III yazı
On səkkiz yaşında taxta çıxan, Aralıq dənizindən Türküstana, bozqırlardan Ərəb səhrasına bayraq sancan hökmdar
Alp Arslanın vəfatından sonra Milli dövlətçilik tariximizdə mühüm mərhələnin təməlini qoyan “Biz türklərik! Bir ölər, min dirilərik!” nidası ilə dünyanın dizini titrədən Məlikşah 18 yaşında taxta çıxdı. Reydə taxta oturub adına xütbə oxutdurdu. Nimuzmatika tarixində mühüm yer tutan adı ilə bağlı sikkə kəsdirdi. Nizamülmülkü vəzirlik mərtəbəsində saxladı. Alp Arslanın ölümünü fürsət bilən Qaraxanlı hökmdarı Nəsir xan və Qəznəli hökmdarı İbrahim bəy isə Səlcuqlu torpaqlarına hücum etdilər. Bu azmış kimi Alp Arslanın böyük qardaşının oğlu Qavurd Kirmanda üsyan edib taxt uğrunda savaşa başladı.
Məlikşah əvvəlcə əmisinin üzərinə getməyi uyğun gördü. Eyni qanın daşıyıcısı olan əmi və qardaşı oğlu Həmədan yaxınlığında qarşılaşdı. Qavurd bəy məğlub olub yay kirişi ilə öldürüldü. Kirman Səlcuqlularının torpaqlarına toxunmayan Məlikşah 1074-cü ildə torpaqlarına təcavüz edən Qaraxanlıların üzərinə yeridi. Nəsir xanı taxtdan salıb Səmərqəndi almaq üçün yola düşərkən xanın itaət etməsi xəbərini alıb qərarını dəyişdi.

Qılıncın qüdrəti ilə böyüyən imperiya
Məlikşah səfər döndükdən sonra İsfahanı yeni idarəetmə mərkəzinə – paytaxta çevirdi. Nizamülmülkün qərarı ilə idarəçilik sistemini təkmilləşdirəcək addımlar atdı. Dövlətin quruluşu Nizamülmülkün ideal dövlət nizamı olaraq qəbul etdiyi Sasani modelinə yaxınlaşdırıldı. Elmi-irfanı, tədrisin və təhsilin inkişafını mühüm hesab edən bu idarəçilik sistemində ustad sənətkarlar, təbib-filosoflar, el və dil biliciləri yer aldı. Çoxsaylı Oğuz tayfalarını birləşdirən Məlikşah Azərbaycan, Anadolu və Suriya istiqamətlərində fətih dastanları yazdı.
Suriyadakı türk axınları Alp Arslanın Hələbə qədər çatması və Oğuzların bölgədə cəmlənməsi ilə bir qədər də möhkəmləndi. Suriyanı nəzarətə almaq üçün zamanın yetişdiyini düşünən Məlikşah 1078-ci ildə qardaşı Tutuş bəyi Suriyanın fəthi üçün görəvləndirdi. Tutuş bəy qısa müddətdə yerli sülalələr və Fatimilərin əlindəki bir çox əraziləri Məlikşahın iradəsinə tabe edib yarımmüstəqil bir quruluş-idarəçilik sistemi yaratdı.

Diyarbakır, Siirt, Mardin və Həsənkeyfi fəth edib Mərvanilərin varlığına son qoydu
Fətih dastanı, qüdrəti, əzəməti ilə Metenin, Atillanın, Alp Arslanın ənənələrini davam etdirən Məlikşah Ərəbistan yarımadasının şərqindəki Lahsa və Bəhreyn torpaqlarını da iqtidarı altına aldı. Bununla kifayətlənməyən Məlik şah 1085-ci ildə Diyarbakır, Siirt, Mardin və Həsənkeyfi fəth edib Mərvanilərin varlığına son qoydu. Uqaylilərin müstəqillik dairəsini məhdudlaşdırdı.
Belə bir həssas dönəmdə, o, Alp Arslanın zamanından Səlcuqlu idarəsinə daxil olan Qafqaza doğru yürüşə çıxdı. Azərbaycanı, Qarapapaq türklərinə məxsus Borçalı sancağını, Şərqi Anadolunu, Ərzurumdan Xəzər dənizinə qədər olan bütün əraziləri Səlcuqlu bayrağı altında birləşdirdi.

Üsyankar qardaşını tutub gözlərinə mil çəkdirərək onu cəzalandırdı
Kədərlisi isə odur ki, Məlikşah səfərdə ikən Toharistan valisi olan qardaşı Təkiş bəy üsyana qalxdı. Bu, onun ikinci üsyanı idi. Məlikşah qardaşının başladığı üsyanı yatırmaq məqsədi ilə Tirmizə doğru hərəkətə keçdi. Üsyankar qardaşını tutub gözlərinə mil çəkdirərək onu cəzalandırdı.
Məlikşah Təkiş bəyin üsyanını aradan qaldırdığı bir ərəfədə Suriyada üsyan çıxdı. Alp Arslanla apardığı mübarizədə ölən Qutalmışın oğlu Süleyman bəy Anadoluda dövlət qurmuşdu və cənuba tərəf yayılmaqda idi. O, Antakya və Hələbi almış Suriyadakı Tutuş bəylə mübarizəyə girişsə də 1086-cı ildə mübarizədə məğlub olmuşdu.
Bu səbəbdən də Məlikşah vəziyyətə müdaxilə etmək üçün Suriyaya səfərə çıxdı. Türküstana doğru irəlilədi. Anadolu Səlcuqlularının əlindəki Hələbi aldığı kimi Urfa və Antakyanı da fəth etdi. Suriyanın şimalını iradəsinə tabe edərək sərhədlərini Aralıq dənizinə qədər genişləndirdi.

Səlcuqlu sərhədləri qərbdə Aralıq dənizinə çatdıqdan sonra şərqdə də Çinə qədər uzandı
Məlikşahın növbəti hədəfi Türküstan oldu. Qərbi Qaraxanlı hökmdarı Əhməd xan xalq tərəfindən qəbul edilmirdi. Bunu fürsət bilən Məlikşah yuxarıda qeyd etdiyimiz kimi 1089-cu ildə Türküstana doğru hərəkətə keçdi. Buxara və Səmərqəndi fəth edib, Kaşğara doğru irəlilədi. Özkəndi ələ keçirib Türküstanda qüdrətini sübuta yetirdi. Bu səbəbdən də, Şərqi Qaraxanlı hökmdarı Tabğac Buğra xanın gəlib biətini təqdim etməsi ilə Səlcuqlu sərhədləri qərbdə Aralıq dənizinə çatdıqdan sonra şərqdə də Çinə qədər uzandı.
Məlikşah bir il sonra Türküstana ikinci bir səfər təşkil etsə də, Mavəraünnəhri birbaşa mərkəzə tabe edə bilməyəcəyini anlayıb Səlcuqlu İmperiyasına sadiq qalması şərti ilə Qərbi Qaraxanlı hökmdarına mülkünü geri qaytardı.

Ölümün müəmması – Səlcuqlunun iflası
1091-ci ildə Bağdada gələn Məlikşah qarşısına yeni fəth hədəfləri qoydu. Suriyanın sahil zolağı, Misir, Hicaz və Yəmənin fəthi üçün göstərişlər verdi. Ərəbistan yarımadasına göndərilən Səlcuqlu orduları 1092-ci ildə Hicaz bölgəsini aldıqları kimi Yəməni də təslim etməyə nail oldular. Bu elə bir dövr idi ki, Səlcuqlular Məlikşahla birlikdə əzəmət çağlarını yaşayırdılar. Fətih dastanlarının yazıldığı belə bir dönəmdə şiə məzhəbinin qollarından biri olan İsmaili təriqəti üsyankar mövqeyə malik idi. Təriqətin üzvlərinin düşüncələri və əməlləri Həsən Səbbahın 1087-ci ildə Əlburz dağlarındakı Ələmüt qalasını ələ keçirməsi ilə tədricən üzə çıxdı. Həsən Səbbah Səlcuqluların qonşu ölkələrə yürüşlərindən, şəhərli təbəqədə yaranan iqtisadi çətinliklərdən aşağı təbəqədə dəstək qazandı. Onun dünyada cənnət vədi ilə təriqətinə qatdığı şəxslər müəyyən bir müddətdən sonra ölümü gözə alaraq sui-qəsdçilərə və fədailərə çevrildilər. Bu da Səlcuqlu sarayı üçün nigarançılıq ünvanın çevrildi. O dərəcədə ki, vəzir Nizamülmülk 1092-ci ildə İsmaili fədailərinin sui-qəsdinə qurban getdi. Məlikşah son zamanlar dövlət pillələrindəki Nizamülmülk tərəfdarlarının mövcudluğundan narahat olduğu üçün onun ölümünə çox da mütəəssir olmadı.
Bu ərəfədə İmperiya üçün daha dəhşətli hadisə baş verir. Əldə olunan məlumatlara görə, Xəlifə Muqtədi Məlikşahın qızı olan xatunu ilə sərt rəftar edirmiş. Məsələdən xəbər tutan Sultan əsəbinə yenik düşüb Bağdada gəlir və xəlifəni saraydan sürgün edir. Xəlifə şəhərdən ayrılmağa hazırlaşırmış ki, Məlikşah 1092-ci ilin noyabrında müəmmalı şəkildə dünyasını dəyişir. Ov zamanı baş verən hadisə Səlcuqlu sarayını sarsıdır.
Şərəf Cəlilli