Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/12/2026

Paylaşın

TARİX

Alparslan – Xəlifədən “Fəthlərin atası” titulunu alan, Anadolunun qapısını türklərin üzünə açan Hökmdar 

İkinci yazı

Toğrul bəyin vəfatı ilə taxt üçün iki namizəd ön plana çıxdı: Şərqdəki torpaqların hakimi Çağrı bəyin oğlu Alp Arslan və üsyan halındakı Arslan Yabqu oğlu Qutalmış. Damğan yaxınlığında edilən döyüşdə Qutalmış həlak olarkən Alp Arslan Reyə gəlib taxta oturdu. Bağdaddakı xəlifəyə mövqeyini təsdiqlətdi. Vəzirlik məqamına isə Səlcuqlu İmperiyasında xüsusi nüfuza sahib olacaq Nizamülmülkü gətirdi.

Alp Arslan məlikliyindən bəri döyüş meydanlarında yer almış qüdrətli bir sərkərdə idi. Bu səbəbdən də, onun qohumları tərəfindən qəbul edilməsi çətin olmadı. Fətih dastanlarının sayını artırmaq üçün o, vaxt itirmədən Azərbaycana yürüş təşkil etmək qərarı aldı. Oğuz boylarının buradakı varlığı tədricən artmaqda idi. Qısa zaman kəsiyində Alp Arslanın qüdrətli ordusu Arrana çatdı. Qars və Artvin ətrafına qədər irəlilədi. Oradan cənuba doğru yeriyib Şərqi Romanın sərhəddəki ən möhkəm qalası olan Anini 1064-cü ildə aldı. Bu uğurundan sonra xəlifə ona “Fəthlər atası” titulunu verdi.

Böyük qardaşı Qavurd Kirmanda taxt üçün üsyan etdiyindən səfərini yarımçıq qoyub bölgəyə yollanan Alp Arslan üsyanı yatırsa da, onun səltənəti boyunca Kirman Səlcuqlularının başçısı olan Qavurdun üsyanı davam edəcəkdi. Özündən sonra taxta çıxması üçün oğlu Məlikşahı vəliəhd elan edən Alparslan Qəznəlilər və Qaraxanlılarla əlaqələr qurub, qohumluq bağlarını və siyasi münasibətləri möhkəmləndirməklə kifayətlənmədi. 1065-ci ildə Ceyhun çayını keçib tədricən güclənən və Böyük İpək yoluna nəzarət uğrunda savaşa qalxan Qıpçaqların üstünə yeridi. Manqışlaq civarında onları məğlub edib, Aral gölünün şimalındakı türk obalarını iradəsinə tabe edərək babası Səlcuq bəyin diyarı Cəndi geri aldı.

Qafqazla bağlı məqsədlərinin başa çatmaması, yarımçıq qalması 1067-ci ildə Alp Arslanı bir daha Azərbaycan torpaqlarına istiqamətləndirdi. Araz çayını keçib Şirvan hakiminə üstünlüyünü qəbul etdirdi. Tiflisi alıb gürcülərə bir daha boyun əydirdi.

Şərqi Romanın Səlcuqlulara qarşı ən böyük müttəfiqi Fatimilər idi

Alp Arslanın Qafqaza yürüşlərindən sonra onun Anadolunun şərqindəki torpaqlara səfərləri tez-tez təkrarlandı. 1068-ci ildə imperator Roman Diogen bu yürüşləri dayandırmaq üçün səfərlər təşkil etdi. Şərqi Romanın Səlcuqlulara qarşı ən böyük müttəfiqi Fatimilər idi. Sultan Alp Arslan həm məzhəb, həm də siyasi səbəblərdən Fatimilərlə məsafə saxlayırdı. Suriya üzərinə yürüş etmək niyyətində olan Sultan xüsusi hücum taktikası ilə Anadolu üzərində hakimiyyətini gücləndirmək məqsədi ilə 1070-ci ildə Vanın şimalından Anadoluya daxil oldu. Malazgird qalasını fəth edib Mərvanilərin əlindəki Diyarbakıra yetdi. Bundan sonra yerli sülalənin əlində olan Hələbi mühasirəyə alıb, fəth etdi. Onun məqsədi Misirə varmaqdı. Belə bir həssas dönəmdə Şərqi Romalılar Əhlət, Ərciş və Malazgirti geri tələb etdilər. Roman Diogen də yeni bir Şərq səfəri üçün Konstantinopoldan ayrılmışdı. Xəbəri alan Alparslan əsgərlərinin bir hissəsini Hələbdə qoyub Əhlətə döndü.

Alp Arslanın süvariləri qısa zaman kəsiyində Malazgirt düzündə Şərqi Roma ordusunu məhv edib Roman Diogeni əsir aldı

Tarixi mənbələrə istinad edərək deyə bilərik ki, İmperatorun əsas məqsədi türkləri Anadoludan çıxarmaq idi. Bu səbəbdən də, Romalılar və Səlcuqlular 1071-ci ilin avqustunda Malazgirt düzündə qarşı-qarşıya gəldilər. Alp Arslanın süvariləri qısa zaman kəsiyində Şərqi Roma ordusunu məhv edib İmperatoru əsir aldılar. Bu tarixi zəfərdən sonra Şərqi Romanın hərbi gücü zəiflədi və türklərin Anadoluya köçünün önü açıldı.

Tarixi zəfərləri qüdrətli bəyləri, sərkərdələri ilə qazanan, Fətih dastanlarıma imza atan Alp Arslan bəylərinə Anadolunu bütünlüklə fəth etmələrini tövsiyə etdi. Aldıqları yerlərin onlara iqta olaraq veriləcəyini bildirdi. Onun bu tarixi qərarı bir çox türk bəylərinin axın etmək istəyini artırdı və onlarda ruh yüksəkliyi yaratdı. Bu səbəbdən də, Anadoluda qısa zaman kəsiyində onlarla Türk bəyliyi quruldu.

Toğrul bəyin sönən çırağı, Səlcuqluların şahini, uçan bürcü, qalası, tağı

Qaraxanlı hökmdarı Nəsir xan sərhəd boyunda Məlik Ayazla gərginlik yaşadığı kimi, Alp Arslanın qızı olan həyat yoldaşını tez-tez incidirdi. Bundan xəbər tutan Alp Arslan 1072-ci ilin payızında Mavəraünnəhrə dönür. Ceyhun çayını keçib qalaları alır və şəhərləri diz çökdürür. Aman diləmək üçün hüzuruna çıxarılan Qaraxanlı bəyi tərəfindən bir anda bıçaqlandı. Aldığı yara onu ayağa qalxa bilməyəcək hala gətirir. Roman Diogenin və bütün romalıların, Avropanın, Xristian dünyasının qorxulu röyasına dönən, bir anın içərisində dünyaya vida nəğməsi oxuyan Alp Arslan Nəshi əsgərləri tərəfindən Mərvə gətirilib atasının yanında torpağa verilir. Burada qazılan məzar sıradan bir məzar deyildi. Toğrul bəyin sönən çırağı, Səlcuqluların şahini, uçan bürcü, qalası, tağı idi.

Alp Arslan 9 il sürən səltənəti boyunca saysız-hesabsız fətih dastanlarına imza atıb Səlcuqlu İmperiyasının gücünə güc qatdı. Onun qüdrətli İmperiya kimi formalaşması üçün at üstündə şahə qalxdı. 1071-ci ildə baş tutan Malazgird savaşındakı qələbəsindən, Malazgird qalasının fəthindən sonra Roman Diogenin başının bəlası, Anadolunun qapılarını türklərin üzünə açan hökmdar, “fətihlərin atası” kimi tarixə düşdü.

Şərəf Cəlilli

Bənzər Xəbərlər

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri Ramin Quluzadə dövlətimizin başçısına və birinci xanıma görüləcək işlər

Ən son

GÜNDƏM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibə

GÜNDƏM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibə
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin