün keçdi”…

Xanım Aydın

Bənzər Xəbərlər

Jurnalist, yazıçı-tərcüməçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Eyni zamanda, “Şamaxinka” adlanan ərazidə “20 Yanvar” metrostansiyası istiqamətində sərnişin axınının artımı nəzərə alınaraq mövcud 2 dayanacaq pavilyonunun

Ən son

GÜNDƏM

Avtobusların Bakı-Sumqayıt yoluna birbaşa və sürətli çıxışını təmin etmək məqsədilə yeni avtobus zolağı təşkil edilib.

GÜNDƏM

Avtobusların Bakı-Sumqayıt yoluna birbaşa və sürətli çıxışını təmin etmək məqsədilə yeni avtobus zolağı təşkil edilib.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin