Milli mənəvi dəyərlər və milli dövlətçilik tariximizə adı qızıl hərflərlə həkk olunan Həsən bəy Zərdabini mili mətbuatın memarı, qaranlıqda yanan məşəl, zülmətdə doğan günəş, cəhalətdən qurtuluşun körpüsü, milli məfkurədən milli dövləçiliyə yol gələnlərin Lideri, Cümhuriyyət qurucularının baş ideoloqu adlandıranlar onun qüdrəti, əzəməti qarşısında bütün zamanlarda baş əyiblər.

“Şərqi xilas və tərəqqi etdirəcək insanlar Şərqin içərisindən çıxmalıdır!”
Mirzə Kazım bəy tək və yeganə türk – azərbaycanlı idi ki, əsərləri senzuradan kənar dərc olunur, Çar Rusiyasının bütün dairələrində icazəsiz qəbul olunurdu. Buna baxmayaraq onun Çar Nikolayın hüzurunda çıxışı isə quruluşun, zamanın üstünə yerimək, gəmidə oturub gəmiçi ilə savaşmaq deməkdi. Tarixi çıxışı zamanı Mirzə Kazım bəy Çarın gözünün içinə baxa-baxa Osmanlı tokatına bərabər bir cümlə işlətmişdi: “Şərqi xilas və tərəqqi etdirəcək insanlar Şərqin içərisindən çıxmalıdır!” Mirzə Kazım bəy Peterburq Universitetinin Şərqşünaslıq bölümünün qurucusu, eyni zamanda Dərbənd Şeyxül-islamının oğlu idi. O zamanlar Şərq deyiləndə həm də, Azərbaycan nəzərdə tutulurdu. I Pyotrun “Qafqazı parçala hökm sür, İstanbulu fəth et!” nidasının qarşısına bu cümlə ilə çıxmaq ölümü gözə almaqdı.

Milləti cəhalətdən qurtuluşa aparan bu qüdrətli şəxsiyyətlər millət qurucusu kimi tarixdə qaldılar
Mirzə Kazım bəyin bu tarixi nidası Mirzə Fətəli Axundzadə, Abbasqulu ağa Bakıxanov, Həsən bəy Zərdabi, Həbib bəy Mahmudbəyov, Hacı Zeynalabdin Tağıyev kimi dahiləri yetirdi. Milləti cəhalətdən qurtuluşa aparan bu qüdrətli şəxsiyyətlər təkcə əlifba islahatının, ilk tarix dərsliyinin, ilk milli mətbuatın, ilk teatrın, ilk kitabxana, qiraətxana və məktəblərin qurucusu deyil, həm də millət qurucusu kimi tarixdə qaldılar. Bu dörd müqəddəsliyi milli məfkurədən milli dövlətçiliyə körpü hesab edən bu dahilərin hər birinin fikir atası kimi Həsən bəy Zərdabinin, himayədar kimi Hacı Zeynalabdin Tağıyevin yeri başqa, bambaşqa oldu.

Həsən bəy Zərdabi : “Mən dünyaya türk, müsəlman olaraq gəlmişəm…”
Həsən bəy Zərdabidən və Həbib bəy Mahmudbəyovdan başqa adlarını sadaladıqıımız hər bir millət fədaisi çiynində çar çinləri, yaxalarında çar təltifləri daşısalar da, bu iki qüdrətli şəxsiyyət kimi Rus İmperiyasının üstünə yerimədilər. Çar cəlladlarını yola verdilər. Həsən bəy Zərdabinin Moskva Dövlət Universitetini bitirərkən aldığı tarixi qərar isə onun deyil, mənsub olduğu millətin taleyini dəyişdi. Universiteti qızıl medalla bitirən Zərdabi haqqında Böyük Elmi-Şura onun Universitetdə saxlanması haqqında qərar almışdı. Zərdabi minnətdarlıq kürsüsünə qalxdıqda “Mən dünyaya türk, müsəlman olaraq gəlmişəm. Bütün dinlərə hörmətim var. Xristianlığı qəbul edə bilmərəm. Bir də millətim qəflət yuxusunda ikən burada qala bilmərəm!” Zərdabi bu tarixi qərarı ilə təkcə Moskva Dövlət Univeristetinin professor titulundan imtina etməmişdi. Həm də, ilk məhəbbətindən ona tarix və fəlsəfədən mühazirə oxuyan sevimli müəllimi Solovyovun qızının sevgisindən dönmüş, millət qalan, qalan hər şey yalandı demişdi…

Zərdabi Bakıya döndükdən sonra öncə yalnız iki həmfikr tapdı
Zərdabi millətini cəhalətdən qoparmaq üçün Bakıya döndükdən sonra öncə yalnız iki həmfikir tapdı. Həbib bəy Mahmudbəyov və Hacı Zeynalabdin Tağıyevi. Bu müqəddəs üçlük ilklərə imza atdı. Məktəbin, teatrın, qiraətxananın, ilk milli mətbuatın təməli qoyuldu. 1875-ci ildə Şərqin ilk mətbu orqanı “Əkinçi” nəşrə başlayanda Tiflisdən Bakıya bir məktub gəldi. Mirzə Fətəli Axundzadənin ünvanladığı məktubda yazılırdı: “Həsən bəy, əgər bir nəfər də olsun yazı yazıb, oxuyan yoxdursa, qazeti kimin üçün çıxarırsan?” Zərdabi bu tarixi suala elə də bir tarixi cavab ünvanlamışdı. Özü də məktubla yox, tez çatsın deyə teleqramla. “Mirzə, bir nəfər yazıb oxuyanın, teatrın olmadığı yerdə Siz dram əsərlərini kimin üçün yazır, əlifba islahatını kimin üçün aparır, kimin üçün tərtib edirsiniz?” Zərdabinin bu qılıncdan kəskin sualından sonra “ Əkinçi” bağlanana qədər onun ən nüfuzlu yazarı Mirzə Fətəli Axundzadə oldu…

O böyük arzu “İstiqlal bəyannaməsi”nin qəbulu, ilk Demokratik Cümhuriyyətin qurulması, Versal Sülh Konfransında tanınması ilə nəticələndi
Şərqin zülmətdə doğan günəşinə, ilk ayinəsinə çevrilən “Əkinçi” su daşı “mürur ilə əridən kimi”, “ Kürü ahı ilə qurutdu, salı yandırdı”. “Əkinçi”nin çatdığı ilk tonqalın şöləsi öləziyib azalmadı. Onun möhrəsinin, müqəddəs təməlinin üstündən “Kaspi”, “Fiyüzat”, “Həyat”, “İrşad”, “İrani-no”, “Hümmət”, “Tərəqqi”, “Molla Nəsrəddin” kimi sütunlar hörüldü. Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Əlimərdan bəy Topçubaşov, Məhəmməd Əmin Rəsulzadə, Cəlil Məmmədquluzadə, Ceyhun bəy Hacıbəyli, Üzeyr bəy, Nəriman Nərimanov kimi dahilərin “Qələmi ilə Sözə ehya kimi” baxan millətin milli məfkurədən milli dövlətçiliyə uzanan yolunun körpüsü salındı. Bu Hacı Zeynalabdin Tağıyevin, Həsən bəy Zərdabinin gerçəyə çevrilən arzusu idi. O böyük arzu “İstiqlal bəyannaməsi”nin qəbulu, ilk Demokratik Cümhuriyyətin qurulması, Versal Sülh Konfransında tanınması ilə nəticələndi…

Bu iki qüdrətli şəxsiyyət əl-ələ verib, millət qurucusu kimi tarix yaratdılar
İkinci Dünya Müharibəsinin ən dəhşətli illərində Dağıstanın xilaskarı kimi dağlar diyarına gələn Birinci katib Əziz Məmmədkərim oğlu Əliyevin xilaskarlıq missiyasını nəzərə alan dağlılar, onun ünvanına iki tarixi kəlam işlətdilər: “Onun biri və birincisi Qurucu Əziz!”, ikincisi isə “Dağıstanın dar günündə ağır zamanlarında Əziz Əliyev bir Çıraq kimi yandı, Peyğəmbər kimi göründü!” kəlamları idi. Hər iki kəlamı tərəddüd etmədən Hacı Zeynalabdin Tağıyevin və Həsən bəy Zərdabinin ünvanına işlətmək olar. Bu iki qüdrətli şəxsiyyət əl-ələ verib, millət qurucusu kimi tarix yaratdılar. O tarixin yaddaşına adlarını Çıraq və Peyğəmbər kimi həkk etdilər…

Həsən bəy Zərdabi “Əkinçi” ilə Şərqin yaddaş şırımlarına müqəddəs bir toxum əkdi
151 il öncə millətin yanan Çırağına, milli məfkurənin zülmətdə doğan Günəşinə, Tanrının Kəlam və Qələm müqəddəsliyinin Peyğəmbərinə dönən Həsən bəy Zərdabi “Əkinçi” ilə Turanın, türk dünyasının, Odlar Yurdu Azərbaycanın, Tanrının köç eylədiyi Şərqin yaddaş şırımlarına müqəddəs bir toxum əkdi. Üstündən illər, on illər ötməsinə baxmayaraq geni dəyişməyən, dəyişdirilə bilməyən bir toxum. Bolşevik Rusiyasının qılıncının dalının, qabağının kəsdiyi dövrlərdə belə işıq üzü görən “Yeni yol”, “Gənc işçi”, “Kommunist”, “Vışka”, “Bakraboçiy”, “Azərbaycan gəncləri”, “Ədəbiyyat və incəsənət”, “Bakı” və “Baku” kimi qazetlər belə quruluşun, zamanın diktəsinə baxmayaraq Böyük Ustadın Ruhunu başlarının üstündə gördülər. Ağababa Rzayev, Nəsir İmanquliyev, Rəsul Rza, Seyfəddin Abbasov, İsrafil Nəzərov, Mailə Muradxanlı, Tofiq Rüstəmov, Şamil Şahməmmədov, Dağbəyi İsmayılov, Ağahüseyn Hüseynov kimi qüdrətli qələm sahibləri və mühərrirlər Zərdabi bulağından süzülən şərbət camını yetirmələrinə payladılar.

Ulu Öndərin qərarı ilə mətbuat üzərindən senzuranın götürülməsi yeni bir eranın əsasını qoydu
“Vicdan yaradıcı adamın qələminin ucundadır!” nidası ilə söz mülkündə hökmran olan Nəcəf Nəcəfov, Sabir Rüstəmxanlı, Babək Hüseynoğlu, Mahal İsmayıloğlu, Rəşad Məcid, Elçin Şıxlı, Əflatun Amaşov kimi qələm sahibləri “Azadlıq”, “Azərbaycan” ,“Aydınlıq”, “525-ci Qəzet”, “Ayna”, “Kommunist” qazetinin yeni versiyası olan “Xalq” qəzetinin memarı kimi Sovet mətbuatı ilə müasir jurnalistikanın arasında körpüyə çevrildilər. Milli Müstəqilliyin əldə etdiyi nailiyyətlər ölkəmizdə yeni tipli mətbu orqanların və qurumların təməlinin qoyulması, Ulu Öndər Heydər Əliyevin iradəsi ilə mətbuat üzərindən senzuranın götürülməsi media və kommunikasiya sistemində yeni bir eranın əsasını qoydu. Bütün həyatını milli mətbuatın və kütləvi informasiya vasitələrinin inkişafına həsr edən qələm sahiblərinin dövlətin himayəsinə alınması, onların məişət qayğılarının azaldılması ötən əsrin əvvəlində “Əkinçi”ni qurmaq üçün Bakı əsilzadələrinin, mesenat və neftxudaların qapısını qarış-qarış gəzən, şəhərdə mülkü malikanəsi olmasa belə milli məfkurənin yaddaş salnaməsində “Əkinçi” adında bir mülk, malikanə ucaldan Zərdabinin istəyinin gerçəkləşməsi, ruhunun şad edilməsi kimi müqəddəs bir məqamdır.
Bu gün ölkəmizdə Mətbuat Şurasının, Medianın İnkişafı Agentliyinin, Milli Teleradio Şurasının mövcudluğu, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın rəhbərliyi ilə Rəqəmsal Şuranın fəaliyyətə başlaması dediklərimizə əyani sübutdur.

Prezident İlham Əliyevin iradəsi ilə Şuşa dünyanın Media Platformasına çevrilib
151 il bundan öncə Şərqin ilk mətbu orqanı “Əkinçi” fəaliyyətə başlayanda dünya bina olanda olduğu kimi təkcə Söz vardı! Zərdabi onu milli məfkurədən milli dövlətçiliyə körpü etdi. Cümhuriyyət qurucularının dili ilə “Bir kərə yüksələn bayraq bir daha enməz!” dedi. 105 ildir bir millət olmuşlara, olanlara baxmayaraq müstəqildir, azaddır, “Dildə, fikirdə, işdə birlik!” nidası ilə öz müqəddəratını özü həll edir. Üstəlik 30 ilin işğalından, intizarından sonra Prezident İlham Əliyevin iradəsi ilə Şuşa qalasını dünyanın Media Platformasına çevirir.

“Bizim iki evimiz, iki ailəmiz var…”
Bu gün Azərbaycan təkcə media və kommunikasiya vasitələrinin deyil, həm də Batı ilə Doğunun, Avropa ilə Asiyanın kəsişdiyi, problemlərinin çözüldüyü ünvana, mərkəzə çevrilib. Rəqəmsal medianın bütün imkanlarından istifadə olunaraq cərayən edən hadisələrin, müzakirə olunan məsələlərin dünyaya çatdırılmasında da ölkəmizin və fəaliyyət göstərdiyimiz “Bakı-baku.az” saytının öz yeri, dəsti-xətti var. “Bakı” və “Baku” qazetlərinin 68 illik ənənəsinə söykənən informasiya məkanı olaraq fəaliyyət göstərməyin nə böyük şərəf, səadət, uğur olduğunu isə nəşrin qurucusu professor Nəsir İmanquliyevin dili ilə desək, iş yerinə deyil, ailəsinə tələsən insanlar bilir. “Bizim iki evimiz, iki ailəmiz var: Biri Bakı Şəhər İcra Hakimiyyətinin müdrik ziyalılardan ibarət kollektivi, digəri isə öz ailəmizdir. Hər ikisi bizə doğmadır, əzizdir”. Onu bizə miras qoyanların ruhu şad, yaşadanları yolu açıq olsun!
Şərəf Cəlilli