Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/21/2026

Paylaşın

TARİXİMİZ

Qaraxanlılar – Balxaş gölündən başlayıb Hindiquş dağlarında bitən türk dövləti

001-5

I yazı

Qaşqarda ilk türk – müsəlman dövlətinin təməlini qoyan, İslamı bir din olaraq qəbul etdirən, adı Cəbrail əleyhissəlam tərəfindən çəkilən Satuk Buğra xanın diyarı

Milli dövlətçilik tariximizdə mühüm mərhələ olan, Balxaş gölündən başlayıb, Hindiquş dağlarına qədər uzanan, bozqırların hilalına çevrilən, xilafət istilasının hökm sürdüyü illərdə ərəb mədəniyyəti yerinə türk dil və mədəniyyətinə, qan yaddaşına üstünlük verən, tarixə islamı bir din olaraq ilk qəbul edən türk – islam dövləti kimi yazılan Qaraxanlılar İmperiyasının hökmdar sülaləsi Türgi xanlarının soyuna bağlı idi. Ərəb xilafətinin zəifləməsi ilə çiçəklənən, Qaşqar, Balasaqun, Ürgənc kimi qüdrətli paytaxtları ilə dünyaya səs salan Qaraxanlılar İmperiyası Şərqi və Qərbi Qaraxanlılar dövlətlərinə bölünəndə belə Aşina boyuna bağlı olan müqəddəsliklərini qorumuş, əsgi dövlətçilik ənənələrini, milli-mənəvi dəyərlərini yaşatmışdır.

Tarixi mənbələr sübut edir ki, Qaraxanlılar İmperiyasının ərazisində “IX əsrdə Şərqi Türküstan, Yeddisu və Tyanşan dağlarının şimal ətəklərində Aşina türk soyuna mənsub olan türkdilli qarluqlar yaşayırdılar. Şərqi Qaraxanlılar dövlətinə Şaş, yaxud Çaç, indiki Daşkənd, onun şərqində Talas, şimalında İsficab, yəni Çimkənd, Yeddisu bölgəsi, Fərqanə vadisinin böyük bir qismi, Qaragölə tökülən Qaşğar çayı üzərindəki Ordukənd – Qaşqar, Yarkənd, İssık-Kulun qərbindən axan Çu çayının üzərində yerləşən Kuz-Ordu, yaxud Balasaqun, onun yaxınlığındakı Qara-Ordu, Balxaş gölünə tökülən İli çayının sahilindəki Almalıq, Cunqariya bozqırları, Alagöl gölü, İrtış çayı, Təkləməkan səhrası, Xotən şəhəri, Hindiquş və Qaraqorum dağları arasındakı Gilgit şəhəri daxil idi.”

İstanbulun Nuri – Osmaniyyə Kitabxanasında qorunan bəlgələrdə Hakaniyyə dövləti olaraq da xatırlanır

Uyğur xaqanlığının yıxılmasından sonra qarluq, yama, tuxsi və çiğil türk boyları tərəfindən qurulan Qaraxanlı dövlətinin ilk hökmdarı Bilgəkül Qədir xan idi. Bu qüdrətli dövlət xadimi 840–cı ildən 880-ci illərə qədər imperiyaya hökmdarlıq etmişdir. Şəcərə dəftəri ilə Əfrasiyab soyuna bağlı olan Qaraxanlı hökmdarlarının milli kimlik və milli mənlik tariximizdə mühüm yeri və rolu vardır. Tarixi mənbələr sübut edir ki, dövlətin təməli qoyulanda məhz Qaraxanlılar adı ilə tanınmışdır. Bəzi mənbələrdə İlikxanlar, Elxaniyyə və Al-i Əfrasiyab deyə tanınan Qaraxanlılar İmperiyası qədim əlyazmalarında, tarixi risalələrdə, Osmanlı tarixçilərinin əsərlərində Türküstan xanları, qərb tarixçiləri tərəfindən isə Türküstan Uyğur xanları deyə bəhs edilir. İstanbulun Nuri – Osmaniyyə Kitabxanasında qorunan bəlgələrdə Hakaniyyə dövləti olaraq da xatırlanır.

Qaraxanlılar İmperiyasının ilk paytaxtı, mərkəzi Balasaqun şəhəri olub

Tarixi mənbələrə istinad edərək deyə bilərik ki, Qaraxanlıların İmperiyasının qurulduğu illərdə Xorasan bölgəsində Samanilər dövləti mövcud idi. Bilgəkül Qədir xanın Qaraxanlıların quruluş illərində bu dövlətlə müharibələr apardığı da əldə olunan məlumatlar sırasındadır. Tarixi faktlar sübut edir ki, Qaraxanlılar İmperiyasının ilk paytaxtı, mərkəzi Balasaqun şəhəri olmuşdur. Tarix səhnəsinə qüdrətli dövlət olaraq qədəm qoyan Qaraxanlılar İslamı bir din olaraq qəbul etsələr də, türk törəsindən və adətlərindən, yazı mədəniyyətindən, türkçənin Türküstana xas ağzından, ləhçəsindən qopmamışlar.

Tarixi mənbələr onu da sübut edir ki, Bilgəkül Qədir xanın 40 illik səltənətindən sonra İmperiyaya Oğulcaq xan və Arslan xan kimi qüdrətli xaqanlar başçılıq etmişlər. Buğra xan Qaraxanlının zamanında – 893-cü ildə dövlətin paytaxtı Qaşqar şəhərinə dəyişilmişdir. Bilgəkül Qədir xan dünyaya vida nəğməsi oxuduqdan sonra Qaraxanlılarla Samanilər arasında uzun müddətli savaşlar başlamış, üstəlik Samanilərin təsiri ilə Satuk Buğra xan İslamı qəbul etmişdir.

“Müsəlman ol ki, dünya və axirətdə əbədi səadətə çatasan”

“Qaraxanlı İmperiyasının ən önəmli hökmdarlarından olan Əbdülkərim Satuk Buğra xanın müsəlman olması bu şəkildə izah edilir: Samanoğulları dövləti şahzadələri arasında iki tirəlik yaranmış və bunlardan Nəsir İbn Əhməd Qaraxanlı ölkəsinə sığınmışdır. Satuk Buğra Samanoğlu şahzadəsi ilə tanışlıqdan somra İslam dinini ondan öyrənib hələ 12 yaşında müsəlman olmuşdu. Müsəlman olduqdan sonra Əbdülkərim ismini almışdı. Əbdülkərim Satuk Buğra xanın müsəlman olması hadisəsini İbn əl-Əsir belə izah edir: “Satuk Buğra xan bir gecə yuxusunda göydən bir insanın endiyini görür. Gələn bu kişi ona Türk lisanı ilə “Müsəlman ol ki, dünya və axirətdə əbədi səadətə çatasan” deyir. O da yuxusunda müsəlman olub, səhər açıldıqda İslamı bir din olaraq seçdiyini bütün xalqına bəyan edir.” Əbdülkərim Satuk Buğra xanın dastanlara mövzu olan hekayəsi isə belədir:

İslam peyğəmbəri Həzrəti Məhəmməd meraca çıxan zaman dünyada gəlmiş-keçmiş bütün peyğəmbərləri görmüş, lakin birini tanımamış və Cəbrail əleyhissalama onun kim olduğunu soruşmuşdur. Cəbrail əleyhissalam Həzrəti Məhəmmədə belə demişdir: “Bu peyğəmbər deyildir, bu ölümünüzdən üç əsr sonra dünyaya enəcək olan bir ruhdur. Türküstanda İslam dinini yayacaq olan bu ruh Əbdülkərim Satuk Buğra xan adını alacaqdır”. Əbdülkərim Satuk Buğra xanın doğulduğu gün zəlzələ olduğu və qış olduğu halda ağacların meyvə verdiyi söylənilir.”

Qaraxanlı hökmdarı müsəlmanlardan aldığı dəstəklə Balasaqun savaşını qazanmış, Türküstanın əsas hökmdarına çevrilmişdi

Əldə olunan məlumatlardan bəlli olur ki, Satuk Buğra xan Qaraxanlı taxtında oturmaq üçün əmisini öldürdükdən sonra İmperiyaya təkbaşına hökm etmiş, öncə sarayda, sonra dövlət içərisində İslamı yaymaq üçün əlindən gələni əsirgəməmişdir. Hakimiyyətinin ilk illərində dövlətin şərq qismində yer alan Bazır Arslan xan ona müharibə elan etmiş və Çindən aldığı dəstəklə Satuk Buğra xanın üstünə yerimişdir. Qaraxanlı hökmdarı isə müsəlmanlardan aldığı dəstəklə Balasaqun savaşını qazanmış, Türküstanın əsas hökmdarına çevrilmişdir. Bununla da Qaraxanlı ölkəsi İslam dinini bütünlüklə qəbul etmişdir. Əldə olunan digər məlumatlardan o da bəlli olur ki, Əbdülkərim Satuk Buğra xan 924-955 – ci illər arasında İmperiyanın başında durmuş, 52 yaşında dünyaya vida nəğməsi oxumuşdur. Türklərin İslama gəlişinin əsasını qoyan Satuk Buğra xan Abbasi xəlifəsi Nəsir ibn Əhmədin dövründə Qaraxanlılar İmperiyasının müsəlman-türk dövlətinə çevrilməsinə nail olmuşdur. Onun oğlu Musa xanın hökmdarlığı dövründə Qaraxanlı İmperiyasının əsas yörələri İslamı bir din olaraq qəbul etmiş, eyni zamanda onların sırasından ayrı-ayrı ölkələrə göndərilmək üçün islam təlimçiləri yetişdirilmişdir.

Arslan Yabqunun adı türk dövlətçilik tarixində qüdrətli sərkərdə kimi xatırlanır

İslamın himayədarı qismində çıxış edən “Qaraxanlılar bu ərəfədə Samani dövləti ilə ixtilaflı vəziyyətdə olduqları üçün onun tərkibində mövcud olan Qəznəlilərin gücünün artmasına kömək etmiş, hətta hökmdar ailələri arasında qohumluq münasibətlərinin təməli qoyulmuşdur. 999-cu ildə Samanilər dövləti yıxıldıqdan sonra Qəznəli Mahmud tərəfindən yeni bir türk – Qəznəlilər dövləti qurulmuşdur. Qaraxanlılarla Qəznəli dövləti arasında Ceyhun çayı sərhəd olaraq qəbul edilmişdir”. Əldə olunan məlumatlardan o da bəlli olur ki, 1003-cü ildə artıq Qaraxanlılar dövlətini maraqlandıran məsələlərin müzakirəsində Səlcuq Qazinin oğlu, Toğrul bəy və Çağrı bəyin əmisi, Qutalmış xanın atası Arslan Yabqunun nəvəsi Süleyman şah da iştirak etmiş, illər sonra o, Anadolu Səlcuqlu İmperiyasını qurmuş, milli dövlətçilik tariximizdə yeni səhifə açmışdır.

Bu səbəbdən də Arslan Yabqunun adı türk dövlətçilik tarixində mühüm rol oynayan sərkərdə kimi qeyd olunmuşdur. Təkcə Satuk Buğra xanın nəvəsi kimi deyil, həm də Yusif Qədir xan Qaraxanlının taxtını möhkəmləndirən sərkərdə kimi mühüm qələbələrə imza atmışdır. İslamın Şərqdə yayılması üçün mühüm rol oynayan Qaraxanlı hökmdarları eyni zamanda qərbdə də Səlcuqlu Qəznəlilərlə mübarizə aparmış, 1025-ci ildə Yusif Qədir xan Qəznəli Mahmudla müqavilə bağlayaraq Səlcuqlu oğullarından Arslan Yabqunu yaxalayaraq əsir etmişdir. Arslan Yabqunun taxtına keçən Çağrı bəy və Tuğrul bəy 1040-cı ildə Dəndənəkan Savaşında Qəznəliləri məğlub etmiş və Qəznəlilərin yerində Xorasanda Böyük Səlcuqlu İmperiyasını quraraq Qaraxanlılara qonşu olmuşdular.

Şərəf Cəlilli

Bənzər Xəbərlər

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Qaşqarda ilk türk – müsəlman dövlətinin təməlini qoyan, İslamı bir din olaraq qəbul etdirən, adı Cəbrail əleyhissəlam tərəfindən

Ən son

GÜNDƏM

Azərbaycan Kamandan Oxatma Federasiyasının təşkilatçılığı ilə jurnalistlər arasında ilk dəfə 22 İyul – Milli Mətbuat

GÜNDƏM

Azərbaycan Kamandan Oxatma Federasiyasının təşkilatçılığı ilə jurnalistlər arasında ilk dəfə 22 İyul – Milli Mətbuat
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin